Bu qara örpəkli ananın harayı

Reza Deqati Xocalı soyqırımını dünyaya çatdırmaqdadır

 

Onu daim ən vacib tədbirlərdə, ən qaynar nöqtələrsə görmək olar. Fotokamerasını çiynindən asaraq yaşına yaraşmayan cəldliklə irəliləyir, çəkəcəyi hədəfi bir anda obyektivinin əsirliyinə salır. O, əslən Güney Azərbaycandan olan Reza Deqatidir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində Xocalı qurbanlarını lentə alaraq vizual tarixi yaddaş yaradan tanınmış fotojurnalist Reza Deqatinin “khojalywitness.org” adlı yeni saytı dünyaya nümayiş olundu. 

 

Xocalı soyqırımının daha geniş tanıdılması üçün dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

Amma tək bu deyil. Xocalı soyqırımının 31-ci ildönümündə dünyaca məşhur fotojurnalist Reza Deqatinin istər ölkəmizdə, istərsə də dünyanın bir çox yerlərində silsilə sərgiləri açılıb. Növbəti belə sərgi Ağdamda təşkil olunub. Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbiri çərçivəsində Reza Deqatinin Birinci Qarabağ müharibəsi dövründə lentə aldığı Xocalı qurbanlarının başlarına gətirilmiş müsibəti əks etdirən fotoşəkillərdən ibarət sərgisinə baxış keçirilib. Qeyd edək ki, tədbir “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub. Fotoqrafın Xocalı faciəsi ilə bağlı naləsi ərşə

ucalan qara örpəkli qadın fotosu çox məşhurdur, elə dünən portalımızın Qazaxıstandan yayımladığı bir xəbərin fotosunda masa üzərində həmin o şəkil görünmüşdü.

Xatırladaq ki, Reza Deqati Ağdama birbaşa Avstriyanın paytaxtı Vyana şəhərindən gəlib. Vyanadakı məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı keçirilən aksiyada Reza Deqati çıxış edərək Xocalı dəhşətlərini bir daha dünya mediasının, iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar. Bəziləri ilk dəfə Xocalı faciəsindən agah olublar.

Xocalının dünyada tanıdılmasında, gündəmdə qalmasında Reza Deqatinin titanik əməyi vardır.

Tanrı Xeyirxahımızı qorusun!

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.