Rəngkarlıq xalqları birləşdirmək yolunda Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Uluslararası Aktivist Sənətçilər Birliyinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının və Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində “Sənətin Qardaşlıq Rəngi” adlı simpozium təşkil edilib.

 

Öncə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edillib, Azərbaycan Respublikası və Türkiyə Respublikasının  Dövlət Himnləri səsləndirilib. 

Tədbiri giriş sözü ilə açan Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru şair İbrahim İlyaslı qonaqları salamlayaraq rəsm sənəti üzərindən Türkiyə və Azərbaycan arasında bir körpü qurulmasının həm dərin məna, həm də tarixi əhəmiyyət daşıyan bir fəaliyyət olduğundan, İncəsənətin müxtəlif növlərində müştərək layihələrin həyata keçirilməsi ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmasından danışıb.

Uluslararası Aktivist Sənətçılər Birliyinin Azərbaycan təmsilçisi Nəvai Metin və türkiyəli rəssam Elif Şahin Altunkaya, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı-jurnalist Eyruz Məmmədov, yazıçı, dramaturq, kulturoloq Hafiz Ataxanlı və digər rəssam, şair və yazıçıların çıxışlarında yaradıcılığın gücünün təbliğat vasitəsi olaraq sülhə, Türkiyə-Azərbaycan qardaşlığına əvəzsiz xidmət etdiyi, töhfə verdiyi vurğulanıb. Bir millət, iki dövlət sloqanının, Turan ideyasının sarsılmaz türk birliyi üçün böyük zəmin olduğu ifadə edilib. Həmçinin belə uğurlu sənət mübadilələrini mütəmadi şəkildə gerçəkləşdirmək arzusu dilə gətirilib.

Tədbirdə dekorativ-tətbiqi sənət ustalarının əl işləri nümayiş olunub.

Sumqayıt Musiqi Kollecinin kollektivi musiqi nömrələri ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.