“Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında Aysel Kərim bu dəfə sizi respublikanın əməkdar artisti Səlim Abbasov ilə görüşdürəcək. Həyatın zərbələrinə tuş gəlsə belə ayaqda qalan sənətçi uğurlarından, gələcək planlarından danışdı.
-Salam, Səlim bəy. Xoş gördük. Hər kəsə məlumdur ki, çətin dönəmlərdən keçməkdəsiniz. İstəmərəm bu kimi suallarla sizi daha da üzüm. Amma özünüzün danışmaq istədiyiniz, bölüşməyə ehtiyac duyduğunuz nələr varsa buyurun bizlərə bəhs edin.
- Salamlayıram sizi, dəyərli Aysel xanım. Bu gözəl layihəyə məni sayıb dəvət etdiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Sizin bu gözəl oxucularınızı, izləyicilərinizi salamlayıram. Allah hamımızın işini xeyirli-uğurlu, avand eləsin inşallah. Sizin də qeyd etdiyiniz kimi, mən böyük bir sınaqdan keçdim. Valideynlərimin ikisini də ard-arda itirdim. O ərəfədə mənim yanımda olan bütün dostlarıma, həmçinin sizə də dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, Aysel xanım. Çünki bu elə bir ağır dönəm idi ki... Yaxşı bir misal var, deyir “Yaxşı dost dar günündə tanınar”.
- Musiqi yolçuluğunda neçə ilinizi geridə qoymusunuz? Skripka alətində tapdığınız dincliyi müğənnilikdə də tapa bilirsinizmi?
-Əlbəttə. Hərəsinin öz yeri var. Mən çalışıram ki, hər birini ürəklə ifa edim. Hər ikisi də hissiyat tələb edir. Hər biri kənardan asan görsənə bilər. Amma təbii ki, hərəsinin öz çətinliyi var. Xatırladım ki, 3 yaşımdan musiqi ilə məşğulam. Bəlkə də kiməsə qəribə gələr ki, 3 yaşından musiqi necə ola bilər? Əlbəttə ola bilər. İstedad anadan doğulur, belə bir misal var. Yəni mən musiqiçi ailəsində doğulmuşam. Atam qarmon ifaçısı olub - Vaqif Abbasov. Anam Laləgül xanım Abbasova da musiqi duyumlu insan olub. Onlar məni uşaq yaşlarımdan musiqiyə cəlb ediblər. Uşaq vaxtı indiki sintezatorun balaca forması var idi -“faemi”. Faemidə, tütəkdə, nəlbəkilərdə, nağarada, qoşa nağarada və s. alətlərdə ifamı yoxlamışam. İllər keçdikcə qarmon ifa etməyi öyrəndim. Atam qarmon ifaçısı olduğu üçün məni qarmon sinfinə qoymaq istəyirdi. Rəhmətlik ana babam kamança alətini çox sevdiyi üçün dəyərli sənətkar Habil Əliyevin ifalarını dinləyirdi, anam tərəddüd etmədən atama dedi ki, gəl uşağı kamança sinfinə qoyaq. O vaxtdan bəri kamançanı sevdim. Musiqi məktəbində kamança sinfini bitirdim. Kamançada ifa edə-edə bir çox müsabiqələrdə laureat adını qazanmışam. Sonradan insanlara lap yaxın olmaq üçün skripka sinfinə daxil oldum. Skripkanın sirrlərini yaxşıca mənimsədim. Şükürlər olsun ki, bu gün skripkada öndə olan ifaçıyam.
-İşgüzar, məsuliyyətli, əməksevər olduğunuzu studiya çalışmamızda sezdim. Bəs bunu özünüz necə şərh edərdiniz?
