“Mələklərlə rəqs” - Maestro Niyazinin unudulmaz xatirəsinə Featured

Əlisəfdər HÜSEYNOV, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 

...Əvvəlcə göy guruldadı - elə bil səma sahibi nəyəsə əsəbləşib möhkəm hayqırdı... Ardınca şimşək çaxdı və elə bir yağış başladı ki, maestro hələ belə yağış görməmişdi...

 

Gecə keçirdi...

Yağış qəribə bir ahənglə şırıldayır və bu şırıltı gecənin əsəblərinə biz kimi sancılıb onu dincəlməyə, çimir eləməyə qoymurdu. Elə bil dünya nə əvvəli olan, nə də sonu görünən  bu şırıltı ilə bir yerdə doğulmuşdu, bu şırıltı heç vaxt kəsilməyəcəkdi.

Pəncərəyə yaxınlaşıb onun bir tayını açdı və bayaq küçədən səsi bir az boğuq gələn şırıltı nəm qoxuyan hava ilə bir yerdə dərhal otağa təşrif buyurdu, divarlara dəyib sükutun fonunda səsini bir az qaldırdı və daha aydın dildə öz sözsüz nəğməsini oxumağa davam etdi.

Maestroya çoxdan "səslərin dilini bilən sehrbaz" deyirdilər. Hərçənd bu boyda şişirtmə heç də onun ürəyincə deyildi, yeri düşəndə bunu gizlətmirdi də. Amma bir dəfə yaxın dostlardan biri onun bu etirazını tutarlı dəlillə boykot elədi: "Bura bax, əziz dost, sən dirijorluq edəndə əllərinin, barmaqlarının qeyri-adi hərəkətləri ilə zalda əyləşənləri lap nağıllardakı kimi daşa döndərirsən. Hələ yaxşı ki, sənin üzünü görmürlər. Yoxsa orkestri unudub çalınan musiqini elə sənin üzündən, gözlərindən, jestlərindən oxuyarlar. Bu, sehrbazlıq deyil, bəs nədir?"

Doğrudan da, pultun arxasında dayanıb orkestri idarə edəndə o, səslərlə dialoqa girməyi  bacarırdı - gah gözəl və ağıllı səsləri havada tutub başlarını sığallayır, cığal, sözəbaxmayan səslərə barmaq silkələməyir, yeri gələndə onları cəzalandırıb məclisdən qovur, gah da ram olmaq istəməyən dikbaş səslərlə cəngə çıxır, onlara düz yolu göstərirdi, hətta  bəzən hirslə hansınınsa "qulağından" tutub qarşısına - partituranın üstünə atırdı ki, dərsini versin. Belə anlarda o, özünü yerdə - pultun arxasında yox, hardasa məchul bir boşluqda hiss edirdi və o boşluqda həmin o jestləri onun öz iradəsi, istəyi yox, hardansa gəlib vücuduna dolan, ardınca da ruhuna hopan qeyri-adi bir qüvvə idarə edirdi. Pultun arxasından düşəndən sonra ondan soruşsaydılar ki, maestro, niyə filan yerdə məhz filan jesti etdiniz, o, qətiyyən cavab verə bilməzdi, çaşıb qalardı.

Açıq pəncərədən çölə baxa-baxa, yağışın nəğməsini dinləyə-dinləyə qəfildən bu səslərlə də söhbət etməyə, onların dil tapmağa, bu səslərin musiqi obrazlarını əllərinin, barmaqlarının hərəkəti ilə rəsm etməyə qeyri-adi bir istək duydu, hətta hər səsə, hənirə qeyri-ixtiyari reaksiya verən barmaqları öz-özünə açılıb yumuldu, qəribə titrəyişlərlə havada qırıq-qırıq qövs cızdı. Amma tez də anladı ki, o, heç vaxt bu səslərin, bu şırıltının dilini öyrənə bilməyəcək, yağışın nə dediyi təzə açılan çiçəyin gülüşü, sevinci, küləyin hirsli monoloqu, dalğaların rəqsi, ləpələrin pıçıltısı və ən başlıcası, sükutun səsi kimi bir sirr olaraq qalacaq, çünki bu səslər hansısa naməlum bir məkandan gəlirdi, hansısa sehrli bir qüvvə tərəfindən idarə olunurdu.

 

"Sükut səssizlikdən yaranır, ancaq Sükutun səsindən qulağım batır..."

