Bir içimlik Musiqi

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycan Milli Konservatoriyası barədə qeydlər - 1-ci yazı

 

Azərbaycan - zəngin mədəniyyəti olan istedadlar ölkəsidir. Artıq azad Azərbaycanın azad övladı kimi bunu deyə bilirəm. İncəsənətimizdə fərəh və sevinc duyulmaqdadır. Əvvələr yaranan Vətən həsrətli əsərlər daha qələbə sevinci ilə əvəz olunub. 

 

Azərbaycan özünəməxsus mədəniyyəti ilə dünyaya səs salan bir mədəniyyət ocağıdır. Onun muğamı, musiqisi, musiqi alətləri dünyanın heç bir yerində yoxdur. Sizlərə musiqi diyarı olan Vətənimin bir təhsil ocağı haqqında danışmağı özümə borc bildim. İnsan sevdiyi işlə ucalır, daha düzgün desəm, insan sevdiyi işdə özünü daha çox xoşbəxt sanır. Bu xoşbəxtliyimi sizinlə bölüşürəm. Bu gün söhbət acacağım təhsil və mədəniyyət ocağı Mətbuat Katibi olduğum Azərbaycan Milli Konservatoriyasıdır. 

İşə başladığım ilk günü tərəddüd içində idim. Yalnız ətrafdan dost-tanış və təhsil ocağının mehriban rektoru Siyavuş Kərimi "sən bunu bacaraqsan" kimi təkidi sayəsində içimdə olan sözlə ifadəsi olmayan bir hiss geri durmağa mane oldu. Sabah yeni ümid və həyacanla deyilən vaxtda işdə oldum.

 

SABAHLAR

Azərbaycan Milli Konservatoriyasının özünəməxsus ənənə və ritualları olduğunu bilirdiniz? Konservatoriyanın sabahı dəhlizlərdə səslənən xor və orkestrlərin musiqi sədalarıyla başlayır. Yeddinci mərtəbəyə qalxırıq, kafedra müdirləri, dekanlar və digər idarə heyətiylə bərabər Siyavuş müəllim çox keçmir ki, dəhlizdə bizi salamlayır. İlk olaraq xor kollektiviylə görüşür, tələbələrin davamiyyətini yoxlayır. Orkestr füsünkar ifasıyla nəzər cəlb edir. Sonra bildim ki, bu orkestr Azərbaycan Milli Konservatoriyasının tələbələrdən ibarət olan “Buta” adlı  Xalq Calğı Alətləri orkestridir. Siyavuş Kərimi, təhsil işləri üzrə prorektor Malik Quliyev, kafedra müdirləri çox diqqətlə dərsi, tələbələrin davamiyyətini izləyirlər. Alətlərin hansı vəziyyətdə olduğunu belə yoxladıqdan sonra beşinci, dördüncü, ikinci mərtəbələrdə dərslərdə olan xor və orkestr kollektivlərinin dərslərində oluruq. Bəzən bu sabahlarda çoxlu qonaqlarımız da olur. Rektorumuz deyir ki, səfirliklərdən və yaxud musiqi  məktəblərindən, liseylərdən gəlmək istəyən qonaqları məhz “sabahlara” təyin edirik. Qoy gəlib Konservatoriyanın günü necə başlamasından xəbərdar olsunlar. Çünki hec yerdə belə bir nümunə yoxdur.

Sabah yoxlanışından sonra rektorumuz, müəllimlər, kafedra müdirləri, hər kəs işinə qayıdır. Gün öz axarıyla davam etməyə başlayır. 

 

AXŞAMLAR

Azərbaycan Milli Konservatoriyasının  

axşamları da qeyri adi olur. Çünki gündəlik tədbir və mükafatlandlrmalar, müxtəlif forum və təqdimatlarda iştirak edən Konservatoriyanın yetirmələri haqqında yazmaq üçün bəzən axşam saatlarına qədər işdə qalmağa məcbur oluram. Dəhlizlərdən gələn musiqi sədaları, professional ifalar, istedadlı tələbələr nəzərimi ilk gündən cəlb edir.

