Xalq rəssamı Mirəli Mirqasımovun bu gün doğum günüdür

 

Cəfər Cabbarlının Bakı Dəmiryolu Vağzalının önündəki monumental abidəsinə kim heyran qalmayıb? Bu gün həmin abidənin müəllifi, Azərbaycan heykəltəraşlıq sənəti tarixində iz qoymuş, istər dəzgah, istərsə də monumental heykəltaraşlıq sahəsində yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbət qazanmış Xalq rəssamı Mirəli Mirqasımovun doğum günüdür, 99-cu ildönümüdür. 

 

O, 1924-cü il fevralın 9-da Bakı şəhərində AMEA-nın ilk prezidenti olmuş görkəmli akademik, Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımovun ailəsində dünyaya göz açıb. Təsviri sənətə olan böyük həvəsi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. 1944-cü ildə həmin məktəbi bitirən Mirəli təhsilini İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib və 1950-ci ildə təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı olub.

Qeyd etmək lazımdır ki, heykəltaraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük verib. Ümumiyyətlə, Azərbaycan heykəltəraşlıq sənətində nədənsə animalistik janrda heykəltaraşlıq əsərləri az yaradılıb. Bu baxımdan M.Mirqasımovun bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirəlayiqdir. Onun müəllifi olduğu dəzgah heykəltaraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Qız göyərçinlə” (1956, mərmər), “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc), “Akademik Mirəsədulla Mirqasımov” (1980, bürünc), “Hərəkət qüvvətdir” (1982, bürünc), “C.Cabbarlı” (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalanan hər bir sənət əsərinin ərsəyə gətirilməsi heykəltaraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib.

M.Mirqasımov mənsub olduğu ailənin gözəl ənənələrindən qaynaqlanan yüksək intellektuallığı və əməksevərliyi, seçdiyi sənətə sonsuz bağlılığı sayəsində heykəltaraş kimi böyük yaradıcılıq yolu keçib və onun yarım əsrdən artıq müddət ərzindəki fəaliyyəti Azərbaycanda heykəltaraşlığın inkişafında mühüm rol oynayıb. Mirəli Mirqasımovun monumental plastika sahəsindəki xidmətləri xüsusilə yüksək qiymətə layiqdir. Heykəltaraşın xalqımızın görkəmli oğul və qızlarının mərmərdə, qranitdə və tuncda əbədiləşdirdiyi obrazları küçə və meydanları, böyük sərgi və muzeyləri bəzəyən sənət inciləridir. Bakıda Cəfər Cabbarlının, Naxçıvanda Cəlil Məmmədquluzadənin monumental abidələri, Sumqayıtda Nəriman Nərimanovun büstü incəsənətimizin qızıl fonduna həmişəlik daxil olub. 

M.Mirqasımovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən sənət əsəri, heç şübhəsiz ki, qeyd etdiyimiz görkəmli yazıçımız Cəfər Cabbarlının Bakıda ucaldılan heykəlidir. Əzəmətli – hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə mükəmməl kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaq üstə, başını sola çevirmiş, əlləri sinəsində qoşalanmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Dramaturqun bədii obrazında ekspressiv, üsyankar və barışmaz “mən”i daha çox surətin zahiri quruluşu ilə üzə çıxarılıb. Dramatizm və dinamizm, yazıçının daxili gərginliyi abidənin ümumi plastik həlli yolu ilə açılıb. Heykəltaraş bu əsərində də paltodan obrazın ümumi bədii həllində vahid element kimi istifadə edib. Yazıçının çiyinlərindən sallanan palto sanki teatrın pərdələrini xatırladır və obrazın monolitliyini və monumentallığını artırır. Postamentdə teatr maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya biçimində həllinə xidmət edir və surətin bədii ifadəliyinə əlavə estetik zövq gətirir. C.Cabbarlının heykəli Azərbaycan heykəltaraşlıq sənətində bədii və texniki işlənilmə, həmçinin qranitdən yonulmuş ən monumental heykəltaraşlıq abidəsi kimi daxil olub. Bu abidə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.

Heykəltaraşın əsərləri Rusiya, Polşa, Bolqarıstan, Almaniya, Kanada, Misir və başqa ölkələrdə uğurla nümayiş etdirilərək, Azərbaycan heykəltaraşlıq məktəbinə şöhrət qazandırıb.

Azərbaycan heykəltaraşlıq sənətinin inkişafında var qüvvəsini sərf etmiş M.Mirqasımovun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub. Onun mənalı yaradıcılıq yolu gənc heykəltaraş nəsilləri üçün zəngin sənət məktəbidir.

Respublikanın görkəmli heykəltaraşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Mirəli Mirqasımov 2003-cü il noyabrın 9-da ömrünün 80-ci ilində vəfat edib.

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.