Azərbaycanın qış gözəllikləri nümayiş edilir

 

Ötən gün Bakı Fotoqrafiya Evində “Sehrli Qala” festivalı çərçivəsində ölkəmizin qış mənzərələrini əks etdirən fotosərgi açılıb. Sərgi “Azərbaycanın qış gözəllikləri” adlanır. 

 

Sərginin açılış mərasimi xeyli təntənəli olub. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova sərgini açıq elan edərək çıxış edib. O, sərginin əhəmiyyətini qeyd edib, Mərkəzin təşkilatçılığı ilə açılan bu sərginin 2023-cü il üçün ilk tədbirlər sırasında olduğunu bildirib. 

“Azərbaycanın qış gözəllikləri” adlı sərginin təşkilində bəs məqsəd nədir? 

Hər şeydən öncə, ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaq! 

Tədbirin kuratoru, fotoqraf Rüstəm Hüseynov və fotoqraf Aydın Mehdiyev sərgidə iştirak edən bütün fotoqrafları təbrik edərək, bu cür sərgilərin açılmasının gözəl və vacib iş olduğunu vurğulayıblar. 

Rüstəm Hüseynov bildirib ki, layihənin ideyası adətən isti mövsüm mənzərələrini əks etdirən sərgiləri ziyarət edərkən yaranıb. Düşünülüb ki, həmin sərgilərdə qış mənzərələrini də əks etdirən fotoların yer alması daha maraqlı ola bilər. 

Əlbəttə ki, isti cənub ölkəsinin qış mənzərələrinin də öz gözəlliyi var. 

Qeyd edək ki, sərgi yanvarın 12-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.