ÜÇ MÖHTƏŞƏM GÜN - Gəncədə Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi qeyd olundu Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Gəncə Azərbaycanımızın mədəniyyət beşiyidir, odur ki, orada keçirilən hər bir mədəniyyət forumu böyük coşqu və sevgi ilə qarşılanır. Təsadüfi deyil ki,

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi münasibətilə səyyar plenum da məhz Gəncədə keçirildi, eyni zamanda, plenuma həsr edilmiş geniş və rəngarəng konsert proqramı təqdim edildi. Musiqi bayramına Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının evsahibliyi etməsi də təsadüfi olmadı. Axı son vaxtlar günün musiqi nəbzi bu ocaqla döyünməkdədir.

 

Filarmoniyadan aldığımız məlumata görə, tədbirin  açılışında Azərbaycan Bəstəkarlar İttifaqınin sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə səyyar plenumun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd etdi. Gəncənin böyük Fikrət Əmirovun, Qəmbər Hüseynlinin vətəni olduğunu vurğulayan Firəngiz Əlizadə Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

3 gün ərzində - 15-17 iyun ərzində keçirilən Plenuma həsr edilmiş üç günlük konsert proqramı da öz rəngarəngliyi ilə seçilirdi.

Konsert proqramı birləşmiş orkestrin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından 3-cü pərdədən “Rəqs” ilə başladı.

Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu, Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Müslüm Maqomayevin “Radio Marşı”, Vasif Adıgözəlovun “Bayram suitası” səsləndirildi. Həmçinin Samirə Hacıyeva Səid Rüstəmovun “Hardasan”, Qaya Nəsibzadə Süleyman Ələsgərovun “Vətənimdir" romansını, Rüstəm Cəfərov “ Evləri var xana-xana" Azərbaycan xalq mahnısını ifa etdilər.

Xalq artisti Rafael Bayramovun bədii rəhbərliyi və dirijorluğu, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Qara Qarayevin "İldırımlı Yollarla" baletindən “Qızların Rəqsi”, Aqşin Əlizadənin “Cəngi”,  Vaqif Mustafazadənin “Mart”, tarda Əli Əliyevin ifasında Sərdar Fərəcovun “Rondoletta” əsəsri səsləndirildi.

Məmməd Cəfərovun bədii rəhbərliyi, Nazilə Cəfərovanın dirijorluğu ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Xor kollektivi Üzeyir Hacıbəylinin “Ey Vətən” əsərini, Məmməd Cəfərovun “Kontata” - dan 1-ci və 2-ci hissələri ifa etdilər.

Konsert proqramının birinci günü Fikrət Əmirovun “Min Bir Gecə Baletindən” “Bayram rəqsi”  ilə başa çatdı.

Plenumun ikinci günü Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Kamera musiqisi konserti baş tutdu. 

Qara Qarayevin "Prelüdlər", “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları, Niyazinin  “Rast” simfonik muğamından fraqmentlər, Firəngiz Əlizadənin “İmpuls”- violin və piano üçün pyes,  Oqtay Zülfüqarovun "Skertso", Lalə Cəfərovanın romansları, Ayaz Qəmbərlinin “Hüzn” pyesi səsləndirilib. Konsert proqramında Əməkdar artist Fəridə Məmmədova, Əməkdar müəllim,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları Zakir Əsədov, Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Orxan Hüseynov (violonçel) iştirak edirdilər.

Sonda görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletindən Rəqs səsləndirildi.

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş səyyar plenumun sonuncu – 3-cü günündə isə Gəncə Dövlət Filarmoniyasının səhnəsində librettosu filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya məxsus, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin “İntizar” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən Xalq artisti Əkrəm Poladov,  Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva,  Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Taleh Yahyayev, Fəhmin Əhmədlinin iştirakı ilə təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev,  xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tamaşa böyük coşqu ilə qarşılandı.

Gəncə həqiqətən də ciddi musiqini yaşadan və təbliğ edən bir şəhərdir. Orada kirxada orqan musiqisini dinləyəndə hər dəfəsində özümü erkən dövrlərin renessansının bir parçası hesab edirəm. Gəncəlilərin musiqi zövqü çox gözəldir. Bakıda ayaq açıb yeriyən diringi mahnılar burda meydan sulaya bilmir. Bax elə bu da Gəncəni fərqli edir.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.