Texas Universitetində ABŞ-də yaşayan azərbaycanlı musiqiçi Fərhad Xudiyevin konserti olub. Bu barədə. “Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Konsertdə Fərhad Xudiyevin dirijorluğu ilə Texas Universiteti Simfonik Orkestri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən seçilmiş parçaları, eləcə də bəstəkarlar Donald Gransamın (Donald Grantham), İqor Stravinskinin əsərlərini ifa edib.
Fərhad Xudiyev 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən 2020-ci ilədək Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışıb. Hazırda Texas Universitetində dirijorluq sənətini tədris etməklə yanaşı ali təhsil ocağının simfonik orkestrində musiqi rəhbəri vəzifəsində işləyir. Fərhad Xudiyev “Beethoven 25” qızıl medalına sahibdir, dünyanın müxtəlif ölkələrinin orkestrləri ilə çıxış edir.
Xatırladaq ki, 12 aprel 2024-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərhad Xudiyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Musiqi Körpüsü ABŞ-Azərbaycan” adlı konserti keçirilib.
Texasdakı konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindən seçilib səsləndirilən parçaları aşağıdakı linkdən dinləmək mümkündür:
https://www.youtube.com/watch?v=Zsz_VGYoYDY
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)