Ötən il Azərbaycan Milli Konservatoriyasında olan bütün tədbirlər, hesabat konsertləri Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində nəzərdə tutulmuşdu. Bu səpkidə bir neçə tədbirin şahidi oldum.

 

HESABAT KONSERTİ

Milli Vokal Kafedrasının “Fikrət Əmirovun yaradıcılığına səyahət” adı altında təqdim olunan hesabat konserti sanki tələbələrin deyil, məşhur opera ifaçılarının konserti kimi görünürdü. Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilən bu tədbirin coşqusu, tələbələrin həyəcanı diqqətimi cəlb etdi. İlk əvvəl özümü təqdim etmək üçün müəllim ilə görüşdüm. O, gülər üzlə məni qarşıladı. Bu, Respublikanın əməkdar artisti, Milli Vokal Kafedrasının baş müəllimi, uzun illər opera səhnələrindən sevərək izlədiyim Zenfira İsmayılovadır. Opera və Balet Teatrının solisti, baş rolların ifaçısı, prezident təqaüdçüsü, sənətinin vurğunu Zenfira xanıma və onun istedadlı tələbələrinə uğur diləyib, zala daxil oluram. İzləyicilər yavaş-yavaş öz yerlərini alırlar. Milli Vokal Kafedrasının müdiri Azər Zeynalov sevimli müəllim və tələbələrə uğur diləyib, tədbiri açıq elan edir. Tədbir Fikrət Əmirovun foto görüntüləri fonunda bir-birindən zəngin əsərləriylə davam edir. Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər təhsil alan tələbərin eyni səhnəni yüksək peşəkarlıqla bölüşməsi olur. Tələbələr səhnədə sərbəst, səslərinə və səhnə hərəkətlərinə son dərəcədə diqqətli, nizamlı idilər. 

Fikrət Əmirovun “Sevil" operasından səslənən Sevilin, Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək. Zeynəb Hüseynova sanki həmin obrazların bütün səhnə keyfiyyətini mənimsəmişdir. Opera səhnəsində bir çox Dilbərlər gördük.

Tələbənin ifa etdiyi Dilbər obrazı heç də onlardan geri qalmırdı.

“Laylay" əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıların qəlbini fəth etməyi bacardı.  Səhnə professionallığı, sərbəstliyi, ona hakim olmağı sevir.

Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi. Fikrət Əmirovun "Şeyx Sənan" əsərindən Kor ərəbin mahnısını ifa edən Cavidan Isayevin yüksək peşəkarlığına söz tapa bilmədim.

Tələbələr bir-birindən gözəl ifalar nümayiş etdirdi. Bu, Zenfira İsmayılovanın ucalığı və uğuru idi. Konsert boyu Fikrət Əmirovun video görüntülərini görüb, səsini eşitdik. Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi, bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azərbaycan operasının əsasını təşkil edir. Bir bəstəkarınn böyüklüyü onun insan ruhuna, düşüncəsinə yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən  sənətkardır. İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima yaşatmaqdır.

 

VOKALÇILARIN UĞURU

Milli Vokal Kafedrası Vokalçıların III Beynəlxalq Festivalında konsert proqramı ilə çıxış etdi. Bu uğurlu konsert də unudulmaz anlar yaşatdı. 

Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır. Bu ocaqdan musiqi sənətinə atılan qığılcımlar daim yaşayacaq. Burada mövcud olan nizam intizam, tələbələrin təlim - tərbiyə və təhsili yüksək səviyyədədir. Tələbələr sənət sevgisiylə yaşayan hər biri ayrılıqda bir istedaddır. Onları dəhlizdə, dərsdə və böyük səhnədə gördüm. Zənnim məni aldatmadı. Onların hər birinin amalı yaradıcılıqdır. Rektor, xalq artisti Siyavuş Kərimi öz çıxışlarında tez-tez vurğulayır ki, ilk öncə yaradıcılıq, sonra nizam-intizam, davamiyyət. Çünki daima təkrarlamaq və öz üzərində çalışmaq yalnız insanı uğura apara bilər.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.