Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan məlumat verilib.
“Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Bakıdan dəvət olunmuş gənc ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar Quliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva, Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxış ediblər.
Gecədə "Zabul segah", "Bayatı şiraz", "Mahur təsnifi", "Dilkeş təsnifi", "Segah təsnifi", xalq mahnıları səsləndirilib. Sahil Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları hərarətlə qarşılanıb.
Gecədə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edən film, Xalq artisti haqqında deyilən fikirlərlə bağlı videoroliklər nümayiş etdirilib.
Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş gecədə onun ailə üzvləri, Gəncə ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Qeyd edək ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, aparıcısı Əməkdar artist Firdovsi Atakişiyev idi.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)