-Elədir, Aysel xanım. Amma bu son dönəmlər yaşadığım hadisədən sonra özümdə bir təhər güc tapıb müəyyən müddətdən sonra qəhrəman şəhid əsgərlərimiz üçün “Şəhidlər ölməz” adlı gözəl bir layihə ərsəyə gətirdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Şəhid analarının əllərindən öpürəm. Allah qazilərimizi, əsgərlərimizi qorusun, onlara can sağlığı versin. Bundan əlavə, “Qələbə marşı” adlı layihəmi də vurğulamaq istəyirəm. Bu mahnıda bir neçə tanınmış simalar yer aldılar. Klipə baxanlar o sənətkarların kimliyindən xəbərdardır. Yeni işlərim barədə də məlumat vermək istərdim. Şuşada şəhid olan şəhidlərin övladları və ümumiyyətlə Qarabağ torpağında həlak olan şəhidlərin uşaqları ilə birgə Şuşa mahnısı səsləndirmişik. Qismət olsun, arzumdur ki, Şuşada bu mahnıya klip çəkdirək. Azərbaycan-Türkiyə qardaşlığı üçün növbəti layihəm var. Çalışıram işlərimə çox vaxt ayırım. İstəmirəm özümə qapanım. Qapananda valideynlərimin itkisi ilə əlaqədar narahat oluram. Çalışıb uğurlar qazanaraq onların da ruhlarını şad edirəm. Onlar mənim hər zaman uğurlarıma ilk sevinən insanlar olublar.
-Böyük səhnələrdə cəsarətli ifalarınızı izləmişik. Atanızdan başqa qardaşlarınız və bacınız da musiqiçidir. Musiqiyə olan bağlılığınızdan bəhs edərdiniz.
- Çox xoşdur ki, Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edirəm. Hələ əməkdar artist adını qazanmamışdan qabaq Bakıda Avroviziya mahnı müsabiqəsi keçirildi. Orda mən iki dəfə səhnədə kamança aləti ilə yer aldım. Birincidə “Natiq” ritm qrupunun layihəsi var idi, ikinci dəfə isə Avroviziya yarışmasının qaliblərinin mahnıları Şərq üslubunda, Azərbaycan üslubunda səslənəcəkdi. Mən də orda Bayatı-Şiraz muğamını kamançada ifa etdim. Daha sonra rusiyalı müğənni Dima Bilan ilə birlikdə ifa etdik. Norveçi təmsil edən Aleksandr Rıbakın mahnısını skripka və kamança ilə sintez etmişdik. Çox gözəl reaksiya ilə qarşılanmışdı. Bir maraqlı əhvalat danışım. Demək, Aleksandr Rıbakın – “Fairytale” adlı mahnısının ikimiz bir yerdə məşqini edirdik. Məşq prosesində onun mahnısını Azərbaycan üslubuna çevirib ona tanış olmayan müəyyən fərqli manevrlər göstərdim. Gördüm, dəli olub qaçdı bayıra (gülür). Ümumiyyətlə, beynəlxalq təcrübəm çoxdur. Mən bir neçə festivallarda iştirak etmişəm. Koreyada, Hollandiyada keçirilən festivalların qalibi oldum. Amerikada 3 dəfə səfərdə oldum. Bilirsiniz ki, həm də dünya şöhrətli Zeynab xanım Xanlarova ilə birgə çalışıram. Zeynab xanımla Amerika konsertimiz çox uğurlu keçib. Allah sənətkarımızı qorusun. Özüm də Amerikada bir dəfə konsert vermişəm. Küveytdə, Belarusda, Fransada 3 dəfə konsertdə olmuşam. Bir dəfə isə Azərbaycanımızın mədəniyyət günlərində Eyfel qülləsinin yanında 3 saat konsert vermişəm. UNESKO-nun binasında çıxış etmişəm. Bu mənim həyatıma qızıl hərflərlə yazılıb. Sonra Hollandiya, Almaniyada, Ukraniyada, Rusiyada, Türkiyədə, Mərakeşdə, Türkmənistanda, Qırğızıstanda, İsveçrədə, Misirdə konsertlərdə olmuşam. Dövlət rəhbərliyimiz var olsun ki, bu xidmətlərimə görə mənə “Əməkdar artist” adını təqdim ediblər. Təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağı özümə borc bilirəm.
-Pedaqoji fəaliyyətinizdən bəhs edərdiniz. Tələbələrdən razısınız?