 

Nə vaxtsa oxuduğu bir şeirdən yaddaşına hopmuş bu misraları xatırladı və məhz bu gecənin səssizliyində, yağışın nəğməsini dinləyə-dinləyə qəfildən kəşf etdi ki, bu dünya Tanrının yaratdığı "Həyat" adlı bir simfoniyadır və bu simfoniyanı da idarə edən elə onu yaradanın - yəni Tanrının özüdür.

Bəs ünlü bəstəçilərin zaman-zaman yaratdıqları simfoniyalar? Əslində bu simfoniyalar da heç o bəstəkarların öz düşüncələrinin məhsulu deyil, - maestro fikirləşdi. -  Çünki onlar ağlın, düşüncənin, təcrübədən alınan biliyin yox, hisslərin, intuitiv yaşantıların dedikləri idi. Maestronun buna tam əminliyi vardı, "Rast"ı yazanda  yaşadıqları bu əminliyə tam zəmanət verirdi. Hisslərin, duyğuların məzmununu isə sözlərlə, cümlələrlə ifadə etmək mümkün deyildi. Bir şey ki, şüurdan kənardadır, sən onun dediklərini şüurun köməyi ilə necə ifadə edə bilərsən axı? Deməli, dürlü-dürlü melodiyalar naməlum bir məkandan - deyək ki, kosmosdan - gələn siqnallar, kodlardır və fəzada dolaşan bu səs-kodları yalnız Tanrının seçdiyi xüsusi adamlar eşidirdilər - Tanrı onlara bu qabiliyyəti ona görə verib  ki, həmin səslərin gözəlliyindən, bu melodiyalardakı ilahi harmoniyadan məhz onların vasitəçiliyi ilə hamının xəbəri olsun.

Yağış indi daha şiddətlə yağırdı...

O, pəncərəni örtdü, bilirdi ki, Həcər gec-tez otağın havasındakı dəyişikliyi hiss edib yuxudan oyanacaq, onu açıq pəncərənin qarşısında görüb hirslənəcək, "Açıq pəncərənin qarşısında dayanmaq sənin harana yaraşır, ay Niyazi?" - deyib onu yaxşıca danlayacaq. O isə bunu istəmirdi. İstəmirdi ki, gecənin bu vədəsində Həcərin əhvalı pozulsun, ərinin növbəti şıltaqlığının mümkün fəsadları barədə fikirləşə-fikirləşə gecəni ayaq üstə yola salsın. Birgə yaşadıqları bu uzun illər ərzində Həcərin keçirdiyi sarsıntılar, həyəcanlar, düşünülməmiş uşaq hərəkətləri ilə onun başına açdığı oyunlar bəs deyildimi?

Maestro pəncərənin tərləmiş şüşəsini silib çölə baxdı - yağış elektrik fənərinin işığında boz rəngli qalın saplar kimi göydən sallanıb gecənin bağrını sökməyində idi və nədənsə bu dəfə yağışın şırıltısı ona gecənin iniltisi, həmin o şırımların  söküb dağıtdığı bağrından qopan ah-nalə təsiri bağışladı və elə o andaca yaddaşının ən mübhəm hücrələrindən birinin qapısı taybatay açıldı...

Həcərlə qoşulub qaçandan sonra rayonların birində uzaq bir qohumun kiçik daxmasına sığındıqları vaxtlar idi. Bir gün bax belə bir şıdırğı yağış evə qayıdanda onu yolda yaxaladı - bir neçə saniyə ərzində iliyinə qədər islandı. Özünü evə çatdırıb içəri girəndə Həcər onu görən kimi heyrətdən az qala çığırdı - əynindəki nimdaş, toya da, yasa da geyindiyi şalvar-pencəyi elə bil suya salıb çıxarmışdılar - pencəyin qollarından, ətəyindən su süzülürdü, ayağını yerə basanda ayaqqabılardan çölə su fışqırırdı. Həcər cəld irəli atılıb əvvəlcə pencəyi, sonra onun altındakı köynəyi dartıb onun əynindən, əyilib üzüqara ayaqqabılarını ayağından çıxartdı, ardınca deyəsən, artıq onun titrəməyə başlayan vücudunu otağı 2 yerə bölən pərdənin o tərəfinə itələdi ki, keçib şalvarını da çıxartsın. Sonra köhnə dəmir çarpayının üstündəki nimdaş qalın adyalı götürüb pərdənin o tərəfinə tolazlayaraq dedi: "Hələlik bürün buna, canın qızsın". Cəld masanın üstündəki neft plitəsini yandırdı. Əyilib içləri su ilə dolu ayaqqabıları götürəndə diksindi: "Səhər tezdən qəzeti büküb bunların içinə qoymuşdum axı. Bəs hanı?"

