Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Dünyada ən bəxtiyar insan öz tarixini yaşadandır. Adət-ənənəsini olduğu kimi dünəndən bu günə xələl gətirmədən gələcək nəsillərə ötürənlər, həm də ən vəfalı, ən etibarlı insandır. Qədim beyləqanlıların illərdir bu günə qədər davam edən Tərəkəmə həyatı var. Əvvəlcə bu sözün etimologiyasına bir nəzər salaq. Bu etnonim haqqında müxtəlif fikirlər mövcuddur. Belə ki, bir çox mənbələrdə Tərəkəmə sözünün ərəbcədən türkmənlər olduğu bildirilir. Bu ad həm də onların köçəriliklə məşğul olduqları üçün “tərki məkan” olaraq adlandırılmalarıdır. Belə başa düşülür ki, yurd-yuvasını tərk edərək müvəqqəti məskunlaşan insanlardır. Bu adla bağlı digər məlumatlara biz musiqişünas Lalə Hüseynovanın “Türk xalqlarının musiqisi” adlı dərs vəsaitində də rast gəlirik. Türkmən musiqisindən danışılarkən sözün eyni kökdən gəldiyini görmüş oluruq: “Azərbaycanda bu söz “tərəkəmə” şəklində qalıb. “Tərakimə” ərəb sözüdür, “türkmənlər”deməkdir. Ərəb mənbələrində türkmənlərin Türkmənistan, Əfqanıstan və İranda yaşamış türkmən tayfası olduğu qeyd olunur”.
Bir çox qaynaqlar göstərir ki, orta əsrlərdə (təxminən XIII–XIV əsrlər) Xəzərin şərq hissəsindəki Azərbaycan ərazisinə türkmənlər adı ilə çoxsaylı tayfalar gəlmişdirlər. Bu etnonim haqqında daha bir etimoloji açıqlama vermək olar. Təraküm sözü ərəbcə toplanma, yığışma mənasını da kəsb etdiyi deyilir. Tərəkəmə həyatı haqqında tədqiqatlarımızı apararkən Beyləqanın Tatalılar kənd sakini, eyni zamanda Beyləqanda yaşayıb-yaratmış, Ağsaqqallar şurasının üzvü, rayon ziyalısı Etibar İmanovun “Tərəkəmə dünyası” adlı Tərəkəmə həyatına dair, tərəkəməçiliyin, milli-mənəvi dəyərlərimiz üçün töhfə olan kitabdan ətraflı məlumatlar əldə etmişik. Sözügedən kitabda heç bir yerdə olmayan tərəkəmə tarixinə, həyatına dair bütün məlumatlar geniş şəkildə öz əksini tapmışdır. Zənnimizcə, bu mövzuya dair ən müfəssəl bilgilər məhz bir tərəkəmənin öz dilindən yazılanlardır. Burada qeyd olunan bütün fikirlər, hadisələr faktlarla əsaslandırılır. Maraqlı məqamlardan biri də tərəkəmə sözünün etimologiyasından bəhs edərkən müəllif öz yanaşmasını ortaya qoyaraq həm də bu sözə fərqli prizmadan baxır. Belə ki, tərəkəmə sözünü “tərə gedən”, yəni qoyunlar üçün tər ot axtaranlar kimi qələmə alır və açıqlayır ki, “Çünki qoyun tər ota meyilli olur”. Elə buradan da həmin ifadə yaranır. Ümumi olaraq bütün bu təhlilləri nəzərə alaraq demək olar ki, elat, tərəkəmə, köçəri sinonim sözlər olduğu üçün sonda yenə eyni mənanı daşımış olur. Bundan başqa tərəkəmə sözünün sinonimi olan “elat” sözü də “oğuz eli” ifadəsindəki el sözündən yaranmışdır. Əgər nəzərə alsaq ki, at şəkilçisi ərəbcədən cəm, birgəlik mənasını daşıyır. O zaman deyilənlər həqiqətə uyğundur.
Hazırda Mil düzündə yaşayan əhalinin çox böyük əksəriyyəti xalq arasında tərəkəmə adlandırılır. Məlumdur ki, ta qədimdən tərəkəmə camaatı çox zəhmətkeş, əməksevər insanlar olmuşlar. Əsasən maldarlıq, qoyunçuluqla məşğul olan tərəkəmələr qoyun-quzunu, mal-qaranı sağ salamat yaza çıxartmaq üçün əllərindən gələni edir, qışın çovğununa, soyuğuna qarşı onları bəsləyərlər. Hətta yaza sağ salamat çıxanlar bir-birini təbrik edər, gözaydınlığı verərlər. Zaman keçər, fəsillər dönər-dolanar, havalar soyuduqca camaat arana köç edər. Məskunlaşdığı yerlərlə müvəqqqəti vidalaşıb hələ bir musiqili bayatı da söyləyərlər.
