Bu gün sürətli urbanizasiyanı yaşayan dünyaya vertikal baxmaq nə məna kəsb edir? Yerin vertikal quruluşunu necə anlamaq olar? Son zamanlara qədər bizim dünyəvi biliklərimizdə üfüqi perspektiv üstünlük təşkil edirdi, ona görə də coğrafiya düz səthi xəritələrdə göstərilirdi. Geosiyasət anlayışı xəritələr və qlobuslar üzərində təşkil edilmiş ənənəvi milli dövlətlərə aiddir.
Müasir milli dövlətləri, coğrafi və geosiyasi elmləri formalaşdırmaq üçün xətti perspektiv zəruri idi. Coğrafiya və geosiyasət dövlətlərin üfüqi dünyagörüşündə regional güc və ərazi uğrunda necə mübarizə apardıqlarını izah edirdi. Belə bir perspektiv dünyanın üçölçülü quruluşunu nəzərə almır. İncəsənət, memarlıq və geologiyada bununla bağlı müzakirələr aparılsa da, gündəmdə hələ də xətti perspektiv mövzusu üstünlük təşkil edir.
İngilis coğrafiyaşünası Dorin Massi 1994-cü ildə yazırdı ki, "xəritədə sərhədlər yerləri müəyyən etmir". Əslində, onlar "sosial münasibətlərdə və şəbəkələrin anlamasında ifadə olunan məqamlardır". Çağımızda bu münasibətlərin əksəriyyəti kiçik yerlərdən keçir. "Multiperspektivdə" isə onların dünya miqyasında bir-biri ilə qarşılıqlı və vertikal şəkildə təşkil olunmuş əlaqələrinə əla nümunədir. Sərgi insan təcrübəsi ilə sıx şəkildə üst-üstə düşən material və coğrafi baxımından multiperspektiv formaları araşdırır. Vertikal və digər məkan metaforaları ünsiyyəti yenidən qurub yaratmaq üçün işləyir; vertikal birbaşa sosial həyatın fiziki təcrübəsindən irəli gəlir və insanların sosial və siyasi dünyanı necə qavramasına və formalaşmasına fəal təsir göstərir.
Konseptual olaraq, sərgi sürətlə urbanizasiyalaşan dünyamızın siyasi, sosial və şəhər mübarizəsini belə çoxölçülü və tənqidi perspektivdən təqdim edir. Sərgi bütün hadisə, mühit və dünyaları təsvir etmək, təcrübədən keçirmək və təhlil etmək, habelə bunun necə baş verdiyini problem kimi vurğulamaq üçün vertikal metaforalardan istifadə edir. Biz buna nail olduqda, bu, şəhərə, siyasətə, həyata və coğrafiyaya tənqidi, vertikal və həqiqətən də hərtərəfli baxışlarımızı inkişaf etdirərək "dünyanı yenidən görməyə" imkan verəcək.”
Söhbət bilirsiniz nədən gedir?
Dekabrın 1-də YARAT Müasir İncəsənət Məkanı 17 türk rəssamının – Setenay Alpsoy, Selçuk Artut, Vahap Avşar, Osman Bozkurt, İpek Duben, Işıl Eğrikavuk və Jozef E.Amado, Nezaket Ekici, Cevdet Erek, Ahmet Rüstem Ekici və Hakan Sorar, Özlem Günyol və Mustafa Kunt, Hakan Gürsoytrak, Ali Kazma, Serhat Kiraz və Seyhun Topuz – yeni yaradılmış, həmçinin ən son illərin əsərlərindən ibarət "Multiperspektivdə" adlı yeni qrup sərgisini təqdim edəcək. Yuxarıda qeyd etdiklərimiz də həmin sərginin anlamını xarakterizə edirdi.
Bu müxtəlif aspektlər və onlar arasındakı təzadların nümayişi sayılacaq sərginin açılışı günündə - yəni dekabrın 1-də daha sonra film nümayişi, panel müzakirələri baş tutacaq, mühazirələrdən ibarət geniş ictimai proqram müzakirəsi təşkil olunacaq.
Sərgi 2023-cü il aprel ayının 30-dək ziyarətçilər üçün açıq qalacaq.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunacaq sərginin kuratoru Fırat Arapoğlu olacaq.
Şəkildə: Setenay Alpsoy çəkdiyi rəsmlərin fonunda
“Ədəbiyyat və incəsənət” (24.11. 2022)