Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan fotomüsabiqə başa çatıb

 

Bu il Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illik yubileyidir. Əlamətdar yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir, ölkəmizdə olimpiya hərəkatının keçdiyi yola nəzər salınır.

Milli Olimpiya Komitəsi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən və komitənin yubileyinə həsr olunan "Azərbaycanda Olimpiya hərəkatı" mövzusunda fotomüsabiqə də belə layihələrdəndir.

 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, Bakı Fotoqrafiya Evində fotomüsabiqə iştirakçılarının əsərlərindən ibarət sərginin açılışı keçirilib.

Mərasimdə MOK-un baş katibi Azər Əliyev, vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Mədəniyyət Nazirliyinin əməkdaşları, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu il 30 illiyini qeyd edən qurumun idmanın və olimpiya hərəkatının, olimpiya ideallarının inkişafı və təbliği istiqamətində özünəməxsus dəst-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacardığını bildirib. Qeyd edib ki, 30 illik tarixə nəzər saldıqda görürük ki, qarşıda Milli Olimpiya Komitəsini, olimpiyaçılarımızı zəfər və qürur dolu illər gözləyir.

MOK-un yubileyinə həsr olunan müsabiqə haqqında məlumat verən Çingiz Hüseynzadə vurğulayıb ki, sənət yarışmasına bu ilin 15 avqust tarixindən başlanılıb. Azərbaycanın 20 peşəkar fotoqrafı müsabiqənin əsasnaməsinə uyğun olaraq, 10-dək foto göndəriblər. Münsiflər heyəti 187 foto arasından ən yaxşılarını seçib.

Azərbaycan Fotoqraflar Birliyi İdarə Heyətinin sədri, münsiflər heyətinin üzvü Rauf Umudov söyləyib ki, 12 nəfərdən ibarət münsiflər heyəti fotolara onlayn qaydada baxış keçirib, sonra seçdikləri fotolar haqqında rəylərini MOK-a təqdim ediblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışında MOK-un yubileyi münasibətilə təbriklərini çatdırıb. O, həmçinin fotomüsabiqədə qalib adını qazanan iştirakçıları təbrik edib, yeni uğurlar arzulayıb.

Çıxışlardan sonra müsabiqə qaliblərinin adları elan edilib. Dilavər Nəcəfov I, Yaqub Cəfərov, İlqar Cəfərov II, İslam Atakişiyev, Bəhruz Qurbanlı və Azər Əlizadə isə III yerlərə layiq görülüblər.

Qaliblərə MOK-un pul mükafatı və diplomları təqdim edilib.

Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.