Cəmi 30 il ömür sürən böyük Azərbaycan rəngkarının 131-ci ildönümü münasibəti ilə

Ötən gün Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü tamam oldu. 

 

Gəlin müxtəlif mənbələrdəki Bəhruz Kəngərli barədə bilgilərə nəzər yetirək. Dahi rəssam 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açıb. Qısa ömrü ərzində rəssam çox ilklərə imza atıb. Görkəmli fırça ustası Azərbaycanın sulu boya ilə işləyən ilk rəngkarı, ilk realist boyakarı və Naxçıvanın ilk teatr rəssamı olub. Həm də Azərbaycanın ilk ali təhsilli rəssamı kimi də onun adı tarixdə qalıb.

Rəssamlıq istedadını Bəhruzda ilk dəfə atası aşkarlayıb. Oğlunun rəsm sənətinə marağını və qabiliyyətini görən Şirəli bəy onu Tiflisdəki boyakarlıq-heykəltəraşlıq məktəbinə gətirib. Bəhruz bu təhsil ocağında oxuyan ilk azərbaycanlı tələbə idi. Məktəbdə dərs aldığı illərdə istedadı ilə hər kəsi təəccübləndirməyi bacaran Bəhruzun püxtələşməsində böyük ədibimiz Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” jurnalının böyük rolu olub. 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk sərgisi böyük ədibi heyran edib. Bəhruzun gözəl mənzərələri, xalq məişətinin səhnələri sadə, təbii, tamaşaçıların başa düşəcəyi real tərzdə, həm də böyük məhəbbətlə əks etdirildiyindən özü də sadəlik aşiqi olan Mirzə Cəlil oninla şəxsən tanış olub, bu tanışlıq birgə əməkdaşlığa səbəb olub. 

Cəmi 30 il ömür sürən Bəhruz Kəngərli yaradıcılıqla, sadəcə, 7 il məşğul ola bilib. Uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamın sənətə olan sonsuz sevgisini qətiyyən azaltmayıb, həyat eşqinin alovlanmasına əngəl ola bilməyib. 30 illik qısa, lakin olduqca mənalı ömründə yaratdığı 2000-ə yaxın təkrarsız əsərləri ilə adını mədəniyyət tariximizə həkk etdirib. 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsini fırça ilə ağ kətanın üzərinə köçürən rəssam bizə böyük irs qoyub.

Bəhruz Kəngərli həm də tablolarında tariximizi yaşadıb. Onun qaçqınlara həsr etdiyi 30-dan çox portreti var ki, bunlar təkcə təsviri-incəsənət tarixi üçün deyil, eyni zamanda, həmin portretlərdə o vaxtlar baş verən siyasi hadisələrin, erməni təcavüzkarlığının, doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların obrazlarını və bütövlükdə bütün bu proseslərin izlərini görə bilirik. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və digər onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi çox qiymətlidir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, həmin əsərlərdən rəssam gəlir əldə etməyib. Bəhruz Kəngərli fırçasını silaha çevirərək tarixi ədalətsizliyə qarşı üsyan edib. 

Keçmiş yaşananlarla bağlı reallığı öz əsərlərində əks etdirməklə bu günə dəyərli yadigarlar qoyub dahi rəssam.

Vaxtilə sovet hökumətinin dağıtdığı bir çox abidələr məhz Bəhruz Kəngərlinin əsərləri sayəsində bərpa olunub. Nuh Peyğəmbərin məzarının yeri də qüdrətli fırça ustasının yaratdığı tablolar əsasında müəyyən edilərək məzarüstü türbə bərpa edilib. Nuhun türbəsinin xarici görünüşü, tikinti quruluşu, memarlıq üslubu haqqında ən sanballı və nadir mənbələrdən biri Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin naturadan çəkdiyi “Nuhun türbəsi” ilə bağlı silsilə əsərləridir.

Bəhruz Kəngərli yorulmadan çalışıb, boyakarlıq və qrafika əsərləri yaradıb, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açıb, fərdi sərgilərini təşkil edib. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. Fırça ustasının yaradıcılığında mənzərə janrı da mühüm yer tutub. Onun müşahidə etdiyi və rəssamı ilhama gətirən təbiət gözəllikləri “Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” və digər əsərlərində, mədəniyyət abidələri isə “Möminə Xatun türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri” əsərlərində əks edilib. İlin fəsillərinə aid tablolarından “Payız” və “Bahar”ı göstərmək olar.

Bəhruz Kəngərli ilk peşəkar rəssam kimi Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Bəhruz Kəngərlinin əsərləri onun ev-muzeyi ilə yanaşı, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində qiymətli eksponatlar kimi qorunub saxlanılır.

Ölkəmizdə, eləcə də rəssamın doğulub boya-başa çatdığı Naxçıvanda daim diqqətdə saxlanılan Bəhruz Kəngərli irsinə hər zaman qayğı göstərilib. Belə ki, Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonu Bəhruz Kəngərli adına Sərgi Salonu adlandırılıb. Rəssamın anadan olmasının 110, 120 və 130 illiyi təntənəli şəkildə silsilə tədbirlərlə qeyd olunub. Bəhruz Kəngərli irsinin daha geniş öyrənilməsi məqsədilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. Hazırda bu mədəniyyət müəssisəsinin fondunda 1250-dən çox eksponat vardır ki, bunlardan 388-i ekspozisiyada sərgilənir. Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasının zənginləşdirilməsi məqsədilə görkəmli rəssamın 200-dən çox əsəri Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilərək bu mədəniyyət müəssisəsinə təqdim edilib. 2016-cı ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.

Ruhu şad olsun!

 

Şəkildə: Rəssamın “Qaçqınlar” rəsmi. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.