“Ədəbiyyat və incəsənət” portalı sizlərin ölkəmizin ən gözəl memarlıq nümunələri ilə tanışlığınızı davam etdirir. Bu dəfə yolumuz Bakıyadır. Gidimiz bizi İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksinin həyətində yerləşən Seyid Yəhya Bakuvi türbəsinə aparır.
Seyid Yəhya Bakuvi türbəsi dünya əhəmiyyətli memarlıq abidələri siyahısındadır. Türbənin tikilmə tarixi XV əsrin II yarısına aid edilir.
Türbədə Şirvanşah I Xəlilullahın dövründə saray alimi olmuş Seyid Yəhya Bakuvi dəfn edilib. Bakuvi sufi olduğuna görə türbəni elmi ədəbiyyatda tez-tez "Dərviş məqbərəsi" kimi adlandırırlar.
Dərviş türbəsi piramidaya oxşar gümbəzlə örtülmüş balaca bir binadır. Bu gümbəz Bakı yaxınlığında, Şamaxı rayonunda və Azərbaycanın başqa rayonlarında olan türbələrin gümbəzinə oxşasa da, Abşeron abidələri içərisində bu sayaq yeganə abidə sayılır, çünki Abşeronun başqa türbələrinin gümbəzi adi formadadır.
Türbənin divarları və tağı yaxşı yonulmuş daşdan tikilib. Yeri gəlmişkən, pəncərənin taxta çərçivəni əvəz edən şəbəkələri də daşdan yonulub.
Türbə orta həyətdə mərkəzi yer tutur. Türbə, həcmdə piramida şəkilli alaçıq kimi tamamlanıb, planda səkkizüzlü formaya malikdir. Türbənin daxili məkanı yeraltı sərdabəyə və yuxarı kameraya bölünür.
İllərdir hər birimiz Şirvanşahlar Sarayı Kompleksini gəxirik, Seyid Yəhya Bakuvi türbəsini görürük, amma mahiyyətinə varmırıq ki, bu nə tikilidir.
İndisə bildik.
“Ədəbiyyat və incəsənət”
(09.01.2023)