Nemət Tahir, “Ədəbiyyat və incəsənət”in Qarabağ bölməsi
Şahmalı Kürdoğlu 1930-cu il aprelin 12-də Ağdamın Qiyaslı kəndində dünyaya gəlib. O, xalq musiqisinin görkəmli nümayəndəsi olaraq yaddaşlarda qalıb. Şahmalının atası Mirsəqulu Fətəliyev Dərələyəzdən olan bir qaçaq idi və Sovet təqiblərindən qaçaraq Qarabağda, Ağdamın Qiyaslı kəndində məskunlaşmışdı. Təqiblərdən qaçmaq üçün “kürd” ləqəbini götürmüş, lakin anası oğlunun soyadını dəyişərək Hacıyev yazdırmışdı. Buna baxmayaraq, Şahmalı atasının adı ilə Kürdoğlu kimi tanınırdı.
Şahmalı Kürdoğlu təhsilinə böyük diqqət ayırmış, Ağdam Pedaqoji İnstitutunu, Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına Musiqi Texnikumunu və Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, həmçinin musiqi təhsili üçün Seyid Şuşinskidən dərs almışdır. Şahmalı Kürdoğlu İslam Abdullayev və Xan Şuşinski kimi böyük xanəndələrin davamçısı hesab olunurdu.
Sovet hökumətinin təqibləri səbəbindən Kürdoğlu ixtisası üzrə işləyə bilmədi, bir müddət müəllimlik etməklə kifayətləndi. Lakin Fikrət Əmirovun onu Bakıya dəvət etməsi ilə sənət həyatı dəyişdi. Fikrət Əmirov "Leyli və Məcnun" operasında ifa edə biləcək bir xanəndə axtarırdı və Şahmalı Kürdoğlu həmin səsin sahibi oldu. Bu onun Filarmoniyada konsertlər verməsi ilə nəticələndi.
Şahmalı Kürdoğlu musiqi sahəsində təkcə xanəndə kimi yox, həm də "Şur" ansamblının yaradıcılarından biri kimi yadda qaldı. Lakin onun həyatı acı faciələrlə doludur. 1978-ci ildə siyasi təqiblərlə üzləşərək Şuşa həbsxanasında yeddi il məhbus həyatı yaşadı.
1992-ci ilin payızında isə Qarabağ münaqişəsinin qanlı günlərində Ağdamda- həyətində 8 yaşlı oğlu Şahıməli ilə birlikdə nar yeyərkən düşmən "qrad" mərmisinin partlaması ilə şəhid oldu. Ata və oğulun bu faciəli ölümü, xüsusilə də o günlərin zülm və təhlükələri ilə bağlı xatirələr xalqın yaddaşında silinməz izlər buraxıb.
Şahmalı Kürdoğlunun səsi Qarabağın səsi idi. Onun səsində Xan Şuşinskinin və Qarabağ muğamının əks-sədası vardı. Hətta müasir texniki səsləndirmə sistemlərindən istifadə edən bir çox ifaçı belə, onun təbii istedadı və bənzərsiz səsi qarşısında geri qalardı. Vəli Məmmədovun da dediyi kimi, Şahmalı Kürdoğlu elə bir xanəndə idi ki, səsində Qarabağın təbiəti, sevgisi və hüznü var idi.
Bu gün Şahmalı Kürdoğlu kimi böyük xanəndələrin irsi unudulmur. Onun həyat hekayəsi Qarabağ və Azərbaycanın ağır taleyini, xalqın mədəni irsinə güzgü kimi əks etdirir.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)