Dirijor pultu arxasında keçən ömür Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

 

Klassik musiqinin elə sahələri vardır ki, onlar yalnız peşəkar musiqiçi və musiqi haqda geniş anlayışı olan insanlar üçün maraqlıdır. Sadə tamaşaçı həmin peşə sahiblərinin işinə bir qədər laqeyd yanaşır, «bunsuz da keçinə bilərik» - deyir.

 

Bu sözləri tez-tez dirijorların da ünvanına eşidirik. Ümumiyyətlə, bir qrup insan var ki, dirijorların funksiyasını anlamadıqlarını söyləyir. Lakin onların nə deməsindən və fikirləşməsindən asılı olmayaraq, Azərbaycanda dirijorluq sənəti inkişaf etməlidir.

Dirijorluq ifaçılıq sənətinin ən mürəkkəb növlərindən biri olub, musiqi əsərinin məşqi  və ya konsert zamanı musiqiçilər kollektivinə rəhbərlik deməkdir.

Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır və dirijorun üzünün ifadəsi, baxışı, mimikası burada mühüm rol oynayır.

Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır.

Əslində, orkestri idarə edən dirijor olmasa, o orkestrin varlığı hiss olunmaz. 

Azərbaycanda bəlkə də ən az toxunulan, təbliğ olunan sahə dirijorluqdur. Klassik musiqinin bu sahəsində kifayət qədər istedadlı şəxslərin olmasına baxmayaraq, tamaşaçılar arasında dirijorlar elə də populyar deyillər. 

Amma Mübariz Əliyev populyar bir dirijor, gözəl bir insandır. O, Ağdamda ilk dirijorlardan biri olmaqla respublikamızda tanınır. 

Mübariz Ənvər oğlu Əliyev 1955-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Körpə yaşlarından atasını itirmiş, ana himayəsində yaşamışdır. O, 1962-ci ildə Ağdam şəhər 5 nömrəli orta məktəbin birinci sinfinə qəbul edilmiş, 1972-ci ildə oranı bitirmişdir. Anasının sonradan ailə həyatı qurduğu bəstəkar, həm də dirijor Xəlil Cəfərov Mübarizin həyat yolunu müəyyənləşdirməsində mühüm rol oynamışdır. SSRİ Bəstəkarlar İttifaqının üzvü olan Xəlil Cəfərov Mübarizin təlim-tərbiyəsi ilə ciddi məşğul olmuş, onda musiqiyə sonsuz həvəs yaratmışdır. Mübariz Əliyevin idmanın bir çox növlərinə marağı olsa da, o, qəlbən musiqiyə bağlanmışdır. Odur ki, 1972-ci ildə orta məktəbi qurtardıqdan sonra sənədlərini Ü.Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinin Xəlil Cəfərovun rəhbərlik etdiyi dirijorluq fakültəsinə vermiş, həmin ildə də məktəbə daxil olmuş, 1974-76- cı illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmiş, 1978-ci ildə musiqi təhsilini başa vurmuş, mükəmməl dirijorluq təhsili almışdır. O, elə həmin ilin noyabr ayından Ü.Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinin dirijorluq fakultəsində müəllim kimi fəaliyyətə başlamışdır.

Mübariz Əliyev böyük istedadı və çalışqanlığı ilə tanınmışdır. O, bir çox musiqi məktəblərində xor və orkestr kollektivlərinə rəhbərlik etmişdir, möhtəşəm konsert saraylarında tamaşaçılar qarşısında dəfələrlə uğurlu çıxışları olmuşdur. Zəhmətinin bəhrəsi olaraq Mübariz Əliyev diplomlarla, fəxri fərmanlarla təltif edilmişdir. O, respublika xor və orkestr kollektivlərinin müsabiqəsində I və II yerləri tutmuşdur, üstəlik, Mübariz müəllimin Ağcabədi Musiqi Məktəbinin xor ansamblına rəhbərlik edərək, hazırladığı "Karmen", "Sarı gəlin" və "Durnalar" əsərləri dövlət mükafatlarına layiq görülmüşdür. 

2011-ci ildə ölkə prezidenti İlham Əliyev Şəki şəhərində olarkən Ağdam uşaq xor kollektivi Mübariz Əliyevin rəhbərliyi ilə onun qarşısında çıxış etmişdir. Yüksək ifaya görə ölkə prezidenti Mübariz Əliyevə şəxsən öz dərin təşəkkürünü bildirmişdir.

 

Mübariz Əliyevin dediklərindən:

-Dünyada dirijorluq sənəti ən nüfuzlu, hörmətli sənət sayılır. Dirijorları da küçədə barmaqla göstərirlər. Bizdə musiqimizin bu sahəsinə maraq bir qədər sönükdür. Dirijorluq böyük və əsas sənətdir. Bu sənət mənə gənc yaşlarımdan şöhrət gətirmişdir. Sənətimi sevirəm, ona vurğunam. 

 

Peşəkar səviyyədə bu sahə ilə məşğul olan Mübariz Əliyev həm də geniş pedaqoji fəaliyyət göstərir. Bu gün onun neçə-neçə tələbələri də vardır. O, klassik musiqimizin təbliği və inkişaf etdirilməsi üçün çalışır. Mükəmməl dirijorluq qabiliyyəti olan, bu işlə peşəkar səviyyədə məşğul olan Mübariz Əliyev 2010-cu ildən «Şur» xalq çalğı alətləri ansamblının drijorudur və 2023-cü ilə kimi Ağdam Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 

Bu gün təqaüdçü olan sənətkarımız deyir ki, ailəm Bakıda yaşayır, ora gedirəm və Ağdamı üçün çox darıxıram, çünki mənim doğmalarımın məzarı, uşaqlıq xatirələrim, gəncliyimin gözəl vaxtları bu torpaqla bağlıdır.

Bu gün sənətkarımız Ağdamın işğaldan azad edilməsi səbəbindən çox xoşbəxtdir. Əlbəttə ki, doğma yurdun işğal altında olması onun ən böyük nisgili idi.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.