Qarabağ xanlığının ilk qalası - Bayat qalası Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Tariximiz və abidələrimiz mövzusunda söhbətimizi davam etdiririk. 

Qarabağ xanlığı ərazisində salınmış ilk qala Bayat qalası olmuşdur. Bu qala, Kəbirli mahalında, Ağcabədi yaxınlığında yerləşirdi və 1748-ci ildə Pənahəli xan tərəfindən inşa edilmişdi. 

 

Bayat qalasının əsas tikilmə məqsədi müdafiə idi. Qala divarlarının ətrafında düşmən hücumları zamanı içərisi su ilə doldurulan dərin və enli xəndəklər qazılmışdı. Bu, düşmənin qalaya yaxınlaşmasını çətinləşdirərək müdafiə imkanlarını artırırdı.

Bayat qalasının tikintisi yalnız hərbi əhəmiyyət daşımırdı. Xan ailəsi ilə yanaşı, qalada yaşayış üçün müxtəlif sənətkarlar və zərgər ustalar da məskunlaşmışdı. Onların arasında ətraf kəndlərdən gələn sakinlər və hətta Təbriz və Ərdəbil şəhərlərindən köç edən sənətkarlar da vardı. Bu, qalanın həm iqtisadi, həm də mədəni mərkəzə çevrilməsinə töhfə vermişdi.

Bayat qalasının inşası və Qarabağ xanlığının güclənməsi bölgədəki xristian məliklər arasında ciddi narahatlıq yaratmışdı. Onlar Pənahəli xanın güclənməsini öz mövqeləri üçün təhlükə olaraq görürdülər və onun təsir dairəsini məhdudlaşdırmağa çalışırdılar. Lakin Pənahəli xan məharətli siyasəti və hərbi gücü ilə məlikləri özündən asılı vəziyyətə salmağı bacarmışdı.

Bayat qalası beş il ərzində Qarabağ xanlığının paytaxtı olmuşdur. Buna baxmayaraq, bu ərazi strateji baxımdan o qədər də əlverişli deyildi. Bunun səbəbi, qalanın düşmən hücumlarına qarşı daha zəif mövqedə yerləşməsi idi. Bu vəziyyət Pənahəli xanı yeni bir paytaxt-qala tikdirmək qərarına gətirdi. Yeni paytaxtın əsası əvvəlcə Şahbulaq qalasında qoyuldu. Daha sonra isə Pənahəli xan strateji mövqeyi daha güclü və müdafiə imkanları daha geniş olan Şuşa qalasını inşa etdirərək oraya köçdü. Şuşa qalası Qarabağ xanlığının siyasi, hərbi və mədəni mərkəzi olaraq tarixdə öz əhəmiyyətini qorudu. 

 

Beləliklə, Bayat qalası Qarabağ xanlığının təşəkkülü və inkişafında mühüm rol oynamış, lakin daha əlverişli yerlərdə inşa edilən qalalar ilə əvəz edilmişdir. Bu qala Qarabağ tarixində xanlığın ilk paytaxtı olaraq xüsusi bir yer tutur.

Təəssüf ki, bu gün Bayat qalası mövcud deyil. Amma inanırıq ki, tezliklə bu abidəmiz keçmişdəki görkəmində yenidən inşa  olunacaqdır. Çünki tariximizi silinməyə gərək qoymayaq. 

 

Qapaq şəklində: Bayat qalası bax belə idi.

Mətn şəklində: İndi isə…

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.