Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb. Sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Devrim Erbilin rəsm əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb və bu günədək onun yüzlərlə sərgisi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyənin rəsm sənətinin məşhur simalarından olan Devrim Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Bu rəsmlərdə İstanbul adi fotoraflardakı kimi görünmür. Şəhərin mifik aurası sanki minilliklərdın üzübəri möhtəşəmlik və gözəllik sirlərini özündə daşıyır. Bakıdakı sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur.
1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb, yaradıb. Bu şəhərə olan bağlılığı onun yaradıcılığından da yan keçməyib. Abstraksionist rəssam kimi tanınan D.Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rəhmi Eyuboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını London və Parisdə davam etdirib. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifi və beynəlxalq konfransların, seminarların təşkilatçısıdır. Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. O, eyni zamanda, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.
Muzey barədə türk mütəxəssislərin və
xəbərin qəhərəmanının fikirlərinə diqqət yetirək:
Renk Erbil, “Türkiyədən sevgilərlə” sərgisinin kuratoru, rəssamın oğlu:
“Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam Devrim Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə təşəkkürümüzü bildiririk. Bu sərginin özəlliyi ondadır ki, burada rəssamın ən möhtəşəm və hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Burada hətta gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün biz Bakıda genişmiqyaslı sərgi açaraq bunları sizin üçün nümayiş etdirmək istədik”.
Kiymet Giray, tanınmış türk sənətşünas, professor:
“Sərgi ilə əlaqədar burada olmaqdan çox məmnunuq. Sərginin gerçəkləşməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, həmçinin köməyi və dəstəyi olan hər kəsə minnətdarlığımızı bildiririk. Bu gün bizimlə bu həyəcanı bölüşən bütün tədbir iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Devrim Erbil türk rəsm sənətinin ən önəmli sənətçisi olmaqla yanaşı, eyni zamanda, dünya miqyasında ən tanınmış fırça ustadlarındandır. Onun dünyanın bir çox ölkələrində sərgiləri açılıb”.
Devrim Erbil:
“Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Təkcə simanız deyil, həmçinin qəlbiniz gözəldir. Məni və sənətçi ailəmi sevgi ilə qarşıladınız. Bunun üçün sizə sonsuz minnətdarlığımı bildirirəm. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Mənə burada Qarabağın da rəsm əsərini çəkəcəyim barədə sual verdilər. Acısını birgə çəkdik, hiss etdik, amma oranı görəndən sonra bəlkə də oranın da rəsmini çəkəcəyəm. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Bir ildir ki, Bakıda bu sərgini açmağı planlaşdırırdıq və nə gözəl ki, buna nail ola bildik. Qardaş Azərbaycan xalqı ilə belə bir tədbirdə birgə məkanda görüşmək çox qürurvericidir. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”.
Qeyd edək ki, fırça ustasının Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək. Lütfən gəlin, baxın, zövq alın!
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)