Moskvada “Azərbaycan xalçası — yeni baxış” sərgisi davam edir

 

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə əlaqədar keçirilən “Moskvada Azərbaycan Günləri” festivalı çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) açılmış “Azərbaycan xalçası — yeni baxış” sərgisi davam edir.

AzərTAC xəbər verir ki, Heydər Əliyev Fondu və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilmiş sərgi fevralın 25-də XTNS-nin “Azərbaycan” pavilyonunda açılıb.

Ekspozisiyanın ziyarətçiləri Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olurlar.

Sərgidə nümayiş etdirilən xalçalar “Azərxalça”nın yaradıcı kollektivi ilə Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovun səmərəli əməkdaşlığının nəticəsidir.

Pavilyona gələnlər burada Heydər Əliyev Fondunun daha bir layihəsi - dahi Azərbaycan şairi və mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yaradılmış “Dildən dilə” ədəbi layihəsi ilə tanış ola bilərlər.

“Azərbaycan” pavilyonunun rəhbəri Səadət Qədirova AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, bu sərgi tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycan xalçaları həmişə yalnız məişət əşyası deyil, tarixə, mədəniyyətə və ənənələrə sədaqət rəmzi sayılıb. Xalçalar nəsildən-nəsilə keçir və hər xalça bir ailə yadigarıdır.

S.Qədirova daha sonra deyib: “Sərgidə əl işi olan Qarabağ naxışları, xalçaçılıq sənətinə yeni baxış, yeni rəng çalarları təqdim edilib. Qonaqlarımız toxucuların işinə heyran olur, biz isə ölkəmizə görə qürur hissi keçiririk”.

Sərgi 2022-ci il mayın 5-dək davam edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.