Martın 15-də İstanbulda beynəlxalq müsabiqələr laureatı, Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi açılıb.
Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyinə həsr edilən sərgi ölkənin ən nüfuzlu salonlarından olan “Niş Art Gallery”də baş tutub. Bu, azərbaycanlı rəssamın İstanbulda ilk sərgisidir.
Tədbirlə bağlı AzərTAC-a müsahibə verən rəssam sərgisinin məhz qardaş Türkiyədə, İstanbulda keçirilməsinin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib: “Türkiyənin mənim həyatımda xüsusi yeri var. Bir neçə beynəlxalq müsabiqənin laureatıyam. İştirak etdiyim bu müsabiqələrdən ilki isə məhz Türkiyədə, Ankarada olub. Mən hələ rəssam kimi ilk addımlarımı atmağa başladıqda bizə qardaş ölkədə türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkə həsr olunan beynəlxalq müsabiqənin keçiriləcəyi ilə bağlı məlumat daxil oldu. Bu müsabiqə məndə böyük maraq oyatdı. Orada çox iştirakçı var idi. Azərbaycandan da çox sayda istedadlı gənc müsabiqəyə qatılmışdı. O zamanlar daha yeni addımlarımı atmağa başlamışdım, elə o səbəbdən də əsərlərimə yüksək qiymət veriləcəyinə o qədər də inamlı deyildim. Lakin müsabiqə mənim üçün çox uğurlu oldu və qaliblər sırasında öz yerimi tutdum. Bu uğurum sonralar da davam etdi. Dünyanın müxtəlif ölkələrində sərgilərim təşkil olundu. Lakin, ilklərin yeri hər zaman başqa olur. Mən bu layihəyə “Niş Art Gallery” rəhbəri Nihat Tokatın dəvəti ilə qatılmışam. Müxtəlif mövzularda əsərlərim sərgilənir, lakin böyük əksəriyyəti Türkiyə və Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, tarixi abidələri və məkanlarına həsr olunub”.
Martın 20-dək davam edəcək sərgidə rəssamın son aylarda çəkdiyi iyirmiyə yaxın ən yeni əsərləri nümayiş olunur.