OĞUZ ABİDƏLƏRİNDƏN: Bu dəfə Uğan mağara Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayonunun ərazisi tarixi abidələrlə yanaşı, təbii abidələrlə də zəngindir.  Rayon uca dağları, dərin dərələri, sıx meşələri, təbii qoruq və kolluqları, şirin sulu çayları, şəlalələri, qayaları, zəngin bitki örtüyünə malik subalp və alp çəmənləri, təbii mağara və kahaları ilə də turistləri cəlb edir.

Belə təbii mağaralardan biri də Baş Daşağıl kəndinin girişində, Uluçayın qərb tərəfində, nəhəng qayaların altında yaranmış təbii “Uğan” mağarasıdır. Uğan mağarası ibtidai insanların ilk sığınacaq yerlərindən sayılır. Turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir Uğan mağarası.

 “Uğan” toponiminin mənası haqqında maraqlı fikirlər vardır. Xalq etomologiyasına və bəzi tədqiqatçıların fikrinə görə "Uğ" və ya "ağ" Günəşi simvolizə edir.  Digər ehtimala görə isə "uğultu”, qulağa gələn sürəkli səs mənasındadır. Bəzi türk dilli xalqlarda isə "uğan-oğan" sülh tanrısının adıdır.

Tədqiqatçıların çoxu isə “uğan” sözünü “Tanrı” kimi izah edirlər. Rus tədqiqatçısıA.K.Borovkov XV əsrdə yaşamış Tali İmaninin əsərindəki "uğan" sözünü "tanrı" kimi tərcümə etmişdir. Tədqiqatçı Pava -de-Kurteyl 1870-ci ildə Parisdə çap olunan əsərində, Fətəli şah Qacar "Kitabi-lüğəti-ətrakiyə" əsərində "uğan" ifadəsini "tanrı" kimi mənalandırmışlar. Qədim türk dilli abidələrin görkəmli tədqiqatçısı Radlov "uğan" sözünün uyğur və cağatay mənşəli olub "tanrı” anlamında işləndiyini qeyd etmişdir. Mirəli Seyidov XI əsrdə yaşamış Yusif Balasaqunlunun "Kutadqu bilik", XIII-XIV əsrlərdə yaşamış Əl- Xarəzminin "Məhəbbətnamə" və Abdullah-əl Qütbinin "Xosrov və Şirin" əsərlərində "uğan" ifadəsinin "tanrı" mənasında işlənildiyini bildirir. Türkoloq A.Zayonçikovski də Abdullah əl-Qütbinin adı çəkilən əsərindəki sözlərin lüğətini hazırlayarkən "uğan" sözünü "tanrı” kimi tərcümə etmişdir. P.M. Melioranski 1900-cü ildə Peterburqda nəşr etdirdiyi "Arabskiy filoloq o turetskom yazıke" əsərində XIV əsr müəllifi ibn Mühənnanın əsərlərində rast gəlinən "uğan" sözünün də "tanrı" mənasında işlənildiyi göstərilmişdir. 

Lakin sonralar türk dillərində "uğan" sözü əvvəlki mənasını itirmiş və tədricən tanrının sifətlərindən, keyfiyyətlərindən birinə çevrilmişdir.  