Əyilib diqqətlə baxdı və ayaqqabıların içində horraya oxşayan bozumtul kütləni görəndə barmağını dişlədi - qəzet parçaları üstdən Niyazinin ayaqlarının, altdan isə bu vəfasız ayaqqabıların altındakı deşiklərdən içəri dolan suyun təsirinə dov gələ bilməmiş, əriyib suya qarışmışdı.

...İçində elə bil nə isə qırıldı, əlində tutduğu ayaqqabılara baxa-baxa fikrə getdi: "Yaxşı, mən indi neyləyim? Bu pencək-şalvarın, ayaqqabıların quruyub əvvəlki görkəmi almaları 2 saatın, 5 saatın işi deyil axı. İndi mən dəyişək paltarı, ayaqqabını hardan tapım?"

Qəfildən arxa tərəfdən hənirti gəldi. Çevriləndə gördü ki, adyala bürünmüş Niyazidir, pərdənin bu tərəfinə keçib ona baxır və qəribə burasındaydı ki, onun üzündə, baxışlarında qayğıdan, qüssədən əsər-əlamət belə yox idi, əksinə, gözləri gülürdü, elə ilk görüşdən onun ağlını başından alan, bu sivri burunlu, qartal baxışlı oğlanı  onun həyatının bir parçasına çevirən həmin o uşaq təbəssümü yenə gəlib qonmuşdu Niyazinin çöhrəsinə. Özü də o təbəssüm anbaan daha mükəmməl bir şəkil alırdı.

Bir müddət belə davam elədi, ta o vaxtacan ki, həmin təbəssüm qeyri-adi bir işığa dönüb Həcərin içini gəmirən o təlaşı, səksəkəni bu komanın rütubəti, soyuğu ilə bir yerdə sıxışdırıb harasa qovdu və elə həmin andaca ikisinin də bir yerdə səs-səsə verib ürəkdən gülməyi bir oldu.

 

"Darıxma, Niyazi, bizdə məsəl var: Bir yandan bağlayan bir yandan açar".

 

İndi - aradan 50 il keçəndən sonra özünün geniş, rahat mənzilində pəncərə qarşısında dayanmış maestro həmin o ağır, çətin günlərdə tez-tez ürəyində təkrarladığı bu misraları xatırladı. Səməd Vurğunun "Vaqif" dramından yadında qalmışdı, sadəcə Vidadi sözünü Niyazi ilə əvəz etmişdi...

Ötən illər ərzində həmin o bir yandan bağlayan qüvvə doğrudan da yavaş-yavaş bir yandan da açmağa başladı - onu gördülər, qiymətləndirdilər, sonra özünün ilk əsərlərindən birinin ifası üçün dirijor tapılmayanda, öz əsərinə özü dirijorluq etmək fikrinə düşdü və elə ilk dəfə pult arxasına keçəndə məlum oldu ki, Tanrı onu qeyri-adi bir qabiliyyətlə - səslərin dediklərini duymaq, onları idarə etmək, düz yola - harmoniya yoluna dəvət etmək istedadı ilə mükafatlandırıb. Və o, xeyli vaxt bundan əvvəl - onda cavan idi, içindəki enerji aşıb-daşırdı, pultun arxasına keçəndə özündə zirvədən enib yerə qonan qartal əzəməti, gücü hiss edirdi - konsertlərin birində özündən ixtiyarsız bir jest elədi, ilahi başlanğıcına qəti şübhə eləmədiyi melodiyanı sanki əllərinə götürüb üzünü göyə tutdu və hər iki əlini yuxarı qaldırıb o melodiyanı səmaya - sonsuzluğa göndərdi...

Həmin jest təsadüfən lentə alınmışdı və bir dəfə, səhv etmirdisə, Praqada qastrolda olanda vaxtilə həmin kadrı görən bir musiqişünas ona yaxınlaşıb demişdi: "Maestro, mən mələklərlə dialoqa girib onlarla rəqs edən dirijoru axır ki, gördüm. Sizin sehrli əlləriniz, barmaqlarınız var. Siz təkrarsızsınız. Əhsən sizə!"

Maestronun heç yatsa yuxusuna da girməzdi ki, qeyri-ixtiyari, içindən gələn inersiya ilə etdiyi bu jest haqqında belə sözlər deyilə bilər.

... Yağış dayanmaq bilmirdi...

Ürəyi siqaret istədi. Yazı masasının üstündəki qutudan birini götürdü, amma odlamadı. Bilirdi ki, Həcər yuxuda da onun zəhrimar iyini hiss edib ayılacaq. Sonra nələrin baş verə biləcəyini bir Həcər bilirdi, bir  də özü.

