Milli İncəsənət Muzeyində Cartier Zərgərlik Evinin dəstəyi ilə bərpa edilmiş gözəlliklər nümayiş olunur Featured

 

Azərbaycanın maddi-mədəniyyət nümunələri, o cümlədən zərgərlik əşyaları hər zaman öz orijinallığı və zərifliyi ilə diqqəti cəlb edir. Belə ki, Azərbaycan Milli İncəsənət Muzeyi dünyaca məşhur Cartier Zərgərlik Evinin dəstəyi ilə muzeyin kolleksiyasında qorunan üç sənət əsərini bərpa edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dünyaca məşhur Cartier brendi Azərbaycanın ən nüfuzlu muzeylərindən olan – Milli İncəsənət Muzeyi ilə birgə əməkdaşlığa başlayıb, eksponatların bərpa layihəsini dəstəkləyərək xalq sənətkarları və zərgərlərin əsərlərini bərpa etməyə yardım edib. Restavrasiya işləri XX əsrə məxsus rəngli daşlarla bəzədilmiş, gümüş və metaldan hazırlanmış qadın kəməri, “buta” elementləri ilə bəzədilmiş tacşəkilli baş bəzəyi, gəlinin toy ərəfəsində bəzək əşyalarını saxladığı mücrü üzərində aparılıb. “Azərsuvenir” MMC-də “şəbəkəçi zərgər” vəzifəsində çalışan peşəkar mütəxəssis muzeyin dəvəti ilə predmetlərin bərpası üzərində işləyərək tarixi əşyaları üç ay ərzində bərpa edib.

Cartier şirkətinin Rusiya və MDB üzrə idarəedici direktoru Yanina Novitskaya bildirib ki, Cartier Evi uzun və zəngin tarixi boyunca müxtəlif incəsənət formalarından, dünya mədəni irsindən ilham alıb və ilham mənbəyi olan bu dəyərli irsi gələcək nəsillər üçün saxlamağa çalışıb. İslam mədəniyyəti Cartier-in estetik dəyərlərinə böyük təsir göstərib. O, Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıqdan qürur duyduğunu və bu layihənin Şərqin zərif tətbiqi sənətinə diqqət cəlb edəcəyini vurğulayıb.

XIX və XX əsrlərdə yaradılan bu eksponatlar xalq ustalarının, mahir zərgərlərin əl işləridir. Tədqiqatlar göstərir ki, Azərbaycanın milli geyim mədəniyyətində qadın zinət əşyaları xüsusi yerə malik olub. Gəlin toya zinət əşyalarında çıxır və onun üzərindəki bəzəklər ailəsinin cəmiyyətdəki statusunu vurğulayırdı. Zinət əşyaları arasında kəmər və baş bəzəyi xüsusi əhəmiyyət kəsb edirdi. Kəmər gənc qadının həyatının bir mərhələdən digərinə keçidini simvolizə edirdi. Adətlərə görə toy günü kəməri gəlinin belinə ya qardaşı, ya da atası taxırdı. Gəlinə cehiz kimi mücrü də verilməli idi. Gəlin ərinin ona verdiyi zinət əşyalarını orada saxlayırdı. Bu mücrülərdə təkcə XIX əsr zərgərləri tərəfindən hazırlanmış və gələcək nəsillərə ötürülən zinət əşyaları deyil, həm də uzun tarixə malik qiymətli xatirə əşyaları saxlanılırdı. Mücrü nə qədər dəbdəbəli görünüşə malik olardısa, onun içindəki zinət əşyaları da bir o qədər qiymətli olardı.

“Toy mərasimi Azərbaycan xalqının ölməz və unudulmaz adət-ənənələrindən biridir. Bu ənənələrdə xalqın gözəllik sevgisi özünü aşkar şəkildə ifadə edir. Bu əşyaların hər biri öz dövrünün estetikasını simvolizə edir, xalq adətlərinin gözəlliyindən xəbər verir. Bu zinət əşyaları həm ailələrin tarixini, həm də əbədiyaşar xalq yaradıcılığını özündə təcəssüm etdirir” - deyə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam, professor Çingiz Fərzəliyev bildirib.

Bakı muzeyi üçün bu əlamətdar hadisə fərqli mədəniyyətlərin bədii üslubunun qəbul edilməsi yaradıcı interpretasiyasına can atan Paris Zərgərlik Evinin tarixinin 175 illik yubileyinin yeni sətri oldu. Bu yaxınlarda Parisin Dekorativ İncəsənət Muzeyində keçirilən “Cartier və İslam incəsənəti: Müasirlik axtarışında” sərgisi bunu bir daha sübut edir ki, şərq mədəniyyəti evin üslub və repertuarının inkişafına ciddi təsir göstərib. Parisdə keçirilən genişmiqyaslı ekspozisiyada Şərqin XX əsrin əvvəllərindən bu günə qədər fransız zərgərlik evinin üslubuna təsirini əks etdirən 500-dən çox eksponat təqdim olunub.

“Dekorativ-tətbiqi sənət əsərlərində: xalçalarda, tikmələrdə, bədii işləməyə malik metalda, zərgərlikdə xalqın dünyagörüşü, fəlsəfəsi özünü ən bariz şəkildə göstərir. İncəsənət əsərlərinin düzgün bərpası və konservasiyası muzeylərin ən mühüm vəzifələrindən biridir və Cartier Evinin buna köməklik göstərməsi çox yaxşı haldır. Təbii ki, bu eksponatların hər birinin yüksək bədii, elmi və tarixi əhəmiyyəti var”, - deyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin Cartier Evi ilə yaradıcı əməkdaşlığı diqqəti bir daha Şərq tətbiqi sənətinə cəlb edəcək. Ekspozisiyaya gələn ziyarətçilərin bərpa olunmuş əşyalardan mənəvi zövq alması və müxtəlif dövrlərin ustad sənətkarları ilə tanış olması üçün gözəl fürsətdir, çünki layihənin əsas məqsədi sənətkarlıq və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.

 

Qeyd edək ki, Cartier Evi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Yeddi nar çubuğu" xalq nağılının motivlərinə əsaslanan tamaşa səhnələşdirilib. 2021-ci ildə Azərbaycan Xalça Muzeyinin iştirakı ilə Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkanların sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi keçirilmiş və sərgi inklüziv muzey işi sahəsində inqilabi çevrilişə səbəb olub. Həmçinin, 2021-ci ildə Bakının möhtəşəm tarixi və memarlıq abidələri haqqında onlayn bələdçi sistemi yaradılıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.