Müasir İncəsənət Muzeyində “İkinci nəfəs” adlı sərgi açılıb

 

Müasir İncəsənət Muzeyində “İkinci nəfəs” adlı sərgi açılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir. 

 

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, “Cultural Network House” (CNH) İctimai Birliyinin və Müasir İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə reallaşıb.

Açılış mərasimində rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, diplomatik korpus təmsilçiləri iştirak ediblər.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək layihənin incəsənətimiz üçün önəmindən və sərgilənən əsərlərin dövrümüz üçün dəyərindən bəhs edib. Nazir bildirib ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna daxil olan dəyərli sənət nümunələridir. Qalereyanın fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10 mindən çox nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Rəsm Qalereyası mədəniyyətimizin hamisi ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində yaradılıb və uzun illərdir təsviri sənətimizin qorunmasına xidmət edir.

Onun sözlərinə görə, CNH öz fəaliyyətində incəsənətin bütün sahələrində olduğu kimi, rəssamlıq sahəsinə də çox böyük önəm verir. Məhz bu səbəbdən, İctimai Birliyin sədri Aynur Süleymanzadənin rəhbərliyi ilə 7 ay ərzində hazırlanan bu layihədə əsərlər bərpa olunub və 1960-1990-cı illərə aid rəsmlərə “İkinci nəfəs” verilib.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində 41 rəssamın 1960-1990-cı illər arasında çəkdiyi 72 əsər seçilərək sərgiyə təqdim olunub. Rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Baba Əliyev, Xalidə Səfərova, Lətif Feyzullayev, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Oqtay Şıxəliyev, Hafiz Məmmədov, Mikayıl Abdullayev və digərləri yer alıb.

Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin təsviri sənətinin inkişafı naminə imzaladığı çoxsaylı sərəncam və fərmanlardan danışan nazir bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı sayəsində bu gün ölkəmizin zəngin mədəni dəyərləri dünyada geniş təbliğ olunur. Hazırda sərginin təşkil olunduğu bu muzey də məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Sərginin bir ay müddətində davam edəcəyini bildirən nazir qeyd edib ki, zəngin rəngkarlıq məktəbimizin gənc nəslə çatdırılması baxımından da layihə böyük əhəmiyyət kəsb edir.

Sərginin açılışında çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ötən əsrin 60-cı illərini Azərbaycan təsviri sənəti üçün bir intibah dövrü adlandırıb. Həmin dövrə mənsub rəssamların yaradıcılığının özəlliyindən söz açan F.Xəlilov bildirib ki, onların yaratdığı əsərlər əbədiyaşardır. O, layihənin təşkilinə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanın təsviri sənət nümayəndələri bu gün də xalqımızın mədəni-ictimai həyatında fəal iştirak edirlər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi noyabrın 6-dək davam edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.