Almaniyanın Berlin şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi qeyd olunub. Yubley münasibəti ilə Berlindəki Mədəniyyət Mərkəzində klassik Azərbaycan musiqilərinin səsləndirildiyi gecə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, gecədə elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, media nümayəndələri iştirak edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinin bariz nümunəsi olan Bəstəkarlar İttifaqının ötən 90 ildə uğurlu inkişaf yolu keçdiyini söyləyib. Məhz bu səbəbdən qurumun yubileyinin ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd edildiyini bildirib.
Tədbir konsert proqramı ilə davam edib.
Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Əməkdar artist, Prezident mükafatçısı İnarə Babayevanın ifalarında Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Asəf Zeynallının, Musa Mirzəyevin və Firəngiz Əlizadənin əsərləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)