Fransadakı səfirliyimizin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Parisdə “Temple protestant de l’Oratoire du Louvre” protestant kilsəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Balaban cazla görüşür” (Balaban meets jazz) adlı konsert olub.
AzərTAC xəbər verir ki, konsertdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Fransadakı diasporumuzun və yerli ictimaiyyətin üzvləri, mədəniyyət nümayəndələri iştirak ediblər.
Konsertdən əvvəl səfir Rəhman Mustafayev və icraçı direktor Əkrəm Abdullayev çıxış edərək, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söz açıblar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi ideyasını, onun təşkilatlanmasını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyevin bu istiqamətdə misilsiz xidmətlərini vurğulayıblar.
Bildiriblər ki, bu il dünya azərbaycanlıları Həmrəylik Gününü böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dəmir yumruğa çevrilmiş xalqımız və rəşadətli Ordumuzun sayəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad edilərək, ölkəmizin ərzi bütövlüyü bərpa edilib. Xaricdə yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsi dövründə doğma Azərbaycana bağlılıqlarını nümayiş etdirdilər. Milli birlik, həmrəylik göstərərək, dəyərli töhfələrini verdilər və qalibiyyət qürurunu birgə yaşadıq. Amma torpaqlarımız erməni işğalından azad edilmiş olsa da, hələ də bəzi çətinliklərin olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, azad olunmuş ərazilərin erməni minalarından təmizlənməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş 4 min azərbaycanlının taleyi qarşıda duran çağırışlardandır.
Natiqlər xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndiriliməsinin vacibliyi vurğulayıblar.
Azərbaycan musiqi mədəniyyətindən söz açılaraq, azərbaycanlı gənc və istedadlı musiqiçilər -Ələfsər Rəhimov (zurna, balaban, tütək) və Etibar Əsədli (piano) haqqında məlumat verilib. Onların musiqimizi dünyada layiqincə təmsil və təşviq etdikləri diqqətə çatdırılıb.
Sonra “Balaban cazla görüşür” (Balaban meets jazz) konserti başlayıb. Balabançı Ələfsər Rəhimov ilə pianoçu Etibar Əsədlini gitarada Kevin Lazakis, elektrik bassda Gi Bernfeld və zərb alətlərində Noam İsraeli müşayiət ediblər.
Ələfsər Rəhimov UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmək üçün təqdim edilmiş milli musiqi alətimiz balabanda caz musiqisini ifa edib. Konsertdə “Sarı gəlin”, “Qara qaşın vəsməsi” kimi xalq mahnıları, eləcə də Üzeyir Hacıbəylinin, türk Neset Ertaşın əsərləri ifa edilib. Gənc balabançı Ələfsər Rəhimov və pianoçu Etibar Əsədlinin bəstələri də səsləndirilib.