92 il eyni ampluada - Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub. Azərbaycan mədəniyyətinin əsas dəyərləri sırasında yer alan bu orkestrinin hər bir çıxışı izləyicilər üçün bir toy-bayramdır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin yaranma tarixi 92 il bundan öncəyə gedib çıxır. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk musiqi kollektivi 1931-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Orkestrin baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov olub. Məhz bu səbəbdən də orkestrə Səid Rüstəmovun adı verilib. 

Filarmoniya səhnəsindəki dünənki konsert də indiyədək keçirilənlər kimi dolu zalla və sürəkli alqışlarla müşayiət olunub. Konsertdə dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin müşayiəti altında solistlər - Xalq artisti Teyyub Aslanov (xanəndə), Əməkdar artist Zakir Əliyev (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatları Rəvanə Qurbanova (xanəndə), Taleh Yəhyayev (bariton), Natavan Həsənova (kanon), Mədinə Şahgəldiyeva (kamança), Fariz Hüseynov (kamança), Hikmət Qasımov (zurna), Seymur Mürsəlov (tar), Nərgiz Mütəllibova (fleyta) və İlkanə Cəfərova (qanun) çıxış ediblər.

Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Şəkillərdə: Konsertdən fraqmentlər; orkestrin 1931-ci ilə aid arxiv fotosu.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.