Ümumdünya səs günündə Şuşanın səsi dinlənildi Featured

  Ümumdünya səs gününə həsr olunmuş “Şuşanın səsi -Azərbaycanın səsi” Elmi -Praktik konfrans haqqında düşüncələr

 

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi. “Ədəbiyyat və incəsənət” üçün

 

Ümumdünya səs günü bütün dünyada qeyd olunmaqla yanaşı, həm də özündə qəribə bir mistik duyğu ifadə edir. Bəşər özü səsdən və sözdən ibarətdir. Səs dünya yaranışının təməlində duran amillərdən biridir. 

 

16 aprel Ümumdünya səs günüdür. Bu faktla əlaqəli Elmi işlər üzrə Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova məlumat verdi ki, bu il də elə keçən il olduğu kimi Şuşada Elmi-praktik Konfrans keçiriləcək. Baxmayaraq ki, səs bütün ifaçılara şamil olunur, bu dəfə Konfrans “Muğam” (xanəndə) kafedrasının əməkdaşları ilə baş tutacaq. Çünki ümumdünya səs günü səsin insan həyatında mühüm rolundan başqa, eyni zamanda, onun problemlərini də əks etdirir. Xanəndələrin bunu bilməsi vacib və önəmli məsələlərdən biridir. Çünki tədrisdə belə məqamları bilmək gələcək xanəndələrin səs yorğunluğu və digər problemlərinin qarşısını ala bilər. 

Artıq səfərə bir neçə gün qalmış rektor, Xalq artisti Siyavuş Kərimi və elmi işlər üzrə prorektor Lalə Hüseynova mənə bildirdilər ki, mən də bu səfərə gedirəm. Əlbəttə ki, bu məni sevindirdi. Bu mənim Milli Konservatoriyanın əməkdaşları ilə ilk səfərim olacaqdı.

Beləliklə məqam yetişdi, Bakıdan 19 nəfərlik heyətlə Şuşaya yola düşdük. Aramızda ilk dəfə Şuşaya qədəm qoyan insalar da var idi. Xalçaçı rəssam, adı kimi özü də mehriban olan Mehriban xanım da, operatorumuz Saleh də ilk dəfə idi ki, Şuşaya qədəm qoyurdular. Hərdən adama o torpaqlarda gəzə bilməsi, addım atması belə yuxu kimi görünür. İnsan gec-tez öz arzusuna catır. Mənə elə gəlir ki, belə bir ifadə var Allah səsimizi eşitdi. Bəli Allah səsimizi eşitdi və biz indi Şuşada səs gününü qeyd etməyə gedirik.

Azərbaycan Milli Konservatoriyasının çox istedadlı, təqdirəlayiq elmi laboratoriyaları da mövcuddur. Onlardan biri də Səsin tədqiqi laboratoriyasıdır. Şuşada keçirilmiş Elmi-praktik Konfransın Təşkilatçısı və təşəbbüskarı Aleksandriya Sultan fon Brüseldorffdur. Səsin Tədqiqi laboratoriyasının rəhbəridir.

AMK-nın Elmi işlər üzrə prorektoru Əməkdar İncəsənət Xadimi Lalə Hüseynova başda olmaqla Şuşada keçirilən elmi müzakirələrdə  AMK-nın bir-birindən dərin araşdırmalar aparmağa qadir olan elm xadimlərinin olduğunu gördüm. Müzakirə mövzuları müxtəlif idi.

Konfransın ilk günü dəyirmi masada müzakirələr oldu. Burada elmi araşdırmanın məhz Muğam ifaçılarına şamil olunması diqqətimi çəkdi. Muğamın vokal ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məncə bu dönəmdə daha çox maraqlıdır. Çünki hal hazırda səs diapazonuna malik olan xanəndələr bunu eyni zamanda tədris edir və özündən sonra gələcək nəsillərə də örnək edir. Bir sıra heç zaman heç yerdə eşitmədiyim mülahizələri eşidib, mövzularla daha yaxından tanış olmaq istədim. Dəyirmi masada müzakirələr sona çatdı. Artıq o biri gün Şuşa şəhərinin Qarabağ otelinin konfrans zalında Elmi-praktik Konfrans baş tutdu.

