Sankt-Peterburqun Mariinski Teatrında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir.
Balet Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf, həmyerlimiz Eldar Əliyevin quruluşunda səhnələşdirilib. Mariinski Teatrının simfonik orkestri və xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev idarə edib. Baletdə ilk dəfə olaraq Şəhriyar rolunu Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edib. Dahi bəstəkar Fikrət Əmirovun əsrarəngiz musiqisi, səhnə ustalarının təkrarsız ifası Rusiyanın Şimal paytaxtının sənətsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Tamaşadan sonra gecədə fəxri qonaq qismində iştirak edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Macarıstanın baş konsulu Viktor Sederkeni və Tacikistanın baş konsulu Xomidcon Nəzəri xoreoqraf Eldar Əliyevi, dirijor Əyyub Quliyevi və teatrın solistlərini səhnə arxasında uğurlu çıxışları münasibətilə təbrik ediblər. Baş konsul Sultan Qasımov Fikrət Əmirovun dahi əsərinin yeni quruluşda Rusiyanın aparıcı teatrının səhnəsində ifa edilməsini mədəni əlaqələrin inkişafında mühüm hadisə adlandırıb.
Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyinə və yaradıcı kollektivinə Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun ölməz “Min bir gecə” əsərini yenidən uğurla canlandırdıqlarına görə dərin minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(19.02.2024)