Xalça Muzeyində unikal bir sərgi ilə tanış ola bilərsiniz

 

Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisi açılıb. 

Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş olunur.

Sərgidə yüksək bədii zövqü, xüsusi fərdi üslubu ilə seçilən Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərlə, mənzərələr, natürmortlar, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsilə əsərləri təqdim edilir.

Burada ziyarətçilər rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə çoxşaxəli yaradıcılığa malik Ucal Haqverdiyevin istedadının yeni aspektləri ilə tanış ola bilərlər. Bu sərgi vasitəsilə ilk dəfə rəssamın müəllifi olduğu bədii tikmələr, keramika məmulatları, ağac və daş üzərində işləri geniş ictimaiyyətə təqdim edilib. Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, İtaliya İntibahı üslubunda yaratdığı həyat yoldaşı Yelenanın portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar üstünlük təşkil edir. Onun keramika və ağacdan əsərlərinin böyük əksəriyyəti isə heyvan təsvirləridir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.