Köçün də öz qayda-qanunu vardır. O, kortəbii şəkildə baş vermir. Həyatda olan bütün nəsnələr kimi köçərilik də tərəkəmə qanunlarına əsasən həyata keçirilir. Tərəkəmələr təbiətin qoynunda yaşadıqlarından sağlam və uzunömürlü olmuşlar. Bu onların sağlam qidalanması və piyada uzun yol qət etmələri ilə də əlaqədardır. Təbii ki, həyat tərzinin insan ömrü üçün çox böyük əhəmiyyəti olduğunu bilirik. Bundan başqa inam və inancları barədə də kifayət qədər danışmaq olar. Mövzuya dair geniş bilgiləri yenə “Tərəkəmə dünyasından” almaq mümkündür. Həmin məqamları təqdim edək: “İnam və inanclardan söhbət düşərkən cümə axşamları ehsan qazanlarının asılması, yerə isti su tökərkən “bismillah” kəlməsinin dilə gətirilməsi, ay yenicə görünərkən salavat çevrilməsi, gün tutularkən mis qabları bir-birinə vurub həyəcan təbilinin çalınması, Novruzun və çərşənbələrin müqəddəsliklə qarşılanması, köç yolunda pir deyilən bir ağaca rəngbərəng çit kəsiklərinin bağlanması, köç günlərində adamların Fatma ananın sacı deyilən daşa əl sürtüb yollarına davam etməsi və bütün bunlar islama inam və etiqadın formalaşmasında mühüm rol oynamışdır”. Bundan başqa “Tərəkəmə dünyası”nda köç zamanı oxunan mahnılardan, muğamlardan, aşıq havalarından da bəhs olunur. Bizə tarixdən bəllidir ki, musiqi insanları əməklə məşğul olduqları zaman həvəsləndirən, ruhlandıran, yorğunluqlarını çıxardan və görəcəyi işə inamını daha da artıran vasitə olub. Elə buna görə də istər köç yolu boyu, istərsə də mənzil başına çatarkən olduqları məkanda çalıb-oxumaq tərəkəmələrə bir az da ruh, qüvvət vermişdir. Eyni zamanda musiqinin onların ruhunda olduğu açıq-aydın şəkildə görülür. Buna misal olaraq yanıqlı səslə oxunan “Segah”ın adını çəkmək olar. “Segah” xalqın ruhuna daha yaxın olan muğam olduğu üçün hətta muğam təhsili almayan insanlar da, bu məqamda ən azı, zümzümə edə bilir. Tərəkəmələrin toy adətləri də özlərinəməxsus şəkildə keçirilmişdir. Bu barədə mütaliə edərkən maraqlı məqamlarla qarşılaşırıq. Ömürlərinin yarısını yaylaqda keçirən tərəkəmə camaatının toyları elə təbiət qoynunda, dağlar ətrafında, buz bulaqların yanında təşkil olunur. Toyları bəzəyən isə “Baş sarıtel”, “Yanıq Kərəm”, “Yurd yeri”, “Kərəm gözəlləməsi”, “Dilqəmi” və s. kimi adlanan aşıq havalarının yanıqlı sədaları olmuşdur. Şeirə, sənətə, musiqiyə bağlı olan tərəkəmələr bundan başqa vaxtaşırı saz-söz məclisləri quraraq sənətin təsirindən zövq almış, bu ruhla ömür yollarına davam etmişlər. Hansısa vaxtı müəyyən etmək üçün elat camaatı arasında zərb-məsəllər də meydana gəlmişdir. Məsələn, toy-nişana başlamaq üçün deyərlər: “Tatalılar köçü gələnə yaxın”, “Elə Tatalılar köçü gəlib buradan keçəndə” və s. Qeyd edək ki, Tatalılar burada kənd adıdır.
Azərbaycan ədəbiyyatında da Tərəkəmə mövzusu əsas yer tutur. Bu elatın tarixi haqqında geniş məlumat vermək olar. Şifahi xalq ədəbiyyatının janrlarından olan sayaçı sözləri bildiyimiz kimi qoyunçuluqla əlaqədardır. Folklorşünaslar belə qənaətə gəlmişlər ki, saya bolluq, bərəkət, nemət rəmzi olaraq deyilir. Bu, bir növ, xeyir-dua, alqış mənasında səslənir. Sayaçı sözləri qoyunların ünvanına səslənən nəğmələrdir. Sayaçı isə vaxtilə çobana deyildiyi üçün bu sözlər, nəğmələr də buna görə “sayaçı sözləri” adlandırılmışdır. Görkəmli ədib Firudin bəy Köçərli (1863–1920) bu qədim janrdan bəhs edərkən sayaçı sözlərinin tərəkəmələrə mənsub olduğunu qeyd edir. Bundan başqa ədəbiyyatda çox tez-tez bu mövzuya rast gəlirik. İsmayıl Şıxlının “Dəli Kür” romanında, Cəlil Məmmədquluzadənin (1869-1932) “Anamın kitabı” əsərində, Mirzə Fətəli Axundzadənin (1812–1878) “Hekayəti-müsyo Jordan və Dərviş Məstəli Şah” və s. kimi ədəbiyyat nümunələrində milli ruha, adət-ənənəyə olan bağlılığa, tərəkəmə-elat mövzusuna toxunulmuşdur.