Siqaret əlində yenə pəncərəyə yaxınlaşdı, gözlərini çölə - qaranlığa zillədi.

Maestronun fikrincə, dünyada hər şeyin - axan suyun, susan daşın, əsən küləyin, sevincin, kədərin, ən başlıcası isə sükutun, səmanın, sonsuzluğun da öz musiqi obrazı vardı. Bu dünyada hər şey təsadüfi yox,  əvvəlcədən müəyyən olunmuş bir ahəngdə, tempdə baş verirdi və əslinə qalanda həmin o çex musiqişünas düz deyirdi - əgər sən həmin o ilahi səslərin tempini, ritmini idarə edirsənsə, səmadan gələn o səslərin nizamının pozulmasına imkan vermirsənsə, bu, elə mələklərin səsi kimi doğulan  melodiyalarla təmasda olmaq deyildisə, bəs nə idi?

Çətini səmanın, sonsuzluğun musiqi obrazını yaradan o səsləri göydən yerə endirib hamının eşidə biləcəyi formaya salmaqdaydı. Üzeyir bəy, Qara, Fikrət  bunu hamıdan yaxşı bacardılar. Elə Arifin özü də. Hələ 30 yaşı olanda onun "Sehrli xalat" filminə yazdığı musiqini maestro təfsir etmiş, ona nəfəs, can vermişdi.  Yazılış başa çatandan sonra üzünü Arifə tutub demişdi: "Bu nədir? Deyəsən, kosmosun musiqisini yaradırsan". Arif cavab vermişdi ki, maestro, Ayın musiqi obrazını verməyə çalışmışam. "Sən  hamını qabaqlamısan, Arif. Təbrik edirəm!" - deyə maestro cavan bəstəkarın əlini sıxmışdı.

Çox yaxşı musiqi yazmışdı Arif o filmə. Sistemləşdirib üzərində işləsəydi, gözəl bir simfoniya alınardı. Maestro bir neçə dəfə şəxsən özünə demişdi bunu. Amma Arif nəyə görəsə ciddiyə almadı. Elə bil şeytan çıxartdı onu yoldan. Heyif!

Müxtəlif cildlərə girib insanları qıdıqlaya-qıdıqlaya yoldan çıxardan, istəyinə çatanda bic-bic gülüb göz vuran Şeytan!

Lənətə gəlmiş bu şeytan kimi yoldan çıxartmamışdı ki!

Və çox təəssüf ki, istəyəndə adam cildinə girib şeytan xislətlilərin sayı qədər çoxalan həmin şeytan onu da yoldan çıxara bildi - onun yerdəki elçiləri tamam başqa məqsədlə deyilmiş adi bir sözün üstünə beşini də qoyub bu qulaqdan o qulağa daşıdılar, vaxtilə aralarından su keçməyən 3 dostu bir-birindən küsdürdülər. Gücləri çatmadı o elçiləri boğub məhv etməyə. Əl-ələ verib birlikdə gedə bilmədilər o elçilərin üstünə. Nə mane oldu görəsən? Şəxsən özü neçə dəfə Qaradan, Fikrətdən söz gətirən çuğulçuları acılayıb kabinetdən qovmuşdu. Hətta Qara Moskvada ölüm yatağında olanda orkestri ilə Moskvaya düşəndən az sonra mehmanxanadan ona məktub da göndərmişdi: "Əzizim Qara, Moskvadayam. Sabah konsertlərimiz başlayır. Hansı əsərini istəyirsən de, repertuara salım. Bu, mənim üçün şərəf olar".

Amma gec idi. Az sonra Qara 64 yaşında vəfat etdi.

O, Qaranın həmin məktuba necə reaksiya verdiyini bilmədi və  bilməyəcəkdi də. Heç vaxt bilməyəcəkdi ki, Qara o məktubu oxuyandan sonra heydən, gücdən düşmüş əlini qaldırıb gözlərində gilələnmiş o iki damla göz yaşını silə bilməmişdi və həmin iki damla göz yaşı yanaqlarına, ordan da aşağı süzülüb balıncı islatmışdı...

Amma bilirdi ki, ikinci Qara, ikinci Fikrət olmayacaq və ola da bilməz. Axı Qara da, Fikrət də Üzeyir bəy kimi seçilmişlərdən idi.

Seçilmişlər isə təkrarsız, bənzərsiz olurlar...

Maestronun da gözləri doldu və başımı qaldırıb iki damla göz yaşının arxasından çölə baxdı...

Yağış kəsmişdi...

Dan yeri sökülürdü...

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.