Baharda təbiət oyananda ilk diqqəti cəlb edən rəng qamması olur, rəng çalarlarının bolluğu olur. Təbiətdən sonra ən çox rəng daşıyıcısı rəssamların tabloları hesab edilir.
“Ədəbiyyat və incəsənət” portalının növbəti xəbəri elə bu sayaq tablolar barədədir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Liatris” Holdinqin dəstəyi, “Art Studio and Gallery Turan” yaradıcılıq studiasının təşkilatçılığı ilə “İrsi izlər” adlı rəsm sərgisinin açılışı olub. Sərgi mədəniyyət sahəsinə də xüsusi yanaşması ilə yaddaşlarda iz qoyan Heydər Əliyevin 100 illiyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı Baş İdarəyə istinadən xəbər verir ki, açılış mərasimində ictimai və siyasi xadimlər, xalq rəssamları, sənətşünaslar və sənətsevərlər iştirak ediblər. Sərgidə Turan Muxtarzadə, Şəmirə Ağayeva, Nuranə Babayeva, Kəmalə Əliyeva, Reyhan Osmanova və digər rəssamların əl işləri nümayiş olunub.
Xalça Muzeyində təşkil olunan və 28 rəssamın 40-a yaxın əsərinin yer aldığı sərgi aprelin 16-a kimi davam edəcək. Sərginin əsas məqsədi Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etməkdir.
Qeyd edək ki, sərgi günlərində ziyarətçilər muzeyin iş saatları daxilində (12-15 aprel saat 9:00-18:00 kimi, 16 aprel 9:00-15:00 kimi) müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış ola, bəyəndikləri rəsm əsərlərini əldə edə bilərlər.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət” rəsm əsərlərinin qiymətlərilə də maraqlanıb. İnanın ki, çox münasib qiymətlərdir. Yəni dünya standartları ilə götürsək, demək olar ki, havayıdır.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)