 Dilçi-alim, filologiya elmləri doktoruİ.Cəfərsoy “Türk dillərində teonim və etnonimlər” (2010) adlı əsərində yazır: “Uğan Xəzər nəsillərindən biridir. Xəzər xaqanı Yusif Kür Tuba (Kordova) xəlifəsinin vəziri milliyyətcə yevrey olan Xasday ibn-Şafruta məktubunda yazır ki, Uğan Xəzər nəslidir. Onların qalası, silahlı qüvvələri var. Qədim mənbələrdə Ukan adlandırılan uğanlar Troya dövründə Anadoluda yaşayırdılar. Bu barədə er.əv.18-ci əsrə aid Xett mixiyazılı mətnlərində bilgilər vardır. Həmin mətnlər Türkiyənin Boğaz köy muzeyində saxlanır. Uğanlar xettlərlə, daha sonra yunanlarla vuruşa-vuruşa Anadoludan Albaniyaya köçdülər. Albaniya tarixinin anti-türk tərcüməçiləri Uğan etnonimini Oqen kimi oxuyurlar. Onlardan fərqlı olaraq akademik Meşşanınov yazır ki, o xalqın adı Ukan olmuşdur. Ərəblər Albaniyanı tutanda uğanlar onlara tabe olmadılar, Qafqaz dağlarının o üzünə köçüb özlərilə eyni kökdən olan Xəzər xaqanlarına qoşuldular. Uğan teonim mənşəli etnonimdir, yəni o, əvvəlcə tanrı adı olmuş, sonra etnik ada çevrilmişdir. Mahmud Kaşğari yazır ki, türklər qadir allah nidasının sinonimi kimi Ukan Tenqri ifadəsini işlədirlər. Uğan kəndləri, qalaları dağılıb yer üzündən silinmiş, yalnız Oğuz bölgəsində Uğan mağarası qalmışdır”.

Bir sıra tədqiqatçılar "onqon" (totem) sözünü də "uğan"la (Allahla) əlaqələndirirlər. Mirəli Seyidov, İ.N.Berezin, D.K.Zelenin, İ.Əbdülqadir onqonla "uğan" ifadələrinin eyni kökdən olduğunu qeyd edirlər. Həmin mağara ilə bağlı görkəmli folklorşünas Sədnik Paşayev tərəfindən qeydə alınmış əfsanə yuxarıda irəli sürülən mülahizələrin inandırıcı olmasını daha da gücləndirir. Həmin əfsanəyə görə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında yerləşən dağdakı mağarada nəhəng bir çöl atı yaşayırmış. Kəhərsiz yaşayan bu at mağaranın qabağındakı qara qayaya sürtünər, yeddi ildən sonra biri gecə, biri də gündüz rəngində bir cüt qulun doğarmış. Mirəli Seyidovun fikrincə, bu əfsanə başdan-başa mifik təsəvvürlərlə, əski inamla bağlıdır. Mifik təsəvvürlərə görə daş bala verir, dölləndirirdi. Qədim zamanlarda türk xalqlarında atın önəmli olduğunu nəzərə alsaq, yol tanrısının nəhəng çöl atı şəklində onqon kimi qəbul edilməsi heç də təəccüblü olmamalıdır.

Həmçinin əfsanəvi atın dağdakı mağarada yaşaması dağa inamla səsləşir. “Türk xaqlarında belə bir inam varmış ki, qəhrəmanların atları Günəşdən gəlir. Onda bu nəhəng, əfsanəvi çöl atı da Günəşlə bağlı ola bilər. Çöl atının qara qayadan dölləşməsi daşa inamla səsləşir. Əski təsəvvürdə belə bir inam varmış ki, daş uşaq verir, dölləndirir. Nəhayət, əfsanədə Günəşlə bağlı atın gündüz və gecə rəngində qulun doğması məsələsinə qalanda göstərildi ki, at Günəşdən gəlib. Elə bu inama görə də at gecə və gündüz rəngində bala verirmiş. Sözsüz ki, balaların gecə (qara), gündüz (ağ) rəngində olması ilə xalq günəşin gecə-gündüz yaratmasını göz qarşısına gətirmiş və beləliklə də əksliklər, dual təşkilat quruluşu qanunlarını da vermişdir. Bəllidir ki, gecə-gündüz, qara-ağ dual təşkilat və əksliklər anlayışı ilə sıx bağlıdır”.

Bu mağara barədə daha geniş yazmaq olardı. Amma yaxşısı budur ki, gəlib öz gözlərinizlə görün! Çünki görməyə dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

 

                                                             

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.