“Bəyaz”ın al-əlvan çalarları Featured

Xalq rəssamı Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Bəyaz” adlı sərgisi xoş ovqat yaratmaqdadır

 

Burda rəng palitrası o qədər müxtəlifdir ki, hətta bəzi rəng çalarlarını ilk dəfə görürmüş kimi onlara valeh olursan. Üçbucaq, dairə, kub və digər həndəsi fiqurların çarpazlaşmasından rəssamın uğurla yaratdığı mənzərələr əsl yenilikçilikdən  xəbər verir. Bu yel dəyirmanıdır, bu köhnə Bakının dar-dolanbac küçəsidir, bu qadındır…

Bəziləri bu rəsmləri mozaika, bəziləri panno adlandırar, onlar qəribə, qəribə olduqları qədər də baxımlıdırlar. Rəsm dili iləsə onlar avanqard rəsmlər adlanır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Müasir İncəsənət Muzeyində Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor, Əməkdar incəsənət xadimi Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Bəyaz” adlı sərgi açılıb. Sərgi Müasir İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi, Media FM, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin təşkilatçılığı ilə təşkil olunub. 

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və başqaları çıxış edərək rəssamın həyat və fəaliyyətindən söz açıblar.

Diqqətə çatdırılıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. İlk bədii təhsilini Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində “Qrafik dizayn” ixtisası üzrə davam etdirib. Uzun yaradıcılıq yolu keçən Arif Əziz zəhməti və istedadı nəticəsində çox böyük uğurlara imza atıb. Bugünkü sərgi rəssamın keçdiyi yola nəzər salır və onun ötən illər ərzində yaratdığı bənzərsiz sənət əsərlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Arif Əziz ötən illər ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsinə böyük əmək sərf edib.

Arif Əzizin Azərbaycan təsviri sənətində orijinal bir yol kəşf edərək öz üslubunu müəyyən etdiyini bildirən natiqlər onun yaradıcılığını Azərbaycan avanqard rəssamlığının son yarım əsrdəki ən aparıcı istiqamətlərindən biri kimi səciyyələndiriblər.

Vurğulanıb ki, Arif Əziz ağ rənglərlə təsviri sənətimizin bəyaz dünyasını yaradıb. 

Azərbaycan “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Arif Əzizə “Dədə Qorqud” mükafatını təqdim edib.

Xalq rəssamı Arif Əziz çıxış edərək yaradıcılığına göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda qonaqlar 2023-cü il yanvarın 24-dək davam edəcək sərgi ilə yaxından tanış olublar.

Və belə təəsaürat da var ki, düz bir ay ərzində hər gün Müasir İncəsənət Muzeyinin  zalı tamaşaçılarla dolu olacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.