Rasim Müzəffərli yazır
Ötən əsrin 80-ci illərində Azərbaycan musiqi aləmində bir “Ozan” qrupu fırtınası qopmuşdu. Rasim Müzəffərlinin yaratdığı qrup qəlblərə yol tapmışdı.
“Ədəbiyyat və incəsənət” portalı Rasim Müzəffərlinin “Ozan”ın qızıl dövründə rast gəldiyi repertuarla bağlı çətinliklərdən bəhs edən xatirələrini diqqətinizə çatdırır.
Ötən əsrin 80-ci illərində “Ozan” qrupu hər dəfə səhnəyə, TV və ya radioya çıxarkən, mahnılarımızın əksəriyyətinin musiqisinin rəsmi bəstəkarlıq statusu (Konservatoriya diplomu, Bəstəkarlar İttifaqının üzvü) olmayan birisi, yəni mənim tərəfimdən bəstələnməsi müsbət qarşılanmasa da, təxminən 1985-ci ildən sonra (artıq mən “tanınmış muğam-rok banisi" idim), yoxlayıcılar mənim bəstəkarlığıma, Məşədi İbad demişkən, "bir növ adətkardə" olmuşdular.
Amma ifa edəcəyimiz xalq mahnıları da daxil olmaqla, bütün mahnıların mətnləri isə hər çıxışdan əvvəl bizdən mütləq tələb olunurdu. "Ozan”dan nə desən, gözləmək olar" prinsipi "yoldaşlardan" daim "ayıq" olmağı tələb edirdi. Sözlər tanınmış şairlərimizə (R. Rza, B. Vahabzadə, M. Araz, S. Rüstəm) aid olanda, bir neçə istisna xaric, yoxlama prosesi formal xarakter daşıyırdı. Sözlər mənim və ya o vaxtlar tanınmamış digər birisinin olanda kiməsə nəyisə "sübut" etməli olurduq...
Kommunistcəsinə nikbin sovet səhnə və mediasına yaxın buraxılmayan mahnılardan biri də o vaxtlar çox da tanınmamış, özü Göyçədən - Aşıq Ələsgərin kəndindən olub, Gəncədə ali məktəb bitirib, məzunların hürkdüyü ucqar Kəlbəcərə öz təkidi ilə təyinat alan və hər iki yurdundan məhrumluğa ürəyi dözməyən, mərhum şair Əli Qurban Dastançının (1930-2004) sözlərinə bəstələdiyim "Dünya" mahnısı idi.
Əli Qurban o vaxt ucqar bir kənddə müəllim olsa da, rayon qəzetində şeirləri çap olunduğuna görə Kəlbəcərdə onu az-çox tanıyırdılar və mən əslən Kəlbəcərddən olan dostum Cəlal Qasımov vasitəsi ilə onu axtarıb tapmışdım. Bir neçə dəfə əldən-ələ (yenə Cəlal müəllim vasitəsilə) mənə çatdırılan məktublar yazmışdı. Təəssüf ki, Kəlbəcər işğal olunandan sonra şairlə əlaqəmiz itdi.
"Dünya" mahnısını əsasən özfəaliyyət səhnələrində (məsələn, Tələbə şəhərciklərində) və xarici səfərlərdə ifa etmişik. Xarici səfərlərə adətən Komsomol xətti ilə getdiyimiz üçün həm Azərbaycan, həm rus dilində olan mətnlərimizə Azərbaycan Komsomolunda ideoloji işlərə baxan dostlarımız (Sadıx Nəbiyev, rəhmətlik Şirzad Əfəndiyev) o vaxtkı dillə "dobro", indiki dillə "ok" verirdilər.
"Rəsmi" səhnədə mahnı cəmisi 2-3 dəfə səslənib. Xatırlayıram ki, 1983-cü ildə Filarmoniyada “Ozan”a icazəni Filarmoniyanın o vaxtkı direktoru Maestro Niyazi şəxsən vermişdi. Onun tapşırığı ilə inzibatçılar bizdən yalnız repertuarı almaqla kifayətləndilər. Repertuarda mahnının sözlərinin "Yetim Hüseyn dastanından" olduğu göstərildiyi üçün elə bilirdilər ki, bu qoşma xalq dastanındandır. Halbuki, içindəki şeirlər də daxil olmaqla, dastanı Əli Qurban özü yazmışdı.
Sözümü ona gətirirəm ki, hər dəfə mən bu şeirin guya 19-cu əsrdə yaşamış aşıq Yetim Hüseyn tərəfindən yazıldığını "sübut" edirdim... Nə başınızı ağrıdım, bu da o şeir.
Dünya, nə şirinsən, sənin dadını
Bilməyən də yazıq, bilən də yazıq.
Razı buraxmırsan bir övladını,
Ölməyən də yazıq, ölən də yazıq.
Bəzəyib cismini ləl eyləyirsən,
Nazlı bir qız kimi əl eyləyirsən,
Açırsan qoynunu gəl eyləyirsən,
Gəlməyən də yazıq, gələn də yazıq.
Kimisinin bəndə düşür gəmisi,
Kimisinin məhsul vermir zəmisi,
Ağlayır kimisi, gülür kimisi,
Ağlayan da yazıq, gülən də yazıq.
Gələn uyur hər fitnənə, felinə,
Yalan-gerçək sözün düşür dilinə,
Oyuncaq verirsən vardan əlinə,
Almayan da yazıq, alan da yazıq.
Yetimin gərdişi çox sitəmlidi,
Dodağı gülənin gözü nəmlidi.
Zəmanənin sazı zilli, bəmlidi,
Çalmayan da yazıq, çalan da yazıq.
Kimisinin bəndə düşür gəmisi,
Kimisinin məhsul vermir zəmisi,
Ağlayır kimisi, gülür kimisi,
Ağlayan da yazıq, gülən də yazıq.
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)