Moskvada rəssam İnci Vəliyevanın rəsmlərindən ibarət “İnam. Ümid. Sevgi” adlı sərgi təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən sərginin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi çıxış ediblər.
İnci Vəliyeva Bakıda dünyaya gəlib, Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. O, 2017-ci ildə, 45 yaşında V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun Təsviri İncəsənət və Rəsm Məktəbinə daxil olub, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Sərginin bağlanış mərasimində M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondunun nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, rəssamın istedadının pərəstişkarları iştirak ediblər.
Mərasimdə çıxış edən Tamillə Əhmədova qeyd edib ki, rəssam və həkim İnci Vəliyevanın əsərləri öz səmimiliyi və xeyirxah ruhu ilə seçilir. O deyib: “Rəssam heyrətamiz dərəcədə həssas, başqaları ilə müqayisədə daha dərin, dəqiq və uzaqgörən baxış qabiliyyətinə malik olan bir insandır. İngilis yazıçısı, 2007-ci ilin Nobel mükafatı laureatı Doris Mey Lessinq bir dəfə bunu dəqiq ifadə edib: “Rəssamlar öz əsərlərini sevgi dili ilə yaradırlar və ancaq məhəbbətin gözü ilə onların haqqında mühakimə yürütmək olar”. Əsl rəssam İnci Vəliyevanın əsərlərinə baxdıqda, məhz bu aforizm yada düşür. Çünki onun timsalında tale möcüzəvi şəkildə bir istedadlı insanda rəssamlıq qabiliyyəti və incə oftalmoloq ixtisasını birləşdirib. Həqiqətən istedadlı insan bütün sahələrdə fərqlənə bilir. O, gözün incəliklərini gözəl bilən və öz vəzifə borcuna uyğun şəkildə xəstələrinə görmə qabiliyyətini qaytaran həkim və dünyanın bütün rənglərini, eyni zamanda, öz tabloları ilə incəsənəti sevənlərin önündə parlaq və çoxşaxəli dünyanı təsvir edən rəssamdır”.
T.Əhmədova vurğulayıb ki, rəssamın portretlərində yaxşı adamların aydın və xoşbəxt simaları əks olunub. O əlavə edib: “Onlar rəssamın dostları, valideynləri, sadəcə gözəl insanlardır. İnci Vəliyevanın tabloları öz personajlarına olan sevginin etirafıdır. Təkcə bu adlar çox mətləblərdən xəbər verir: “Qəlb”, “Ata”, “Şıltaq”, “Təmənnasız sevgi”. İnci Vəliyeva bizim hamımızın gözlərini dünyanın gözəlliyinə açır, xeyirxahlığa inamı qaytarır və bu, fiziki görmə qabiliyyətinin bərpası qədər nəcibdir. Ürəkdən arzulayıram ki, İnci Vəliyevanın hər iki həyatverici istedadı onun qəlbində, rəssam əllərində, oftalmoloq və həkim ürəyində və gözlərində sönmədən yaşasın”.
M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin sərginin təşkilinə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: “İnci Vəliyevanın rəsmləri qış mövsümündə, hələ soyuqların davam etdiyi bir dövrdə baharın gələcəyi və problemlərin keçmişdə qalacağına dair ümidlər verir. Onun tabloları gözəllik, qəlb, günəş, aydınlıq deməkdir və bu əsərlərdən ancaq zövq almaq olar”.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva qeyd edib ki, bu sərgi Novruz bayramı - təbiətin oyanması ərəfəsində təşkil olunub. “Qadın hər şeyin başlanğıcıdır. Qadın sevgi, inam və ümid deməkdir və sərgi məhz bu sözlərlə adlanıb”.
Rəssam İnci Vəliyeva onun yaradıcılığına verilən yüksək qiymətə görə tədbir iştirakçılarına minnətdarlıq edib. O bildirib ki, öz tablolarında pasiyentlərinin emosiyalarını, həyat yolunda rastlaşdığı maraqlı insanları canlandırıb. Xarici Ədəbiyyat Kitabxanasındakı sərgisini isə öz valideynlərinə həsr edib. Rəssam deyib: “Mənim üçün əsas vəzifə portretlərdə emosiyaları, baxışları əks etdirməkdir və yalnız bundan sonra personajlarım canlanır. Emosiyaları təsvir etməyə nail olanda, kətandan sənə canlı baxışı hiss edəndə, sözlə ifadə edə bilmədiyin hissləri yaşayırsan, öz qəhrəmanının daxili aləmi ilə ünsiyyətdə olursan”. İnci Vəliyeva əlavə edib ki, onun “Məsumluq” adlı növbəti sərgisi ahıllara və uşaqlara həsr olunacaq.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)