Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anım gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ulu Öndərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Xalq artisti Samir Cəfərovun ifasında Tofiq Quliyevin “Sənə də qalmaz”, Vaqif Gərayzadənin “Fantaziya”, Qəmbər Hüseynlinin “Ay işığında”, Aqşin Əlizadənin “Ana torpaq” əsərləri səsləndirilib.
Əməkdar artist Xəyyam Məmmədov “Elegiya-Rekviyem”, bədii rəhbəri Xalq artisti Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellası “Məşəl kimi yanan ürək” əsərlərini ifa ediblər.
Həmçinin Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı, Azərbaycan Xalq mahnısı “Gözəlim sənsən” kimi musiqi nömrələri dinləyicilərdə xoş ovqat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)