DİQQƏT! Yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunub Featured

Bakıda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar olunub. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib. Abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib. Əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.

Buna baxmayaraq yanvarın 19-da qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.

Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.