Aysel Kərim, “Accel” group-un baş direktoru, Gənclər mükafatçısı, Prezident təqaüdçüsü – “Ədəbiyyat və incəsənət” portalı üçün
Düz iki il öncəyə qayıdıb, 2022-ci il sentyabrın 9-da zəngin və şanlı tarixi keçmişə malik, Qarabağın baş tacı sayılan Şuşa şəhəri ilə ilk tanışlığımı xatırlayıram. Şuşa İli çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa toplantısının açılışı oldu. Xan qızının evinin qarşısında gerçəkləşən tədbirdə ud və qanun ifaçılarının müşayiəti ilə “Qanadsız mələk” adlı şeirimlə çıxış etmişdim. Həmin günün gözəlliyi xatirəmə əbədi həkk olunub.
Bakıdan Şuşaya ilk səfərim boyunca ulu öndərimiz Heydər Əliyevin bu sözləri qulağımda səslənirdi; "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".
Azərbaycansız Şuşa, Şuşasız Azərbaycan bir heçdir. Xatırlayıram, Şuşaya çatdıqda bayrağımızı görən an ayaq üstə alqışlayıb, şair, yazıçı həmkarlarımla bir-birimizi təbrik edib, göz aydınlığı vermişdik. Həmin anı sözlə ifadə etmək çox çətindir. İki il ötməsinə rəğmən hələ də yadıma düşdükdə fərəhlənib qəhərlənirəm.
Əbəs yerə Şuşa Azərbaycan mədəniyyətinin ocağı hesab olunmur. Əlbətdə ki səbəbi dərindir. Firudin Şuşinski rus dilində nəşr etdirdiyi "Şuşa" adlı əsərində yazırdı: "Azərbaycan Elmlər Akademiyasında olan məlumata görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 müğənni, 16 heykəltəraş, 5 astronom, 18 arxitektor, 16 həkim və 42 müəllim olmuşdur.”
Azərbaycanın mədəniyyət tarixində dərin iz buraxmış Şuşa şəhərində tarixən ədəbiyyata, incəsənətə böyük maraq olub, bu şəhər Azərbaycanın elm, mədəniyyət, musiqi tarixinə bir çox böyük şəxsiyyətlər bəxş edib.
Şuşada anadan olub və orada yetişən Azərbaycanın məşhur simalarının bir neçəsinin adlarını qeyd etmək yerinə düşər. Azərbaycan ədəbiyyatında yetişən görkəmli lirik-satirik şair Qasım bəy Zakir, məşhur xeyriyyəçi, Azərbaycanın tanınmış şairə və rəssamı, Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan, İbrahim xanın qızı, məşhur xeyriyyəçi Gövhər Ağa, musiqişünas, astronom, çoxşaxəli elmi yaradıcılıq fəaliyyəti ilə məşhur olan, 21 kitabın müəllifi Mir Möhsün Nəvvab, Azərbaycan ədəbiyyatına 500-ə yaxın şeir bəxş etmiş Fatma xanım Kəminə, şairə Ağabəyim Ağa, Azərbaycan ədəbiyyatının klassikləri Nəcəfbəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, məşhur yazıçı Yusif Vəzir Çəmənzəminli, məşhur jurnalist Qasım bəy Vəzirov, məşhur tədqiqatçı-alim, pedaqoq Firudin bəy Köçərli, Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyli, Niyazi, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov kimi bəstəkarlar, dünya şöhrətli General Səməd bəy Mehmandarov.
Məşhur xanəndələr Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Keçəçi oğlu Məmməd, Sadıq Əsəd oğlu (Sadıqcan), Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov kimi dünya şöhrətli xanəndə, musiqiçilərin adı da Şuşa ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin bu önəmli fikirləri əslində hər bir azərbaycanlının ürəyindən keçənləri ifadə edir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”
2024-cü il oktyabrın 14-də Xalq artisti, professor Firəngiz Əlizadənin idarəçiliyi ilə bu dəfə bəstəkar və musiqişünas həmkarlarımla Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi münasibətilə Şuşaya yola düşdük. Yol boyu öz-özlüyümdə düşünürdüm ki, 2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçildikdə heç bilməzdim ki, 5 il sonra İttifaqın 90 illik yubileyini Şuşada qeyd edərik. Şuşanın dağları, qayaları, meşələri, yamacları, havası, suyu əsl möcüzədir. Dumanlı, çiskinli, təvazökar və təmkinli şəhərlə yenidən görüşdükdə gördüm ki, yaraları nisbətən sağalıb, yaxşılaşıb. İlk pıçıldadığım söz bu oldu; “Səni məğrur görməyimə çox şadam, Şuşa!”
