“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirilib Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

 

Qədim diyar Beyləqanda milli-mənəvi irsin təbliği, mədəniyyətin önəm daşıması faktoru daim duyulandır, gözə gələndir. 

 

26 noyabr 2024-cü il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının zəngin mədəni irsini təbliğ etmək məqsədilə yaradılan “Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi. 

Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyi, Xalq rəssamı Arif Hüseynov və digər incəsənət xadimləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbirdə iştirakçılara, “Sandıq” Milli Geyimlər Studiyasının fəaliyyəti barədə geniş məlumat verildi. Slayd təqdimatında studiyanın məqsədlərindən, fəaliyyət sahələrindən və xidmətlərindən bəhs edildi. Burada həmçinin, milli geyimlərin peşəkar dizaynerlər tərəfindən hazırlanacağı, əl işi naxışlarla bəzədiləcəyi və bu geyimlərin müxtəlif tədbirlər üçün istifadə olunacağı qeyd edildi. 

Eyni zamanda bildirildi ki, “Sandıq” Milli Geyimlər Studiyası milli geyim ənənələrimizin qorunması, yaşadılması və təbliği istiqamətində müasir tələblərə uyğun bir mərkəz kimi fəaliyyət göstərəcək. Studiya həm tarixi milli geyimlərin istehsalı və icarəsini təmin edəcək, həm də region əhalisinin milli geyimlərə olan tələbatını qarşılayacaq.

Daha sonra qonaqlar studiyada tarixi ənənələrimizi əks etdirən əlvan naxışlarla bəzədilmiş milli geyim nümunələri ilə tanış oldular.

Tədbir rəsmi çıxışlarla davam etdi. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq rəssamı Arif Hüseynov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, belə bir mərkəzin yaradılmasının Azərbaycan xalqının tarixi-mədəni yaşam təcrübəsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğuladılar. Çıxışlarda qeyd olundu ki, qloballaşmanın mədəni ənənələri sıxışdırdığı müasir dövrdə bu cür təşəbbüslər milli dəyərlərimizin yaşadılmasında vacib rol oynayır.

Tədbir çərçivəsində iştirakçılara çay-kofe fasiləsi təqdim olundu, tar və kamança müşayiətində milli musiqilər səsləndirildi.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək “Sandıq” Milli Geyimlər Studiyasının yaradılmasında dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirdi. O, studiyanın milli geyim ənənələrinin yaşadılması və inkişaf etdirilməsində yeni imkanlar açacağına əminliyini ifadə etdi.

Tədbir Azərbaycanın mədəni irsinə dəyər verən bütün iştirakçıların alqışları və yüksək qiymətləndirməsi ilə yekunlaşdı. 

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.