“Azərxalça”nın xalçaları ilk dəfə Latviyada sərgilənib

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan, milli mənəvi irsimiz hesab olunan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə Latviyanın Liepaya şəhərində “Azərxalça” ASC-nin “Azərbaycan xalçaları. Keçmişlə müasirin sinergiyası” adlı sərgisinin açılışı olub. 

 

Bu barədə AzərTAC-a “Azərxalça” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin, “Azərxalça” ASC, Liepaya Muzeyinin birgə təşkilatçılığı və Liepaya Şəhər Şurasının əməkdaşlığı ilə Latviyanın tanınmış Liepaya şəhər muzeyində açılan sərgidə xalçalarımızla yanaşı, Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş fotosərgi və videoçarxlar da təqdim olunub.

Liepaya şəhərinin meri Qunars Ansinş, Azərbaycan Latviyadakı səfiri Elnur Sultanov, "Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov və muzeyin direktoru Datse Karkla sərginin açılışında çıxış ediblər. 

Mer Qunars Ansinş bu hadisənin Liepaya şəhəri üçün əlamətdar hadisə olduğunu qeyd edərək, Azərbaycanın Liepayanın 2027-ci il üçün “Avropa mədəniyyət paytaxtı” namizədliyinə ilk dəstək verən xarici ölkə və tərəfdaş olduğunu xatırladıb və bu kontekstdə Azərbaycan xalçalarının sərgisinin açılmasının ilk tədbir olaraq böyük rəmzi məna daşıdığını vurğulayıb. 

Səfir E.Sultanov sərginin yerli ictimaiyyət üçün Azərbaycanın qədim mədəniyyəti və xalçaçılıq sənəti ilə yaxından tanış olmaq imkanı yaratdığını və ikitərəfli əməkdaşlığa dəyərli töhfə verdiyini bildirib.

Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxışı zamanı “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, XX əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb.

“Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib: “Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradılır və beləliklə, xalça sənəti daim inkişaf edir. “Azərxalça” ASC xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələləri istiqamətində önəmli addımlar atmaqdadır. Azərbaycan xalçaları 2027-ci il üçün “Avropanın mədəniyyət paytaxtı” seçilən Liepaya şəhərində və ümumiyyətlə, Şimali Avropada ilk dəfə sərgilənir. Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir”.

Muzeyin direktoru Datse Karkla xalça sərgisinin Liepaya şəhərinin mədəni həyatında vacib hadisə olduğunu və Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini qeyd edərək, nümayiş olunan xalçaların yerli ictimaiyyətdə və şəhərin qonaqlarında böyük maraq doğuracağını vurğulayıb. 

Liepaya və digər şəhər bələdiyyələri, mədəni, akademik dairələri, yerli ictimaiyyət, eləcə də Azərbaycan icmasının üzvlərinin, həmçinin mətbuat nümayəndələrinin iştirak etdiyi xalça sərgisi böyük maraqla qarşılanıb. 

Sərgini rekord sayda ziyarətçi ziyarət edib.

Qeyd edək ki, Liepaya Muzeyində təşkil olunan sərginin qapıları bir ay ərzində xalçasevərlər üçün açıq olacaq və burada Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat verilir.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.