-Artıq 20 ilə yaxındır ki, Milli Konservatoriyada müəllim vəzifəsində çalışıram. Orda bir çox sənətkarlarla Xalq artisti Əlibala Məmmədov, Xalq artisti Arif Babayev, Əməkdar artist Gülüstan Əliyeva, Xalq artisti Aygün Bayramova ilə birgə yol yoldaşlığım olub. Bəli, tələbələrdən razıyam. Yaxşı tələbələrim var. Zəiflər və orta olan tələbələr də var. Cürbəcürdür. Mən çalışıram ki, heç vaxt tələbəyə nəyisə öyrətməkdə tənbəllik etməyim. Çalışıram ki, bütün materialları və nə bilirəmsə öyrədim. Gənc tələbələrə muğamın sirrlərini öyrədirik. Tələbələr də məndən razıdırlar. Görürlər ki, mən qısqanc müəllim deyiləm. Belə bir misal var. İnsan sağlığında rəhmət qazanmalıdır.
-İnsanların vazkeçilməz əşyası telefondur. Sosial mediada çoxmu zaman keçirirsiz? Ümumiyyətlə internetə dövrün tələbi kimi baxırsınızmı?
-Telefon, internet, sosial şəbəkələr günümüzün yarısını alan bir vasitədir. Təbii ki, sosial şəbəkə və orada insanlarla ünsiyyət də olmalıdır. Vaxt aparsa belə. Çünki biz tanınmış simalar olduğumuz üçün insanlar bizə yazırlar. Öz diqqətlərini, sevgilərini bildirirlər. Biz də onlara təşəkkür etmək üçün sosial mediaya qoşuluruq. Mən adətən daha çox klip və mahnılarımla bağlı paylaşımlar edirəm. Daha sonra nəticəsini izləyirəm. İnsanların reaksiyasını gözləyirəm. Sosial şəbəkələrdə çox aktivəm. Tədbirlərə də çox qatılıram. Məni şəhidlərlə bağlı olan tədbirlərə çox dəvət edirlər. Yeri gəlmişkən, bu yaxında Qaraheybətdə 14 zabitin şəhid olmağı ilə bağlı onların ailələrinə də başsağlığı verirəm. Allah millətimizi qorusun.
-Amin Səlim bəy. Biz də sizin başsağlığı diləyinizə qoşularaq qəhrəman vətən oğullarına Tanrıdan rəhmət diləyirik. Növbəti sualım - sizin hobbiniz nədir?
-Mənim hobbim futboldur. Bəlkə musiqiçi olmasaydım futbolçu olardım. Ya da başqa idman növünü seçərdim. Uşaq vaxtı karate, boks və güləşə getmişəm. Fitnes, voleybol, basketbolla məşğul olmuşam. Demək olar əksər idman növləriylə məşğul olmuşam. Amma ən çox sevdiyim futbol olub. İndinin özündə də sənətkar dostlarımızla birgə futbol oynayırıq. Yeri gəlmişkən, “BrendSport.az “ saytının layihəsi olan və 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı idman festivalı keçirildi. Biz orda “Baku Sporting” futbol klubunu təmsil edərək 2-ci yerə layiq görüldük. Çox böyük, maraqlı turnir keçdi. Asudə vaxtlarımda futbol oynayıram. Futbol mənim ikinci sənətimdir.
-Bir az fərqli sual verim. Küsülü olduğunuz insanlar varmı? Dostlarınızdan dəyər görmədiyinizdə yolları ayırırsınızmı?
-Küsülü olduğum, incidiyim insanlar, bəli, var. Hansı ki, onlar mənim dar günümdə yanımda olmadılar. Amma görüşəndə hər kəslə salamlaşıram, çünki salam Allah salamıdır. Dost insanın dar günündə tanınar. Dostlarımdan gözlədiyim diqqəti görməyəndə əlbəttə ki, yollar ayrılır. Etdiyim yaxşılığın qarşılığında ancaq pislik görürəmsə belə olduqda məsafəni qoruyaraq, əlaqəni kəsirəm. Çox heyiflər olsun ki, bəzi güvəndiyim, etibar etdiyim dostlara, tanışlara çətin günlərimdən sonra güvənimi itirdim. Açığı, bu məsələlərə çox üzüldüm. Amma yenə də çalışdım ki, atamın-anamın ruhu şad olsun deyə ayaq üstə qalım. Bildiyiniz kimi mən ağır depressiya keçirdim. Depressiyadan 7-8 ay müalicə aldım. Güclə ayağa qalxdım. O müddətdə, inanın, bəlkə də musiqi depresiyadan çıxmaq üçün mənə vasitə olardı. Amma musiqiyə də gücüm çatmırdı. Yəni o qədər qapanmışdım ki. Siz özünüz də,Aysel xanım, bilirdiniz, o ərəfələrdə mən necə halda idim.
