Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
“Cəngi” eşidiləndə qanı coşmayan bir Azərbaycan övladı tanımamışam indiyədək. Və həmişə düşünmüşəm: “Üzeyir bəy “Cəngi”ni elmlə cilalamasa, bu qədər sevilər, bu qədər mənimsənilərdimi o hava?”
Uşaqdıq... Ta yazın başından payızda kimin toyu olacağını bilirdik. Yay boyu qonşular, qohumlar, hətta “o toy” dediyimiz basalağın camaatı belə, hər meşəyə gedəndə mağarlıq şüy gətirməyi özünə borc bilər, toy çalınacaq qapıya aparardı. O şüylərdən, yay uzunu taxılın, arpanın, yuyulan yunun altına sərilən çadırların durulanıb-qurudulmuş, süzəyi tikilmiş halından qurulan toy mağarlarında eşidirdik “Cəngi”ni. Gənc oğlanlar qollarını bir-birinə keçirər, ortaya atılar, nənəm demiş, “vurram-qırram” havasına oynayardılar. Böyüdükcə “Cəngi”ni daha yaxşı anladım, daha yaxşı tanıdım da, bizim kəndin oğlanlarının qolları yuxarıda deyil, bir-birinə keçmiş halda oynamaqlarının sirrini axtardım illər uzunu...
2020-ci ilin o qudsal 44 günündə anladım qolların bir-birinə necə dayaq olduğunu! “Cəngi”nin əsl “vurram-qırram” havası olduğunu!
Hə, Üzeyir bəy elmlə cilalamasa idi, yəqin ki, “Cəngi” də bir çox rəqs və havalarımız kimi unudulardı... Havanın sehrinə düşməksə... Üzeyir Hacıbəyli öz millətini havanın sehrinə salmadı, yox, o, bu sehri öz millətinin ruhundakı mübhəmlikdən çəkib çıxardı, dilləndirdi...
Dünənki tarix - 2024-cü il 18 sentyabr dahinin-müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin, milli operamızın, eləcə də Şərqdə ilk operanın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139 illiyi idi. Onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi yeni tarix Ulu Öndər Heydər Əliyev tərəfindən rəsmi dəyərini 1995-ci ildə qazanıb. Həmin ildən Ümummili Liderin fərmanı ilə hər il 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bu münasibətlə 18 sentyabr 2024-cü ildə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən Şəki, Zaqatala, Qəbələ, Balakən, Qax, Oğuz rayonlarında keçirilən silsilə tədbirlər keçirildi. Hər bir tədbirdə Üzeyir Hacıbəylinin sənət yolundan, milli qürur yerimiz olmasından bəhs olundu. Çıxış edənlər dahinin “Cəngi”sindən xüsusi danışıb, xalq olaraq qəlbən ona mütəşəkkir olduğumuzu xüsusi qeyd ediblər.
Tədbirlərin hamısında bəstəkarın sonuncu və ən populyar operettası olan “Arşın mal alan” əsasında çəkilən film də nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)