Kəlağayının sehri

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi kəlağayı ilə bağlı Novruz tədbiri keçirib

 

Azərbaycanın maddi-mənəvi irsi siyahısında özünəməxsus yer tutan kəlağayı son vaxtlar bir qədər də populyarlaşıb, ən azından, ölkəmizə gələn tutistlər özləri ilə bir yadigar suvenir kimi kəlağayı aparırlar. 

 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin həyata keçirdiyi layihələr sırasında kəlağayı ilə bağlı müxtəlif tədbirlər də az olmayıb, “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, növbəti belə tədbir martın 13-də Atatürk mərkəzində düzənlənib. 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı” ev-muzeyinin birgə təşkilatçılığı ilə sözügedən məkanda  "Kəlağayı əlvan qıyqacı" adlı sazlı-sözlü Novruz tədbiri təşkil olunub.

Adəti üzrə tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı” ev-muzeyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açıb. Güllü xanım tədbirin əhəmiyyətindən danışaraq, milli mənliyimizdə geyimlərimizin və kəlağayının önəmindən bəhs edərək deyib ki, Novruz bayramında milli sərvətlərimizin, həmçinin milli geyimlərimizin sehrinə düşürük, kəlağayı da milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatıb. 

Ən gözəl kalağayılar elə Atatürk mərkəzinin tədbir keçirilən zalında sərgilənib, bu qədim el sənəti nümunələri göz oxşayıb. 

Daha sonra bədii hissədə saz ifaçıları milli el havaları səsləndriblər.

Qeyd edək ki, kəlağayı qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. 

Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub. X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində bu  baş örtüyünün istehsal olunduğu qeyd edilib.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb.

2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

Keçmişimizə sayğı göstərək ki, gələcəyimiz olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.