AŞIQ ŞƏMŞİRƏ HƏSR OLUNMUŞ "MUSİQİ KİMLİYİMİZ" LAYİHƏSİ BAŞA ÇATIB
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə təqdim etdiyi XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, layihənin növbəti günləri Aşıq Elbrus və Aşıq Şöhrətin çıxışı ilə dastan axşamı, Aşıq Şəmşirə həsr olunmuş konfrans baş tutub. Konfransda professor, Əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Aşıqlar Birliyinin Gəncəbasar Filialının sədri Elbrus Hüseyinov, aşıqlar Gündüz Əzimov, Vüqar Qurbanov Aşıq, Anar Abdullayev çıxış ediblər.
Layihənin sonuncu günü keçirilən gecədə iştirak edən Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxışında ikinci dəfə keçirilən layihəni yüksək qiymətləndirərək təşkilatçılara öz təşəkkürünü bildirib.
Konsert proqramında Əməkdar mədəniyyət işçiləri Fətullah Əliyev, Əhliman Allahverdiyev, İlqar Əhmədov, Ədalət Dəlidağlı, İbadət Allahverdiyev, o cümlədən Şöhrət Kərimov, Elbrus Hüseynov, Əfqan Məmmədov, Nizami Şirinov, Yaşar Abbasov, Anar Abdullayev, Mirəli Mehdiyev, Vüqar Qurbanov, Firəddin Mehdiyev, Saleh Tağıyev, Zülfüqar İsmayılov "Qəhramanı", “Şəqayi Gəraylı”, "Güllü qafiyə", "Dağlar oğluyam", "İncəgülü", "Yüngül şərili" şeirləri ilə çıxış ediblər.
Qeyd edək ki, aşıq sənətinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi ilk dəfə Aşıq Ələsgərə həsr olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(24.05.2024)