-Özünüzün sevdiyiniz və sevmədiyiniz cəhətiniz hansılardır? Güzəşt edə bilirsinizmi?
-Sevdiyim cəhət odur ki, çalışıram ki, istədiyim hər şeyi əldə edim. Fərq etməz, hansısa layihə, hansısa geyim, əşya olsun, nə olur olsun, yerin dibində belə olsa onu tapıb çıxarıb alıram. Bu günün işini sabaha saxlamaq isə sevmədiyim cəhətimdir. İnsanların içində olmağı, geyim dükanlarında alış-veriş etməyi çox sevirəm. Əvvəllər alış-verişə dostlarla gedirdim, amma tələsdirirdilər ki, “Səlim, tez ol, çıxaq gedək”. Yanımdakılar yorulurdu məni gözləməkdən. İndi çalışıram ki, tək gedim, istədiyim qədər alış-veriş edim. Dolanım özüm üçün. Güzəşt məsələsinə gəldikdə isə bəli, güzəşt edə bilirəm. Çox insanlar var ki, mənə qarşı haqsızlıqlar ediblər, mənə qarşı gözləmədiyim addımlar atıblar. Kimsə mənə nəsə tərs söz deyəndə çalışıram cavab qaytarmayım, hörmət saxlayım. Adətən yaşlı insanlar, yaxud xanımlar nəsə tərs söz deyəndə güzəştlər edirəm. Hətta səhv onlarda olsa belə.
- Üzürxahlıq etməyi aşağılıq, yoxsa mədəniyyət göstəricisi kimi görürsünüz?
-Bilməyərəkdən xətrə dəyən kimi dərhal üzr istəmişəm. Təbii ki, üzür istəmək mədəniyyət göstəricisidir. Sizinlə razıyam. Üzürxahlıq etməyi hər adam bacarmır. Elə adam var ki, qəbul etmir ki, xeyir ola, mən nəyə görə üzr istəməliyəm? Amma qanundur, əgər səhvsənsə, bunu etməlisən.
- Son olaraq ürək sözlərinizi alaq.
-Bir daha dəyərli müsahibə üçün sizə minnətdaram, Aysel xanım. Oxucularımızın nəzərinə çatdırmaq istərdim ki, Aysel Kərimin bir çox layihələrində mən və musiqiçi qardaşlarım yaxından iştirak etmişik. Nə xoş bizlərə. Həmin mahnı və əsərləri qardaşım Anar Abbasov aranjeman edib, mən skripkada ifa etmişəm və bekvokal oxumuşam, nağarada kiçik qardaşım Xəyal Abbasov ifa edib. Həmin əsərlərin bəzisinin adlarını sadalaya bilərik. Əməkdar artist Mətanət İsgəndərlinin ifasında “Vətən yallısı”, “Dön gəl” və Əməkdar artist adını daşıyan bir neçə vokalçıların ifasında “Qardaşlıq himni” kimi böyük bir kompozisiya və.s İnanıram ki, birgə layihələrimiz bundan sonra da çox olacaq. 8 aydır ki, efirlərdən uzağam. Buna görə daha çox çalışmaq istəyirəm. Studiyada geniş zaman keçirirəm. Həmçinin yeri düşmüşkən deyim, çox şadam ki, sizin yaradıcılığınızdan mahnı oxumaq şərəfi mənə də nəsib olacaq. Söz və musiqi müəllifi olduğunuz o gözəl mahnını mənə həvalə etdiyinizə görə sizə təkrar təşəkkür edirəm. Böyük məmnuniyyətlə ifa edəcəyəm. Sizinlə birgə Qarabağımızda bir çox səhnələrdə yer almaq nəsibim olsun. Orda yeni-yeni layihələrimizlə tamaşaçıları sevindirək, Aysel xanım. Oxuculara da hər sahədə uğurlarının bol olmasını diləyirəm. İnşallah, hər şey həyatınızda yaxşı olsun!