Sərgi Umgülsüm Sadıqzadəni insanlara daha çox tanıtdı və sevdirdi Featured

Uzun illərdir ki, paytaxtımızın mədəni həyatında öz fəaliyyəti ilə incəsənətimizin təbliğinə bir çox töhfələr verən “Bakı” Rəsm Qalereyası yenidən maraqlı layihələrlə öz qapılarını sənətsevərlərin üzünə açmaqdadır. Belə ki, qalereya bir çox tarixi hadisələrə şahidlik etmiş doğma İçərişəhərimizin ərazisində yerləşməklə həm paytaxt sakinlərini, həm də əcnəbi qonaqlarımızı Azərbaycanın görkəmli təsviri sənət ustalarının əl işləri ilə yaxından tanış edir. Professional rəssamlarla yanaşı, qalereya, eyni zamanda, fitri istedada malik olan insanların da yaratdığı sənət nümunələrini aşkarlayıb taparaq, onları üzə çıxarır və sənətsevərlərə təqdim edir. 

“Ədəbiyyat və incəsənət” portalı belə sərgilərdən biri barədə sizləri bilgiləndirir. 

 

Az öncə “Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayevin bir media açıqlaması diqqətimizi  çəkmişdi. O, bir istedadı üzə çıxarmışdı, söhbət yazıçı-publisist Nəcibə Bağırzadədən gedir. 

E.Babayevin sözlərinə görə, Nəcibə Bağırzadə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Vətən ayrısı Rəsulzadələr”, “Uzaqdakı yaxından” kimi bir neçə kitabın, həmçinin Azərbaycan Radiosunda Cümhuriyyətə həsr edilmiş silsilə verilişlərin müəllifidir, amma bizi onun yazarlıq fəaliyyəti deyil, başqa fəaliyyəti maraqlandıracaq. Eldəniz Babayev söyləmişdi ki, publisistika sahəsi ilə yanaşı, Nəcibə xanım dekorativ təsviri sənət sahəsində də çox gözəl sənət nümunələri yaradaraq, sənətsevərləri valeh edir. Bu nəcib sənət nümunələri parça və tekstildən hazırlanmışdır. Əsasən 30-a qədər “Gül çələngindən” ibarət olan ekspozisiya göz oxşayır. Çox böyük rəng duyumu və kompozisiya quruluşu müəllifin düzəltdiyi bu sənət nümunələrində özünün estetik gözəlliyindən xəbər verir. Onun “Çəmən ayrısı” adlı sərgisi Azərbaycanın repressiya olunmuş qadın şairi Ümgülsüm Sadıqzadənin xatirəsinə həsr olunacaq. 

Qalereya direktoru bildirmişdi ki, iki gün davam edəcək sərgidə Ümgülsüm xanıma aid fotomateriallar da nümayiş olunacaq. 

Beləcə, sərgi Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və “Bakı” Rəsm Qalereyasının təşkilati dəstəyi ilə açıldı da, hədsiz maraq oyatdı da. 

 

Ümgülsüm Sadıqzadə 1899-cu ildə Novxanı kəndində doğulub. Tanınmış yazıçı, repressiya qurbanı Seyid Hüseyn Sadıqzadənin (1887-1938) həyat yoldaşı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı olub. Seyid Hüseyn güllələndikdən sonra həyat yoldaşı da yeddi il sürgün həyatı yaşayır. 1944-cü ildə sürgündən qayıtdıqdan bir neçə ay sonra vəfat edib.

Ümgülsüm Sadıqzadə faciəli həyat sürüb. O, gənc yaşlarından azadlıq ruhlu şeirlər qələmə alıb. Yaradıcılığının ən bəhrəli dövrü 1918-1920-ci illərə – Cümhuriyyət dövrünə təsadüf edir. Onun ürəyi Azərbaycanla döyünürdü. Şeirlərində xalqımızın milli müstəqilliyə qovuşduğunu tərənnüm edirdi.

 

Sərginin açılışı mərasimində vurğulandı  ki, Ümgülsüm Sadıqzadənin xatirə axşamı Məhəmməd Əmin Rəsulzadənin ədəbi-filoloji irsinin tədqiqatçısı, jurnalist Nəcibə Bağırzadənin sayəsində təşkil edilib.

Tədbirdə çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi, rəssam-pedaqoq Rəis Rəsulzadə iştirakçılara təşəkkürünü bildirdi. Qeyd etdi ki, Cümhuriyyət dövrünün şairləri Azərbaycan ədəbiyyatında xüsusi yer tuturlar.

Digər çıxış edənlər şairənin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında danışdılar.

Bizdən isə Nəcibə xanıma çox sağ ol demək qalır. 

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.