Bu gün Anna İbrahimbəyovanın “Sirlərin aynası” adlı fərdi sərgisi açılacaq

 

Bu gün "Qız Qalası" Qalereyasında rəssam, sənətşünas Anna İbrahimbəyovanın fərdi sərgisi açılacaq. Sərgi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və “Platforma Art”ın təşkilatçılığı ilə reallaşacaq.

 

Xatırladaq ki, Anna İbrahimbəyova görkəmli mədəniyyət xadimi, mərhum Rüstəm İbrahimbəyovun həyat yoldaşıdır. 

Sərgidə A.İbrahimbəyovanın “Yağış”, “Əksolunma”, “Ağaclar”, “Qum”, “Kölgələr” və s. silsiləsindən 300-ə yaxın əsəri təqdim olunacaq. Onun 2020–2022-ci illəri əhatə edən fotoları əvvəllər heç yerdə nümayiş olunmayıb. 

A.İbrahimbəyovanın yaradıcılığı əksər parametrləri ilə konseptual foto nümunələridir və bu konseptuallığın əsas məqamlarından biri odur ki, müəllifin yaratdığı obrazlar ətraf aləmlə, özü ilə, əbədi və nəhayətsiz kainatla dialoqa girir. Bu dialoqun dili son dərəcə rəngarəngdir - burada ənənəvi yapon vizual qrafikası tərzindən tutmuş müasir fotoqrafiya formalarına qədər abstrakt və sürrealist kompozisiyalar əks olunur. Sanki Anna İbrahimbəyova öz fotoları ilə seyrçini yalnız özünün görə bildiyi “sirlərin dünyasına” maraqlı səyahətə dəvət edir.

Sərginin “Sirlərin aynası” adlandırılması təsadüfi deyil. Burada orta əsrlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin qətiyyətlə inandığı - dünyanın birliyini yalnız elm və sənət vasitəsilə dərk etmək olar. Kainatdakı qarşılıqlı əlaqələrin açarı burada gizlənir və məhz burada “çox bir olur, uyğunsuzluqlar nizama düşür” metaforasından istifadə edilib.

Qeyd edək ki, Anna İbrahimbəyova artıq 20 ilə yaxındır ki, fotoqrafiya ilə məşğul olur. 2007-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində onun ilk fərdi sərgisi açılıb. 2012-ci ildə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində növbəti sərgisi keçirilib. Müxtəlif illərdə onun fotoları bədii təqvim formatında çap olunub. “Baku” və “Nargis” jurnallarında Anna İbrahimbəyovanın yaradıcılığı və fəaliyyəti haqqında materiallar dərc edilib. 

Hazırda Anna İbrahimbəyova Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə rəhbərlik edir.

Sərgiyə mayın 12-də yekun vurulacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.