Dahi bəstəkar Bakıda və Vyanada anıldı

Ötən gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ölkə daxilində və xaricində geniş şəkildə qeyd edildi. Portalımız gün ərzində bu cür xəbərləri bol-bol paylaşdı. İndi isə sizə dünənki günlə bağlı daha iki spesifik xəbəri paylaşacağıq. Biri Bakıdan, biri Vyanadan. 

 

BAKI

MİLLİ KONSERVATORİYA

Azərbaycan Milli Konservatoriyasında 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olundu, konsertdən əvvəl çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açdı. 

Siyavuş Kərimi qeyd etdi ki, Üzeyir Hacıbəylinin mirasına hörmət olaraq 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir.

Sonra çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirdi ki, xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. 

Vurğulandı ki, musiqimizin uğurları Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.

Sonra Azərbaycan Milli Konservatoriyasının tələbə orkestri və tələbə xoru konsert proqramı ilə çıxış etdi. 

 

BAKI

MUSİQİ AKADEMİYASI

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir bəyin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər. 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək dahi bəstəkarın musiqimizin inkişafındakı xidmətlərindən danışdı. Qeyd etdi ki, xalqımızın musiqi mədəniyyəti tarixində Üzeyir Hacıbəylinin böyük rolu olub, onun qoyduğu ənənələrə sadiq qalaraq musiqimizi inkişaf etdirmək vacibdir.

Sonra konsert proqramı təqdim olundu. Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti, general-mayor Yusif Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov və başqaları çıxış ediblər. Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" və "Rəqs", "Ey Vətən", M.Maqomayevin "Odlar yurdu", F.Bədəlbəylinin "Anamız Azərbaycan", R.Axundzadənin "Qələbə marşı" əsərləri və "Heyratı" zərbi muğamı səsləndirildi. 

 

VYANA

18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin heyəti dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada ucaldılmış abidəsini ziyarət etdi. Vyanadakı Dunay Parkında yerləşən abidə önünə gül dəstələri qoyuldu. 

Azərbaycanın Avstriyadakı səfiri Rövən Sadıqbəyli Ü.Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladaraq, klassik musiqinin beşiyi sayılan Vyanada dahi bəstəkarın abidəsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Diqqətə çatdırdı ki, Şərqdə ilk operanın müəllifi, musiqili teatrın yaradıcısı, ilk konservatoriyanın banisi olmuş Üzeyir Hacıbəyli təkcə Azərbaycan musiqisi deyil, eyni zamanda, dünya musiqisinin inkişafına töhfələr verib.

Qeyd edildi ki, Vyanadakı Dunay Parkında Üzeyir Hacibəylinin abidəsi 2006-cı ildə ucaldılıb. Şəhərin əsas istirahət məkanlarından biri olan bu parkda dahi bəstəkarın abidəsinin müəllifi görkəmli heykəltəraş Ömər Eldarovdur.

 

Şəkillərdə: Milli Konservatoriyada (1,2), Musiqi Akademiyasında (3) və Vyanada (4) düzənlənən tədbirlərdən fraqmentlər. 

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.