Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nizami və musiqi mövzusuna həsr olunmuş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir-konserti keçirilib.
AzərTAC xəbər verir ki, konsertdə filosof, mütəfəkkir, dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına nəzər salınıb, əsərlərinin obraz, məzmun dairəsi haqqında məlumat verilib, Şərq intibahının yüksək zirvəsi olan Nizaminin idealları, humanist fəlsəfəsi haqqında söhbət açılıb.
Tədbirdə “Nizamidə musiqi və musiqidə Nizami” məzmunda məruzə dinlənilib. Məruzədə şairin yaradıcılığında təsvir olunan böyük musiqi mədəniyyətindən söz açılıb, dövrün musiqi alətləri haqqında videoslayddan istifadə edərək məlumat verilib. Bundan başqa Nizami irsinin bəstəkar yaradıcılığında təcəssümü mövzusunda şairin əsərləri əsasında yazılan, musiqi mədəniyyətimizi zənginləşdirən əsərlərdən danışılıb. Nizami irsinin miniatür, xalçaçılıq sənətinin inkişafına təsiri, dünya çapında araşdırılması, yaradılan beynəlxalq mərkəzlər haqqında məlumat da tədbirin əsas hissələrindən biri idi.
Tədbirdə məktəbin şagirdlərinin ifasında müxtəlif əsərlər səsləndirilib, həmçinin rəqs nömrələri təqdim olunub. Həmçinin
Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı videoçarx və slaydlar göstərilib.
Məktəbin rəsm şöbəsinin müəllimləri Nigar Şıxəliyeva və Əli Ağadadaşovun şagirdləri tərəfindən tədbirdə Nizami mövzusunda rəsm sərgisi təşkil edilib.