ADA universitetində unikal xalçanın təqdimatı olub

 

Sabah Milli Qurtuluş Günüdür. Həm də  2023-cü ili müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü yubiley ili kimi qeyd edirik. “Azərxalça” ASC bu əlamətdar hadisələrə öz töhfəsini verib. Belə ki, Ümummilli Liderin ölməz və əziz xatirəsini “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası – müəllif əsəri ilə anıb.

 

“Azərxalça” ASC-dən verilən məlumata görə, kompozisiya iyunun 13-də ADA universiteti tələbələrinin növbəti məzuniyyət günündə və unikal triptix yerli və xarici tələbələrə o cümlədən valideyni, müəllim heyətinə təqdim olunub. Təqdimat zamanı hər kəsə xalça haqqında geniş məlumat verilməklə yanaşı, müxtəlif foto və videomateriallar da göstərilib. 

Xalçalar və onların yaranma tarixçəsi ilə daha öncədən tanış olan və çox bəyənən diplomat, ADA universitetinin rektoru Hafiz Paşayevin göstərişi ilə məzuniyyət günü tələbə aparıcılar açılış çıxışı zamanı “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası haqqında da məlumat verərək onun yaranma tarixindən söz açıblar, xalça haqqında müsbət təəssüratlarını vurğulayıblar.

Hafiz Paşayev çıxışı zamanı Heydər Əliyevin əziz xatirəsini bir daha anaraq 100 illik yubileyindən söz açıb. 

Açılışda ADA tələbə və müəllim heyəti ilə yanaşı, “Azərxalça” ASC İdarə Heyəti sədri Emin Məmmədov və onun başçılıq etdiyi yaradıcı komanda da iştirak edib. 

Xatırladaq ki, adıçəkilən layihənin müəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyəti sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçılar isə qurumun yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində qurumun İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi var. Xatirə xalçasının toxunması bu ilin aprel ayında yekunlaşıb.

Üç hissədən ibarət olan muzey əhəmiyyətli əsər, triptixin hər bir hissəsində Ümummilli Liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, maraqları, sevdikləri və önəm verdiyi dəyərlər ilk dəfə öz əksini tapıb. 

İlk hissədə (1 rəqəmini əks edən) xalçanın kompozisiyasını tamamlayan, onun sərhədlərini müəyyən edən xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər haşiyə motividir. Məhz bu xalça üzərində də, Heydər Əliyev və xalq birliyi öz əksini tapıb. Xalçanın kənar haşiyəsinin konturları Heydər Əliyevin ad və soyadının baş hərflərini əks etdirir. Bundan əlavə bu hissədə Heydər Əliyevin ruhumuzun məlhəmi milli musiqiyə olan sevgisi, təhsil, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, onun səyləri nəticəsində inşa olunmuş, Telekommunikasiyanın simvolu- Teleqüllə, milli mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay, fırça, kino ləvazimatları və s. öz əksini geniş şəkildə tapıb. 

Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində öz geniş əksini tapıb. “Qara qızıl”, Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” də Ümummilli Liderin nailiyyətləri kimi ikinci xalça üzərində həkk olunub.

Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. 

Burada xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvədən xalqının bugünü böyük fəxrlə, parlaq, aydın və işıqlı gələcəyini isə ümidlə seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan, əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində altı guşəli həndəsi elementin daxilində Ulu Öndərin timsalında “İdeal cəmiyyətin simvolu” - ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb. 

Xalçalar bir neçə gün ADA universiteti ərazisində sərgilənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.