TARİXİ ABİDƏLƏRİMİZ – Füzuli rayonundakı Mirəli türbəsi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Füzuli rayonunun Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi - Mirəli türbəsi barədə danışacağam sizlərə.

 

Abidə konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır.

 

Bir əfsanə söyləyim.

Mil-Muğan düzündə məşhur bənna öz şagirdi ilə birlikdə Peyğəmbər türbəsinin inşası ilə məşğul olur. Bu zaman, bənnanın şagirdinə Veycəlli kəndi yaxınlığında tübə inşasını xahiş edirlər. O, müəlliminin razılığını almadan işi öhdəsinə götürür. Gün ərzində Peyğəmbər türbəsində işini bitirdikdən sonra, gənc bənna Mir Əli türbəsində işə başlayır və gecə boyu inşaat həyata keçirir; gündüzləri isə yenidən müəlliminin yanına qayıdaraq Peyğəmbər türbəsində tikintiyə kömək edir.

Bir müddət sonra, nəhayət ki, Mir Əli türbəsinin inşası başa çatır. Yeni möhtəşəm günbəz haqqında xəbər bütün düzə yayılır və ustad bənnanın da qulağına çatır. Ustad yeni tikiliyə baxmaq üçün yola düşür. Məkana çatdıqda uzun müddət sakitcə dayanaraq gözəl əsəri müşahidə edir.

İş xarakteri və üslubuna görə, eləcə də digər ayırıcı məqamları nəzərdən keçirən ustad abidənin memarının kim olduğunu başa düşür. Qara həsəd və qəzəb ustadın fikrinə və qəlbinə yol tapır və o, şagirdin əllərini kəsir._

 

(Abidəni tədqiq etmiş İvan Şeblikinin Füzulinin Kürdlər kəndində yerli sakinlərin dilindən türbənin inşası ilə bağlı yazıya aldığı əfsanə)

 

Bu əfsanə regionda geniş yayılmış və müxtəlif mənbələrdə əks olunmuş, fərqli dövrlərdə, fərqli nəqllərlə müxtəlif abidələrə aid edilmişdir. Məsələn, Msxeta şəhərindəki Svetitsxoveli kafedralının inşa əfsanəsində də memarın əllərinin kəsilməsi əks olunur. Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında istedadlı memar Simnar inşa etdiyi binadan atılaraq öldürülür. Şəki xan sarayının memarı isə inşaatı bitirdikdən sonra gözlərindən edilir.

Qayıdaq abidəyə. Memarlıq xüsusiyyətlərinə görə Mirəli türbəsi Cəbrayıl rayonunun Şıxlar kəndindəki Şıx Baba türbəsi ilə oxşarlıq təşkil edir. Türbənin nə yeraltı, nə yerüstü hissəsində onun tarixi, memarı və ya kimə həsr olunduğunu bildirən hansısa kitabə yoxdur.  

 

Köhnə beşverstlik xəritələrdə abidə "Arğalı-gümbəz" adı ilə qeyd edilib. Türbə sıra dağların arasında yerləşən hündür zirvənin tam üstündə inşa edilib və sanki təpənin təbii davamına çevrilməklə uzaqdan rahatlıqla görünür. Xüsusilə gün batımı zamanı tündləşən dağların fonunda ağ daşlardan inşa edilmiş türbə sanki parıldayaraq diqqət cəlb edir. Günəşli günlərdə isə türbənin sərt silueti mavi səma fonunda şux rənglərə qərq olur.

 

İvan Şeblıkinə görə, abidə "orijinal forması, xətlərinin sərtliyi, gözəl silueti, hissələrinin proporsionallığı və detallarının sərifliyi ilə ilk baxışdan diqqət cəlb edir".

Türbənin inşa edildiyi təpənin enişində geniş qəbirsanlıq yerləşir. 

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.