Daş simaya xarakter, mimika vermək bacarığı Featured

BAKIDA ƏN MÖHTƏŞƏM ABİDƏLƏRİN MÜƏLLİFİNİN BU GÜN DOĞUM GÜNÜDÜR

 

Fəvvarələr bağına və Nizami küçəsunə gələn hər bir əcnəbi qonaq dahi Nizaminin daş obrazına heyrətlə tamaşa edir. Onun çöhrəsində həm filosofluğu gözə dəyir, həm şairliyi. 

Yaxud, Nizami meteosunun qarşısında çadradan azad olan azad qadın heykəlinin sanki canlı olan obrazı göz oxşayır. 

Bu möhtəşım abidənin yaradıcısı Odur, Fuad Əbdürrəhmanov.

Bəs 60 saylı məktəbin önündəki əli qumbaralı əfsanəvi qəhrəman olan Mehdi Hüseynzadənin monolit abidəsi necə? Hamısı bir-birindən gözəl! 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli heykəltaraş, tanınmış tişə ustası, Xalq rəssamı Fuad Əbdürrəhmanovun anadan olmasından 108 il ötür.

Xalq rəssamı Fuad Əbdürrəhmanovun yurd sevgisinin nəhayətsizliyindəndir ki, yaratdığı  heykəllər ictimailəşdirdikləri gündən xalqın əvəzolunmaz mənəvi sərvətinə çevrilməklə, hər birimiz tərəfindən bənzərsiz qürur qaynağı kimi qəbul olunmaqdadır. 

 

Azərbaycan incəsənət tarixinə öz adını əbədi daxil etmiş görkəmli incəsənət xadimi Fuad Əbdürrəhmanov 1915-ci il mayın 11-də Şəkidə anadan olub. Görkəmli heykəltaraş yaradıcılığa portret janrı ilə başlayıb, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Asəf Zeynallı), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaradıb. Sovet İttifaqı qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, İkinci Dünya müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

F.Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutur. Nizaminin Gəncədə və Bakıdakı abidələri, Bakıda S.Vurğunun abidəsi və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950-1960-cı illərdə yaratdığı "Çoban", "Azərbaycanlı qadın", "Azadlıq", "Azad qadın" və s. əsərlərində milli xüsusiyyətlər zəngindir.

Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S.Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rudəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H.Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində o, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır.

Görkəmli incəsənət xadimi, Xalq rəssamı Fuad Əbdürrəhmanov 1971-ci il iyunun 15-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.