Bu 90 illik tarix milli bəstəkarlıq məktəbimizin banisi dahi Üzeyir Hacıbəylinin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Üzeyir bəyin doğma yurdu Şuşada keçirilən səyyar plenumun ilk günü “Şuşa” hotelinin Üzeyir Hacıbəyli salonunda konfransla başladı. Azərbaycan Respublikası Prezidentinin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək qonaqları salamladı. İttifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla tədbirdə iştirak edən və etməyən bütün üzvləri 90 illik yubiley münasibətilə təbrik etdi. Hörmətli sədrimiz, dünyanın “Sülh artisti” Firəngiz Əlizadə ön sözlə çıxış edərək dahi Üzeyir bəyin boya-başa çatdığı bu müqəddəs diyarda ABİ-nin 90 illik yubileyinin təşkilinin nə qədər şərəfli olduğunu vurğuladı. Bu qüruru bizə yaşadan Ali Baş Komandana və onun rəhbərliyi ilə Şuşanı, eləcə də, işğal altındakı digər torpaqlarımızı azad edən rəşadətli Silahlı Qüvvələrimizə minnətdarlığını bildirdi. Firəngiz xanım həmçinin Bəstəkarlar İttifaqının keçdiyi 90 illik şanlı yoldan söz açdı. 1934-cü ildə Bəstəkarlar İttifaqını yaradan dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Qarabağı təmsil edən bəstəkarların həyat və yaradıcılığına da toxundu.
Tədbir Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə simfonik orkestrin və birləşmiş kişi xorunun ifasında səslənən dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin “Zəfər marşı”nın videoklipinin nümayişi ilə başladı.
Plenumun əsas müzakirə mövzusu Azərbaycanda musiqi mədəniyyətinin inkişafı üçün yeni yolların müəyyən olunması idi: Xalq artisti Sərdar Fərəcov – “Şuşanın musiqi salnaməsi”, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə - “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı”, Əməkdar incəsənət xadimi Akif Quliyev – “Bəstəkarlarımızın şanlı qələbəyə həsr olunan əsərləri”,
Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı - “Şuşa professional musiqidə” adlı yeni kitab haqqında”.
Çox şadam ki, konfrans mənim ürək sözlərimlə tamamlandı. Bu fürsəti yaratdığı üçün dəyərli sədrimizə dərin təşəkkürümü ifadə edirəm.
Plenumun axşam konsertini tanınmış violin ifaçısı Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət Simli Kvartetinin çıxışı rəngləndirdi. Bakıda konsert salonlarında dəfələrlə dinlədiyimiz Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Firəngiz Əlizadənin məşhur əsərlərini Şuşada dinləmək ruhumda indiyəcən yaşamadığım hisslər oyadırdı.
Plenumun ikinci günü – 15 oktyabrda həmkarlarla Şuşa Yaradıcılıq Mərkəzində olduq. Direktor Fəxrəddin Hacıbəyli qonaqları salamlayaraq, mərkəzin fəaliyyəti, “Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış etdi.
Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyini görmək isə bir ayrı təsirləndirdi. Prezidentin Şuşadakı xüsusi nümayəndəsinin müavini Elşad Əliyev ittifaqın üzvlərini maraqlı eksponatlarla tanış etdi. Çıxışçılar; ön söz müəllifi- Xalq artisti, professor Firəngiz Əlizadə, professorlar Zemfira Qafarova, Həcər Babayeva, Məmmədağa Umudov idi.
Plenum öz işini daha bir önəmli məkanda – Bülbülün ev-muzeyində yekunlaşdırdı. Çıxışçılar – ön söz müəllifi Xalq artisti, professor Firəngiz Əlizadə, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova, bəstəkar Vüqar Camalzadə idilər.
Azərbaycan mədəniyyətinin əzəli paytaxtı və 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada keçirilən plenum ömürlük xatirəmə həkk olundu.
Böyük qürur hissi, şəhidlərimizin ruhuna minnətdarlıqla qeyd etmək istərdim ki, 2020-ci ilin 8 noyabrında – otuzillik işğaldan azad edildiyi gün Şuşa yenidən doğuldu. Şuşa Azərbaycansız əsir kimi yaşadı. Əgər buna yaşamaq demək olardısa. Amma indi qələbəmizin böyük memarı cənab prezident İlham Əliyevin sözünə qüvvət!
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i – Şuşanın azad olunduğu gün Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bayrağımızı zirvələrə yüksəldən Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)