“Solfecio dərs vəsaitləri” Azərbaycanın musiqi təhsilində bir ilkdir” - MÜSAHİBƏ Featured

İradə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

İradə Allahverdiyevanın budəfəki qonağı musiqi sahəsində öz imzası ilə seçilən Lamiyə İlyasqızıdır.

 

-Salam, Lamiya xanım. Necəsiniz? Əgər mümkünsə, sizin haqqınızda daha ətraflı bilmək olarmı?

 

– Salam. Yaxşı olasınız. Mən Lamiyə İlyasqızı Azərbaycanın ən səfalı guşəsi olan Naxçıvanda anadan olmuşam. Hansı ki, bir çox dahilərin doğulub, boya-başa çatdığı - Azərbaycan Respublikasına böyük töhfələr bəxş etmiş, tarixə öz adını böyük siyasi xadim kimi yazdırmış  Ulu öndərimiz Heydər Əliyevin, ədəbiyyat və incəsənət xadimlərindən C. Məmmədquluzadənin, Ə. Qəmküsarın, Ə.Cavadın, M.Nəsirbəyovun, R.Mirişlinin və digərlərinin vətənində 1974-cü ildə anadan olmuşam. Daha dəqiqi - 

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində ziyalı ailəsində anadan olmuşam. Mənim atam İlyas Fərəməzoğlu Naxçıvan Şairlər Birliyinin üzvü olmuş, beş şeir kitabının müəllifi olan ziyalı bir insan idi. Əslində, mənim indiki nailiyyətlərimi atama borcluyam. 

1990-cı ildə Üzeyir Hacıbəyli adına Musiqi Texnikumuna daxil olaraq musiqi sahəsindəki təhsilimi 1994-cü ildə musiqi nəzəriyyəsi üzrə başa vurmuşam. Tələbəlik illərində məni mənəvi olaraq dəstəkləyən və mənə çox böyük təsir edən müəllimim, Azərbaycan musiqi aləminin tanınmış siması Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar, tarzən və pedaqoq Vasif Kərim oğlu Allahverdiyev olub. O, mənim musiqiyə olan marağımı artıran və təhsil həyatımda uğur qazanmağımda ən önəmli dəstəkçi olmuşdur. Vasif müəllim həmçinin mənim fəaliyyətimdəki ən önəmli rəhbərlərdən biridir.

O vaxtdan etibarən musiqi təhsilində uğurla irəlilədim və bu sahədə özümü inkişaf etdirdim. Hal-hazırda Polşada “İnternational Science and Technology University”ində Psixologiya fakültəsində təhsil almaqdayam.

 

-Fəaliyyətiniz haqda bilmək istərdik, əgər mümkünsə…

 

– Mənim fəaliyyətim musiqi təhsili və nəzəriyyəsi ilə bağlıdır. 1991-ci ildən etibarən Çərçibogan kənd uşaq musiqi məktəbində, 1994-cü ildən isə Bəhruz Kəngərli adına Uşaq İncəsənət Musiqi Məktəbində müəllim kimi və nəzəri fənlər üzrə 30 ildən artıqdır ki, şöbə müdiri olaraq fəaliyyət göstərirəm. Bu sahədə yazılmış altı kitabın müəllifiyəm. Bu günə qədər musiqi təhsilinə verdiyim töhfələrə görə çox məmnunam. Hər bir kitabda musiqi nəzəriyyəsinin əsas mövzularını sadə dillə izah etməyə və tələbələrin öyrəndiklərini praktiki olaraq tətbiq etmələri üçün müxtəlif tapşırıqlar və testlər təqdim etməyə çalışmışam. Mənim məqsədim, musiqi təhsilini daha əlçatan və daha anlaşılan etməklə yanaşı, musiqi tədrisindəki boşluqları dolduraraq, tələbələrə daha interaktiv və praktik şəkildə bilikləri mənimsətmək olub.

 

-Kitablarınız haqqında məlumat verə bilərsinizmi?

 

–Əlbəttə. Mənim yazdığım “Solfecio dərs vəsaitləri” Azərbaycanın musiqi təhsilində ilk dəfə bu formatda yazılmış dərs vəsaitləridir. 2020-ci ildən 2022-ci ilə qədər yazdığım “Solfecio I sinif dərs vəsaiti”, “Solfeçio II sinif dərs vəsaiti”, “Solfecio III sinif dərs vəsaiti” və “Solfecio IV-V sinif dərs vəsaiti” kitablarında yalnız nəzəri biliklərlə yanaşı tapşırıqlar və testlər də mövcuddur ki, bu da tələbələrə biliklərini praktiki şəkildə tətbiq etməyə imkan verir.

Həmçinin, XX əsrin 80-dən çox Azərbaycan bəstəkarının həyat və yaradıcılığını əks etdirən “1001 sual test bankı” adlı kitabımı və 2023-cü ildə nəşr olunmuş “Test bankı 2023” əsərimi qeyd edə bilərəm. Bu kitablar Azərbaycan folkloru, mədəniyyəti və xalq yaradıcılığına dair testləri əhatə edir. 

 

-Gələcək planlarınız nədir?

 

-Gələcəkdə musiqi təhsilini daha da irəlilətmək və yeni dərs vəsaitləri  yazmaq istəyirəm. Təhsil sahəsində daha çox yenilikçi metodların tətbiqi və müasir dünya təhsil standartlarına uyğun dərsliklərin hazırlanması mənim əsas məqsədimdir. Həmçinin Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması, Azərbaycanın musiqi təhsilinin daha geniş auditoriyaya çatdırılması üçün çalışmaq istəyirəm. Bu istiqamətdə müxtəlif layihələr üzərində işləmək niyyətindəyəm.

 

-Sizə uğurlar!

 

“Ədəbiyyat və incəsənət”

(10.12.20304)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.