Məlum olduğu kimi “Tərəkəmə” etnoniminin eyniadlı oyun havası da mövcuddur. Çox qədim olan bu rəqs əsasən köçəri maldarların toylarında, el şənliklərində, bayramlarında ifa etdikləri rəqslərdən bir olmuşdur. Bu günə kimi məşhur olan rəqs Azərbaycanın demək olar ki, bütün bölgələrində yaşayan istər peşəkar, istərsə də həvəskar rəqs ansambllarının repertuarında yer alır. Bu rəqsi tərəkəmələrin özləri yaratdığı məlumdur. Rəqs tərəkəmə camaatına xas olan igidliyi, mərdliyi, döyüşkənliyi ehtiva etdirmir. Tam əksi – çox incə, zərif olan bu oyun havası öz xüsusiyyətlərinə görə Azərbaycan qadınının obrazını yaradır. Necə deyərlər, əsil xanım-xatın rəqsidir. Elə rəqs ilk dəfə 1936-cı ildə qurulub səhnəyə gətirilərkən solo qadın rəqsi kimi təqdim olunub. İlk ifaçısı isə Xalq artisti Əminə Dilbazi (1919–2010) olmuşdur. İki tempdə ifa olunan oyun havası iti tempdə olarkən əsasən kişilər tərəfindən rəqs edilir. Rəqsin məlahətindən, lirikasından segah məqamında olduğu asan hiss edilir. Biz tərəkəmələri daha çox çevik, qıvraq kimi tanısaq da, səhnə quruluşu lirik şəkildə verilib. Rəqs öz bədii əhəmiyyətini həmişə qoruyub saxlayır. Rəqs haqqında ətraflı danışmaq olar. Məsələn, burada müxtəlif əl, qol, çiyin hərəkətləri diqqətə çarpır. Gözlərin vurğulanması, gülü dərib qoxlamaq, utanmaq, çiyin sındırmaları onun təsir gücünü daha da artırır. Daha diqqətçəkən məqamlardan biri də geniş açılmış qollar və onun plastikasıdır. Bu sanki azad insan ruhunun təcəssümüdür.
Tərəkəmə rəqsi haqqında daha geniş məlumatı elmi rəhbərim Abbasqulu Nəcəfzadənin “Azərbaycan rəqsləri” adlı əlyazmasından alırıq. Burada rəqsin əsas xarakteristikası, ritmi, tempi, ölçüləri, məqamı, notlaşdırılması və rəqsin bəstəkarların yaradıcılığında yer alması barədə geniş bilgilər verilmişdir. Belə ki, “Tərəkəmə” rəqsininin ilk dəfə 1909-cu ildə virtuoz tar ifaçısı Qurban Pirimovun (1880–1965) qrammofon valına yazdığı qeyd olunub. Bu məlumatın isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxivində saxlanıldığı vurğulanır. Bundan başqa Müslüm Maqomayev (1885–1937) 1927-ci ildə “Tərəkəmə”ni simfonik orkestr üçün işləyərək rəqsin taleyində daha bir uğura nail olmuşdur. Zənnimizcə, oyun havasının simfonik orkestr üçün işlənilməsi böyük mədəni hadisə hesab olunmalıdır. Rəqsin uğurları bunla kifayətlənmir. Əsər 1936-cı ildə Səid Rüstəmov (1907–1983) tərəfindən notlaşdırılaraq “Azərbaycan xalq musiqisinin antalogiyası”na da daxil olunmuşdur.
Rəqsə bəstəkarların yaradıcılığında da rast gəlinir. Bunlardan Azərbaycan klassik musiqisinin yaradıcısı dahi Üzeyir bəy Hacıbəyli (1885–1948) “Arşın mal alan“ musiqili komediyasında, Əfrasiyab Bədəlbəyli (1907–1976) “Qız qalası” baletində, hətta dünya bəstəkarlarından Bela Bartok (1881–1945) 3-cü kvartetində, Reynold Qliyer (1874–1956) Simfonik orkestr üçün yazdığı “Təntənəli uvertürası”nda “Tərəkəmə” rəqsinin melodiyasından məharətlə istifadə etmişlər.
Bununla da tərəkəmə etnonimi haqqında, tərəkəmə camaatının yaşayış tərzi, eyni zamanda tərəkəmə mövzusunun istər ədəbiyyatda, istərsə də musiqidə olan bağlılığı haqqında məqamları diqqətə çatdırırıq. Xüsusi olaraq vurğulamaq istəyirik ki, araşdırmalarımız əsasən adət-ənənələr əsasında aparılmışdır. Tərəkəməçilik beyləqanlıların həyat tərzi kimi, bu gün də mövcuddur və davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(12.09.2024)