Şuşanın havası, gözəlliyi və qalibiyyət duyğusu konfrans iştirakçılarını ikiqat sevindirirdi. Bir birindən maraqlı mövzularla Elmi-praktik Konfransımız baş tutdu. Azərbaycan Milli Konservatoriyası Muğam (Xanəndə) kafedrası, AMK nəzdində "Səsin tədqiqi” elmi laboratoriyası və "Azerbaijan Voice Orqanization LLC"nin birgə layihəsi olan Ümumdünya Səs Gününə və Şuşa şəhərinin 2024-cü il üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Mədəniyyət paytaxtı” seçilməsinə həsr olunmuş "Şusanın səsi -Azərbaycanın səsi 2" Dəyirmi Masa və Elmi-praktik Konfrans eyni zamanda bir birindən zəngin musiqi nömrələri ilə də bizi sevindirdi.

Müzakirə olunan mövzular Konfransa qatılanlar üçün çox böyük maraq doğurdu.

Konfransı ön sözlə Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova açdı. Sonra onun “Bülbülün elmi irsində Azərbaycanda oxuma sənəti və məktəbi haqqında" mövzusunda məruzəsini dinlədik. Burada Bülbüllə bağlı çox maraqlı faktları eşitdim. Bəzi məqamları ilk dəfə eşitdiyimdən maraqla dinlədim. Məruzə vodeogörüntülərdə öz əksini tapırdı deyə daha da maraqlı idi. Ən maraqlısı isə bütün mövzularda Şuşanın tarixi əsasının qeyd olunmasıdır.

Lalə xanım səlist və özünəməxsus nitqiylə ən çətin məqamları bizə asanlıqla izah edirdi. Bülbülün tədrisi, Bülbülün Elmi məqalələrinın izahı, o dövrün oxuma məktəbi haqqında bilmədiklərimizi öyrəndik. Daha sonra Muğam (Xanəndə) kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimov "Müasir dövrdə xanəndə sənətinin tədrisinə dair" danışarkən Üzeyir Hacıbəyovdan söz açdı. Onun yaradıcılığından və eyni zamanda dövrünün maarifçi ziyalısı olduğunu dilə gətirdi, Azərbaycan mədəniyyətinin inkişafında missiyası olaraq dünyaya gəldiyini vurğuladı. 

“Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorff  "Azərbaycan muğam ifaçılarının sağlamlığı və rifahı" mövzusunda bu illər ərzində apardığı tədqiqatlardan söhbət açdı. O, Almanıyada keçirdiyi tədqiqatlardan bir neçə video-görüntülər təqdim etdi. 

Tədbirin təşkilatında böyük əmək sərf edən Aleksandriya xanımın öz üzərində çalişması və işini nə qədər çox sevməsi görünür. O, hər bir içtirakçını sevə-sevə təqdim edir. Öz araşdırmaları barədə danışır və mövzu ətrafında daha çox yeniliklərə addım atmaq barədə düşünür. Əzmkar tədqiqatçı xanım buna mütləq nail olacaq, düşünürəm. Çünki onun gördüyü işlərdən bunu sezmək olar.

Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadənın də çıxışı mənə çox müsbət təsir bağışladı. O, Şuşanın şəbeh mərasimlərinin tarixi mədəni əhəmiyyətindən söz açdı. Şuşanın mədəniyyət tarixi haqqında işğaldan sonra Şuşada keçirilən Elmi konfransda iştirak etmək izaholunmaz bir fərəh hissi yaşadırdı. AMEA-nın aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova da özünəməxsus müzakirələrə səbəb olan məruzə edir. O, Qarabağ musiqisinin  tarixindən maraqlı faktları ortaya qoyur. Ümumdünya Səs Günü Azərbaycan Milli koordinatoru, dosent, tibb üzrə fəlsəfə doktoru, "Lor hospital səs mərkəzi"nin rəhbəri Ramil Həşimli öz çıxışında xanəndələrin rast gəlinən səs problemlərindən söz açdı. Video görüntülərlə danışdıqlarına aydınlıq gətirdi. Klinikaya müraciət edən ifaçıların əksəriyyətində olan problemləri bizə əyanı olaraq göstərdi. Bir vokal, xanəndə, ifaçısının ifa edərkən boğaz yollarında qırtlağın funksiyasının nə qədər fərqli olduğunu çox aydın şəkildə izah etdi. Onun öz təqdimatına son dərəcə yaradıcı yanaşması məni valeh etdi.

Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Nəzakət Teymurova mövzuyla əlaqəli fikirlərini söyləyir, muğam qaydaları barədə mülahizələri dilə gətirir. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllimi Qəzənfər Abbasov Muğam ifaçılığında sait səslərin səsləndirilməsindən danışır. 

Qeyd edim ki Qəzənfər müəllimin bir neçə dəfə dərsində olmuşam və onun tələbələrə qəzəlləri necə gözəl izah etməyinin şahidiyəm. 

Respublikanın Əməkdar artisti Təyyar Bayramov da müzakirələrdə iştirak edir. Sonra filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev (Salim) söz alır. Öz mövzusunu təqdim edərkən, bizlərə yenicə çapdan çıxmış kitabını təqdim edir. Fəxrəddin Salimin məruzə mövzusu "Muğam ifaçılığında əruz bəhrlərinin istifadə prinsipləri" oldu. Divan Fəxrəddin Salimin 35 ildə ayrı-ayrı vaxtlarda yazdığı qəzəllərdən ibarətdir. Həm də kitab Əruzun tədrisi üçün nəzərdə tutulub. Fəxrəddin Baxşəliyev (Salim) bunu öz çıxışında xüsusi vurğulayıb. Bundan başqa  Azərbaycan Milli Konservatoriyasının müəllimi və "Tələbə elmi cəmiyyəti"nin rəhbəri, gənc alim Fərdin Məhəmmədzadə də  maraqlı və aktual mövzularda çıxışlar edib. Onun sərbəst və son dərəcə aydın mülahizələrinə valeh olmamaq olmur. O, bərdaştın ifaçılıq xüsusiyyətlərini çox dərin incəliklə bizlərə aydınlaşdırır. Konfrans çıxışları musiqi nömrələri ilə davam edir. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllimi Qəzənfər Abbasov, 5-ci Muğam müsabiqəsinin qalibi, AMK-nın magistr tələbəsi Sədəf Budaqova, 4-cü muğam müsabiqəsinin qalibi, AMK-nın məzunu Gülzar Fərəcova və onları müşayiət edən İnstrumental muğam kafedrasının müəllimi Oqtay Şərifov, konsertmeystr İlhamiz İsmayılov bir birindən rəngarəng musiqi nömrələri nümayiş etdiriblər.

AMK-nın “Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorffun təşəbbüsü və təşkilatçılığı ilə Muğam (Xanəndə) kafedrasının, "Azerbaijan Voice OrqanizationLLC"nin birgə layihəsi olan bu Elmi-Praktik konfrans həm elmi, həm də yaradıcı baxımdan çox yüksək səviyyədə keçdi.

İştirakçılar gələcəkdə Şuşada daha böyük elmi tədbirlərin keçirilməsi haqda arzularını dilə gətiriblər. Qeyd etməliyik ki, Elmi-Praktik Konfransda fəxri qonaq qismində Şuşa Şəhəri Dövlət Qoruq İdarəsinin icraçı direktoru Tural Novruzov da iştirak edirdı. Bütün tədbir boyu ifaçıların məruzəçilər haqqında məlumatlar soruşur, çox böyük maraqla bizi dinləyirdi. Artıq ikinci dəfədir ki, mədəniyyət paytaxtımız Şuşada keçirilən Elmi-praktik konfrans xoş təəssüratlarla başa çatır.

Azərbaycan Milli Konservatoriyası Ümumdünya Səs Gününə həsr olunmuş bir Konfransın da bu cür ərsəyə gəlməsinə səbəb oldu.

Bu məni çox sevindirir. Çünki Konfransda iştirak edərkən, müzakirələr zamanı Fəttah Xalıqzadənin, gənc alim Fərdin Məmmədzadənin araşdırmaları məni çox düşündürdü. Bir qocaman və bir yeni addımlar atan bu iki təzadı bir məqam birləşdirir, o da elmdir. Bizim bildiyimiz və gördüyümüz mədəni aləmin əslində canında sərvət kimi yatan elm. Mən Fəttah müəllimə  uzun ömür, Fərdinə isə gözəl gələcək arzulayıram. Nə yaxşı ki, gənclərə Fəttah Xalıqzadə kimi örnək müəllimlər dərs deyir və nə xoş bizə ki, bizim Fərdin kimi ağıllı gənclərimiz var. 

Konfransda Muğam Xanəndə kafedrasının müəllimlərinin iştirakı isə daha məntiqli müzakirələrə səbəb oldu.

Çünki Aleksandriya Sultan fon Brüseldorffun Almaniyada məhz Kafedranın müdiri Mənsum İbrahimovla və Kafedranın maqistri Sədəf Budaqova ilə apardığı təcrübədən söhbət açıldı. Dinamik MRT və fibrolaronqoskopiya vasitəsilə ifa zamanı qırtlağın, səs yolunun işləmə mexanizminin tədqiqi, yəni bu muğam ifaçılarında bir ayrı,  vokal ifaçılarında fərqli olur. Mənsum Müəllim bu təcrübənin çətinliyini izah etdi. Sənətkarların Dünya üzrə ulduzların keçdiyi səs təcrübəsində Azərbaycan Xanəndələrinin, muğam ifaçılarının da səsi , adı qeyd olunduğunu vurğuladı.

Bu müzakirələrdə vokal, xanəndə ifaçılarının səsinin qorunması, yorğunluğunun qarşısının alınması və başqa problemlərdən də danışıldı.

Son dərəcə maraqlı Konfransın bədii hissəsindən sonra iştirakçılar Şuşanın  gəzintisinə çixdilar. Onlar İsa bulağında çox xoş anlar yaşadılar. Xanəndələr İsa Bulağında "Şuşanın dağları" musiqi əsərini ifa etdilər. Bu səhnənin özü ayrı ayrılıqda böyük bir sevincə səbəb oldu.  

Səfərin canlı şahidi olduğum üçün mən də çox qürurlandım. Çünki Azərbaycan Milli Konservatoriyası bir musiqi məbədi, sənətkarlar ocağı olmaqla yanaşı elm sahəsində də digər təhsil ocaqlarından heç də geri qalmır. Mən deyərdim, bir çox elmi mülahizələrə və tədqiqat laboratoriyalarına  görə hətta öndədir.

Beləliklə "Şuşanın Səsi -Azərbaycanın səsi II elmi praktik Konfrans" öz işini yekunlaşdırdı. Düzdü, biz Elmi-praktik Konfransımızı uğurla başa vurub, geri qayıtdıq, bu Konfransın səsi-sədası isə hələ də Şuşada dolaşır. Günü gündən abadlaşan, düşmən pəncəsindən xilas olan doğma Vətənim, Sən musiqi və mədəniyyət fədailərinin müqəddəs yerisən.

Sən elə bir tütyəsən ki, səni yalnız bu elin, bu torpağın qanını daşıyan, duya bilər.

Şuşada insan xoşbəxtliyin nə olduğunu tam varlığı ilə anlayır.

Azərbaycan Mİlli Konservatoriyasının çiynində çox böyük bir missiya var. O, həm Milli musiqimizi, həm də ənənəmizi, irsimizi qorumalıdır.

Elm sahəsində  bu işıqlı məruzəçiləri gördükdən sonra bunu tam varlığımla anladım ki, sənətkarlar və peşəkarların  fəaliyyət göstərən təhsil ocağı - Azərbaycanın gələcəyi deməkdir. Bunun üçün əzmlə çalışan elm xadimlərinə, müəllimlərə, sənətkarlara  minnətdar olmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.